“Qarabağ” artıq ortabab komanda olmaqdan çıxır”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində bu gün son oyununa çıxacaq. Azərbaycan çempionu Tofiq Bəhramov adına Respublika Stadionunda “Frayburq”a qarşı keçirəcəyi həlledici matçda qalib gələrək, ikinci yerdən pley-offa yüksəlməyi hədəfləyir. 

Futbol ictimaiyyəti Ağdam klubundan doğma azarkeşlər önündə qələbə gözləyir. Azərbaycan millisinin məşqçisi Arif Əsədov da uğurlu nəticəyə ümid edir. Vaxtilə “Qarabağ”ın formasını geyinmiş Əsədov Sports.az saytına müsahibəsində komandanın çıxışını dəyərləndirib. 

- “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “Frayburq”la keçirəcəyi oyundan nə gözləyirsiniz?
- “Qarabağ” son iki oyunda xallar itirərək işini çətinləşdirdi. Halbuki “Frayburq”la görüşə daha rahat çıxa bilərdi. Ancaq yenə də hər şey özündən asılıdır. Qrupda digər matçın nəticəsindən asılı olmayaraq, almanlar üzərində qələbə “Qarabağ”ı pley-offa daşıyacaq. Rəqib qrup birinciliyini təmin edib, heç bir iddiası qalmayıb. Heyətdə dəyişikliklər edərək ehtiyat qüvvə ilə çıxış edə bilərlər. Amma bu o demək deyil ki, meydana çıxan futbolçular motivasiyasız olacaq. Əksinə, bəzən görürsən ki, ehtiyat qüvvə daha istəkli oynayır. Bu baxımdan görüşün çətin keçəcəyini düşünürəm. 

- “Qarabağ” oyunlara sanki uğursuz start götürür. Bunu nəzərə alsaq, qarşılaşmaya bir qədər ehtiyatlı başlamaq daha yaxşı olmaz?
- Almaniyadakı matçda da gördük ki, “Frayburq” mübarizəyə yaxşı qoşulur. Bu mənada startda diqqətli olmaq, oyunu hiss eləmək lazımdır. “Qarabağ” ilk 15 dəqiqəni kəşfiyyat xarakterli keçirməlidir. Çünki təmsilçimiz oyunun gedişində tempə düşür. “Qarabağ”ın öz oyun stili var, müdafiəyə oturmayacaq. Ancaq yenə də diqqətli olmaq lazımdır. Xüsusən də, ilk dəqiqələrdə qol buraxmamaq vacibdir. Erkən top buraxmaq komandanın bütün qüvvə ilə irəli atılmasını şərtləndirə bilər ki, bu da rəqibə əks-hücumlar zamanı ciddi şanslar verər. Dəqiqələr keçdikcə tempi tutmaq lazımdır ki, istədiyinə nail ola biləsən. 

- “Qarabağ” qrupdakı son iki oyununda “Olimpiakos”la qolsuz bərabərə qaldı, “Nant”a son dəqiqə qolu ilə (1:2) məğlub oldu. Bu enişin səbəbini nədə görürsünüz?
-  Bunu eniş kimi qiymətləndirmirəm. Sadəcə, diqqətsizlik, fərdi səhvlər nəticəsində üstünlüyü əldə verdilər. Bakıda 90 dəqiqəni daha diqqətli keçirmək, konsentrasiyanı itirməmək vacibdir. Futbolda bir dəqiqənin də öz hökmü var. “Nant” məhz əlavə olunmuş dəqiqələrdə qol vuraraq qələbə qazandı. 

- Prestij baxımından Avropa Liqası, daha çox irəliləmək üçün isə Konfrans Liqasında davam etmək uyğun görünür. Siz hansının tərəfdarısınız?
- “Qarabağ” artıq neçə ildir ki, avrokubokların qruplarında iştirak edir. Əgər komanda inkişaf eləmək istəyirsə, Avropa Liqasında pley-offa yüksəlməlidir. Çünki bu turnirdə irəlilədikcə daha səviyyəli komandalarla qarşılaşırsan. “Barselona”, “Yuventus”, “Sevilya”, “Ayaks” adı nəyə desən dəyər. Bu o deməkdir ki, “Qarabağ” artıq ortabab komanda olmaqdan çıxır, Top-səviyyəyə yaxınlaşır. Bu cür rəqiblərlə də qarşılaşdıqda onların səviyyəsinə çatmaq üçün nələr etmək lazım olduğunu biləcək, boşluqlarını görəcək. Məhz böyük klublarla qarşılaşmalar sənin ora hazır olub-olmadığını göstərir. Ancaq oyun sayının artması, daha da irəliləmək üçün Konfrans Liqası yaxşıdır. Məncə, daim yüksəkliyi düşünməlisən. 

- Qrupun digər cütündə “Nant” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. Yunanlar asan təslim olcaqlar?
- Orada da “Nant”ın yüz faiz qalib gələcəyini deyə bilmərəm. Çünki “Olimpiakos” inkişafdadır. Baş məşqçi yenidir, oyundan-oyuna komanda onun sisteminə uyğunlaşır. Orada da istənilən nəticə qeydə alına bilər. Yəni “Qarabağ” oyuna rahat çıxmalıdır, itirəsi bir şey yoxdur. Təbii ki, qələbə qazanıb pley-offa adlamaq daha yaxşıdır. Lakin ən pis halda Konfrans Liqasında mübarizə davam edəcək. Buna görə də meydana rahat, həyəcansız çıxmaq lazımdır. 

- Bir az da yığma barədə danışaq. Azərbaycan millisi bu ay Moldova və Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək. Toplanış öncəsi yerli futbolçuların durumu qaneedicidir?
- Baş məşqçi də daxil olmaqla hamımız oyunlarda iştirak edir, həm ölkə daxilində, həm də xaricində oynayan futbolçuları daim izləyirik. Bizi əsas düşündürən məqam odur ki, oyunçularımız zədədən uzaq düşsünlər. Azərbaycan çempionatında bəzi oyunlar yüksək tempdə keçir. Bu bizə ümid verir. Çünki həmin tempdə futbolçular daha yaxşı formada görünürlər. Məsələn, “Neftçi” – “Sabah”, “Qarabağ” – “Sabah”, “Qarabağ” – “Neftçi”, “Qəbələ” - “Sabah” matçlarını vurğulayardım. Belə görüşlərdə yüksək temp olanda futbolçuların performansı da yaxşı mənada görünür. 

- Millinin hücumçuları Ramil Şeydayev və Musa Qurbanlının bombardirlər yarışına başçılıq etməsini yığma üçün üstünlük saymaq olar?
- Göz dəyməsin, Musa ilə Ramilin oyunu ürəkaçandır. Sevindirici haldır ki, artıq yerli futbolçular bombardirlər yarışına başçılıq edir. Üstəlik, hər ikisi fərqli üslubda oyunçudur. Musa daim cərimə meydanı daxilində öz şansını axtarıır. Tipik 9 nömrə kimi oynayır və qol duyumu yüksəkdir. Hər ikisinin əla formada olması bizim üçün də yaxşıdır. Onların sayəsində fərqli üslublarda çıxış etmək də mümkündür. Hətta lazım gələrsə, hər ikisindən eyni anda yararlana bilərsən. Eyni mövqedə nə qədər çox futbolçu olsa, rəqabətə bir o qədər köməyi dəyir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar