“Azərbaycanda tennisin inkişafı ilə bağlı məlumatım məhduddur...” - Milli tennisçi

Tennis beyinin hər iki yarımkürəsini inkişaf etdirən nadir idman növlərindən sayılır.
SSRİ dövründən müəyyən ənənələrimiz olsa da, təəssüf ki, bu elit növ ölkəmizdə hələlik çox da inkişaf etməyib.
Amma aşağı reytinqli ölkələr arasında zaman-zaman kiçik uğurlar qazanırıq.
Bugünkü müsahibimiz Səfər Rəsulov da bu uğurlarda az da olsa, pay sahibidi.
Səfərin "Devis Kuboku"nda Ermənistan üzərində qələbəmizdəki əməyi xüsusən yaddaqalandı.
Səfər Rəsulov 2003-cü ildə Moskva şəhərində anadan olub. O, 6 yaşından Berlində tennislə məşğul olmağa başlayıb. 2012-ci ildə U-9 Berlin çempionatında qalib gələn idmançı 2012-ci ildən karyerasına Madriddə davam edib. 2015 və 2018-ci illərdə "Madrid Masters"də, 2017-ci ildə Madrid U-14 çempionatında qalib gəlib.
Səfər Rəsulov 2021-ci ildə Amerikanın "Embry Riddle Aeronautical" Universitetinə qəbul olub. Hazırda "Software Engineer" fakültəsində təhsilini davam etdirir. Səfər "Embry Riddle Aeronautical" Universitetində atletik və akademik təqaüd alır. İdmançımız Azərbaycan dili ilə yanaşı rus, ingilis, ispan və alman dillərində danışa bilir.
Sports.az hazırda ABŞ-da yaşayan tennis üzrə milli komandamızın üzvü Səfər Rəsulovla müsahibəni təqdim edir.
- Tennis karyeranıza necə başladımız?
- Tennislə tanışlığım təsadüfi olub — evimizin yaxınlığında klub fəaliyyət göstərirdi və valideynlərim məni ora apardı. İlk vaxtlarda bu, sadəcə bir məşğuliyyət kimi nəzərdə tutulsa da, zaman keçdikcə dərin maraq yarandı və tennis həyatımın ayrılmaz hissəsinə çevrildi. 9 yaşımda ailəmin İspaniyaya köçməsi ilə daha ciddi məşqlərə başladım və turnirlərdə iştirak etdim. Xüsusi tennis mühiti ilə seçilən İspaniya mənim inkişafımda mühüm rol oynadı.
- Tələbə həyatı karyerana mane olmur?
- Hazırda ABŞ-da, Florida ştatında yerləşən "Embry-Riddle Aeronautical University"də tam təqaüdlə təhsil alıram. Burada "Aviasiya" ixtisası üzrə bakalavr təhsilimi başa vurmaqla yanaşı, bu sahənin İdarəçiliyi üzrə MBA proqramını da davam etdirirəm. Bu mənə həm akademik, həm də idman baxımından yüksək səviyyədə inkişaf imkanı yaradır. Milli komandamızın üzvüyəm və “Davis Cup” yarışlarında iştirak edirəm. Lakin, bu yay universitetdə yay dərslərim olduğu üçün millimizə qoşula bilmədim.
- Tennisin sənin üçün daha çox bir hobbi olduğunu deyə bilərik?
- Tennis mənim üçün heç vaxt hobbi olmayıb — bu, mənim rəqabət apardığım və peşəkar səviyyədə məşğul olduğum idman növüdür. Tennis üzrə İdman ustası (Master of Sports) tituluna sahibəm. Hobbi olaraq gördüyüm idman növləri var, məsələn boksdan zövq alıram və asudə vaxtlarımda məşğul oluram. Amma tennis qətiyyən hobbi deyil, peşəkar yolumdur.
- Dünyanın aparıcı tennis ölkələrində yaşamısınız, məşq etmisiniz. Azərbaycanda tennis niyə inkişaf etmir?
- Hər şey tələbata bağlıdır, Azərbaycanda tennisin hələ inkişaf etməməsinin əsas səbəbi odur ki, ölkədə daha çox cüdo, güləş və boks kimi ənənəvi idman növlərinə üstünlük verilir. Xüsusilə də cüdo məktəbimiz dünyanın ən yaxşılarından sayılır. Buna görə də uşaqlar və valideynlər əsasən bu idman növlərinə yönəlirlər, tennis isə hələ ki, geniş yayılmayıb.
- Bəlkə əsas səbəb tennis dərslərinin həddindən artıq baha olması və pulsuz seksiyaların yoxluğudu? Uşaqda istedad olsa belə hər valideynin buna maddi imkanı çatmır.
- Tennis məktəbləri dünyanın heç bir yerində ödənişsiz fəaliyyət göstərmir. Azərbaycan da bu baxımdan istisna deyil. Harada olursa-olsun, tennis dərslərinə, avadanlıqlara və digər xərclərə görə maliyyə vəsaiti tələb olunur. Düzdü, mən İspaniyada yaxşı nəticələr göstərib mühüm turnirlərdə qalib gəldiyim üçün Madrid Tennis Federasiyasından ödənişsiz məşq imkanı qazanmışdım. Amma o yerə çatmaq üçün də, xərc çəkməli, uzun illər məşq etməli, çalışmalısan.
- Tennis nadir idman növlərindəndi ki, beyinin hər 2 yarımkürəsini inkişaf etdirir. Azərbaycanda bu növün, xüsusən uşaq tennisinin inkişafı üçün şərait varmı? Şərait dedikdə məşq üçün kifayət qədər kortlar, peşəkar uşaq məşqçiləri və s. nəzərdə tutulur.
- Öncə vurğuladığım kimi, Azərbaycanda tennis hələ yüksək səviyyələrə çatmayıb, amma gələcək perspektivdə bu idman növünə maraq artdıqca nəticələr də yüksələcək. Qeyd etdiyim kimi, ölkəmizdə daha çox digər idman növlərinə üstünlük verilir. Məsələn, İspaniyada əsas idman növləri futbol, tennis və basketbol olsa da, güləş, boks və cüdo məktəbləri Azərbaycanın səviyyəsinə yaxın düşə bilməz. Döyüş növlərində Azərbaycan kifayət qədər güclüdür və yüksək xətlə inkişaf edir.
- Azərbaycan Tennis Federasiyası 30 ildi yaranıb. Fikrinizcə bu müddətdə hansı doğru işlər görülüb, hansı işləri görmək olardı, amma görülməyib?
- Mən beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmişəm, lakin ömrümün böyük hissəsini xaricdə yaşadığım üçün ölkədə tennisin inkişafı ilə bağlı məlumatım məhduddur...