Canlı əfsanədən şəraitsiz rayonunun uşaqlarına ustad dərsi

Rasim Nəsib oğlu Əsgərov Rusiyanın Anapa şəhərinin idmanının canlı əfsanələrindəndi. 
O uzun illərdi bu kurort şəhərində məşqçi kimi fəaliyyət göstərir. 

Rasim Əsgərov doğulduğu Gədəbəy şəhərində mərhum Sabir Məhərrəmovun rəhbərliyi ilə güləşin sirrlərinə yiyələnib. 

Orta məktəbi bitirən kimi Anapaya köçüb və gənc yaşlarında məşqçilik fəaliyyətinə başlayıb. 
Əsgərovun neçə yetirməsi dünya və qitəmiqyaslı turnirlərdə ən yüksək əyarlı medallar qazanıb. 

Rasim müəllim doğma elinə qonaq gəlib. Və fürsətdən istifadə edib bu gün Gədəbəy Uşaq Gənclər və İdman Məktəbində balaca güləşçilər üçün ustad dərsi keçib. 

Sports.az saytının baş redaktoru Anar Şabanoğlu da master-klassı izləyənlər arasında olub. 
Gədəbəyli güləşçilər üçün təcrübə və gəncliyin vəhdətindən ibarət məşqçi heyəti qurulub.

Elman Süleymanov, Elgün Səfərov, Rüfət Quliyev və Kamil Quliyev istedadlı güləşçilərin yetişməsi üçün böyük həvəslə çalışır. Gədəbəy UGİM-in yetirməsi olan Rüfət Quliyev idmançı karyerasını erkən bitirsə də, legioner gətirməyi xoşladığımız Dağıstanda bir neçə il öncə keçirilən beynəlxalq turnirdə o cümlədən yerli güləşçilərə də qalib gələrək çempion olmağı bacarıb. Elgün Səfərov isə Yekaterinburqda keçirilən Rusiya çempionatında ikinci yer tutub.

Gədəbəy UGİM-də güləşlə yanaşı boks, atletika, voleybol, stolüstü tennis, şahmat və başqa idman növləri var. Son Yay Olimpiya Oyunlarında cüdodakı uğurlu çıxışımızdan sonra hər yerdə olduğu kimi Gədəbəydə də bu növə xüsusi maraq yaranıb. Doğrudur indiyə kimi Gədəbəy UGİM-də bu növ də olub. Amma yerli mütəxəssis qıtlığına görə hazırda durğunluq yaranıb.

Dağlıq rayonda məşqçilər və uşaqlar nə qədər həvəslə çalışsalar da, şərait çox bərbaddı.
Paltardəyişmə, duş otaqlarının, havalandırma sisteminin yoxluğu, qışda istilik sisteminin olmaması burda məşq etməyi məşəqqətli və təhlükəli bir işə çevirir. 

Baxımsız vəziyyətdə olan Gədəbəy stadionunun acınacaqlı halına görə futbol bölməsi də yoxdu. 

Yüksək potensiallı, yüzminlik sərhəd  rayonunda nə stadionun, nə normal idman zalının, nə uşaqların yetişməsi üçün futbol bölməsinin olmaması çox böyük təəssüf doğurur. 

Ölkə idmanına edilən böyük yatırımlar, dövlət tərəfindən bu sahəyə göstərilən böyük qayğı fonunda Gədəbəydə belə bir durumun olması ürəkağrıdıcıdı. Gədəbəyli uşaqların, yeniyetmələrin, gənclərin başqa rayondan olan həmyaşıdları ilə müqayisədə bu mənada bəxtləri gətirməyib.

Konkret Gədəbəy şəhərində UGİM və stadiondakı şəraitsizliyin səbəbini də öyrəndik. UGİM binası və stadion özəlləşdirilib. Buna görə AGİN təmir üçün vəsait ayıra bilmir. 

Bəs görəsən gədəbəyli uşaqların sağlam gələcəyini, Azərbaycan idmanına verə biləcəkləri faydanı kim düşünəcək?

Bu uşaqların və ümumiyyətlə, Gədəbəy idmanının ümidi Allaha qalıb...

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar