"Yığmada möhkəmlənmək şansım yox idi"
“Qarabağ”ın və millimizin yarımmüdafiəçisi Filip Ozobiç “Matç TV”yə geniş müsahibə verib. Xorvatiyalı futbolçu “Spartak”a keçməsindən, Rusiyadakı karyerasından, Moskvada başına gələnlərdən danışıb.
Sports.az kiçik ixtisarla müsahibəni təqdim edir:
– 14 ildən sonra yenidən tale səni Çempionlar Liqası oyununda Stanislav Çerçesovla görüşdürdü. Bakıdakı matçdan sonra hansınız birinci yaxınlaşıb qucaqlaşdız?
Mən. Axı məşqçidən yaşca balacayam. Ona görə də hörmət göstərmək lazımdır. Çerçesovu görməyə şad oldum, oyundan sonra bir az söhbət etdik. Biz axı uzun müddət idi ki, görüşmürdük. Amma hələ Budapeştdə (müsahibə cavab oyunundan əvvəl olub) yenə üz-üzə gələcəyik. Təəssüf ki, o vaxt “Spartak”la müqavilə bağlayanda Xorvatiyada qaldım, o dəqiqə gəlmədim Rusiyaya, yoxsa bir yerdə işləyərdik.
– Çempionlar Liqasında (ÇL) “Spartak”ın futbolçusu olarkən oynamısan. Yenidən ÇL-in himnini dinləmək realdır?
Onda hələ çox gənc idim, az oynayırdım. Yenidən ÇL-də oynamaq istəyirəm. Bu, hər bir futbolçunun arzusudur. Əminəm ki, biz “Ferentsvaroş”u keçə bilərik.
- “Spartak”la müqavilə bağlayanda Çerçesov baş məşqçi idi. Həmin vaxt onunla danışmışdın?
- Əlbəttə, həmin vaxt “Spartak” İspaniyada təlim-məşq toplanışında idi. Ora gəldim bir neçə məşqə çıxdım ki, məşqçi məni qiymətləndirsin. Yenə təkrar edirəm ki, o dəqiqə “Spartak”a gəlmədiyim üçün çox təəssüflənirəm. Həmin vaxt 16,5 yaşım var idi, 18 yaşıma kimi Xorvatiyada qaldım. “Spartak”a artıq Valeri Karpinin dövründə gəldim.
– 16 yaşında bu cür populyar kluba keçmək necə bir hiss idi?
Xorvatiyada bəlkə də başa düşmürlər, bu necə klubdur. Lakin Moskvada olanda, fanatları və stadionu görəndə şübhən qalmır ki, bu, Rusiyanın ən böyük və ən yaxşı komandasıdır. O dəqiqə müqavilə bağlamağa razılıq verdim. “Spartak”da oynayıb uğurlar qazanmaq istəyirdim. Yəqin ki, belə klubda gənc oyunçunun özünü göstərib inkişaf etməsi üçün vaxt yoxdur. İş elə gətirdi ki, əsas heyətdə cəmi bir neçə oyun keçirdim.
– Sən deyirdin ki, “Spartak”a keçməyə Pletikoşa məsləhət verib. Transferdə onun hansı rolu olmuşdu?
– Bizim menecerimiz eyni idi. Stipe ilə görüşdük, o, şəhər, ölkə, komanda, klub barədə yaxşı şeylər danışdı. Dedi ki, yaxşı məşq edib öz şansını gözləməlisən. Xəbərdarlıq elədi ki, asan olmayacaq. Gələndə isə o artıq klubdan ayrıldı və məni Moskvada tək qoydu. (gülür)
– 18 yaşlı oğlana böyük şəhərə uyğunlaşmağa kim kömək etdi?
– Boş vaxtlarımda Qızıl Meydanın yanındakı xorvatların işlətdikləri “Dorian Qrey” restoranına gedirdim. Mənə adaptasiya olmaq rahat idi.
– “Spartak”ın gənclər komandasında sən çempion, ən yaxşı bombardir oldun. Səni ən yaxşı futbolçu seçdilər və 2010-ci ilin ən gözəl qolunun müəllifi. Əvəzedici heyətdə lider olsan da, əsas komandada demək olar ki, oynamadın.
– Deyə bilmərəm ki, Karpin mənə etimad göstərmirdi. Sadəcə həmin vaxt Aleks start heyətində oynayırdı. O, çox böyük futbolçu idi və onunla rəqabət aparmaq çətin idi.
– Əsas heyətə düşmək heç cür mümkün deyildi?
– Yəqin ki, olardı. Ancaq mən icarəyə getdim və zədə aldım, ona görə də az oynadım. “Spartak”a qayıdanda isə artıq danışdıq ki, mən gedəcəm. Bu qərara görə çox pis oldum, çünki klubda hamının mənə münasibəti yaxşı idi. Özümü ailədəki kimi hiss edirdim və “Spartak”da olmaq çox xoş idi.
– Fedunla nə vaxtsa danışmışdın?
Yox. Onun hələ də saçları uzundur və qara eynək taxır? Hə, deyəsən oyunlardan sonra paltardəyişmə otağında görmüşdüm onu.
– Fedun 2010-cu ildə komandaya demişdi ki, gələn mövsüm çempion olacağıq, nəticədə gümüş qazanıldı. Yəqin çox məyis olmuşduz?
– Çox. Biz çempion olmaq istəyirdik. Bu, hər futbolçunun arzusudur. Ancaq mənim Rusiya çempionatından iki gümüş medalım qalıb, bir qızıl medal isə əvəzedicilərdən. Medallarım evdədir və mənim minimuzeyimdə xüsusi yer tuturlar.
– Karpin deyirdi ki, “ona Rusiya pasportu verilsəydi, hər şey yaxşı olardı”. Bu real ola bilərdi?
– Mən gənc idim, öz gələcəyimi Xorvatiya millisində görürdüm. Yığmada iki yoldaşlıq oyunu keçirdim, başqa heç nə. Yığmada möhkəmlənmək şanslarım yox idi. Sonra “Qəbələ”yə keçdim, ordan da “Qarabağ”a. Azərbaycan vətəndaşlığını qəbul etdim və millinin oyunçusu oldum.
– “Spartak”da Valeri Karpin iki vəzifəni tuturdu. Qələbə qazandığınız oyunlardan sonra baş direktordan mükafat barədə soruşmaq yəqin ki, asan olardı?
– A-ha-ha. Mən gənc idim və pul istəyə bilməzdim. Bunun üçün komandada daha təcrübəli futbolçular var idi. Əgər həmin vaxt indiki yaşım olsaydı, yaxınlaşıb deyərdim ki, mükafatı iki dəfə artırmaq lazımdır. (gülür)
– Bəs “Spartak”da nə qədər mükafat verirdilər?
– Ən böyük məbləğ Çempionlar Liqası oyunlarında olurdu. Mən “Jilina”ya qarşı 40 dəqiqə oynamışdım.
– Nə qədər?
– Düzü yadımda qalmayıb. (gülür). Amma 19 yaşlı oğlan üçün böyük məbləğ idi.
– 10 min avrodan çox idi?
– Bəli.
– 50 mindən də çox idi?
– Yox, çətin ki. (gülür)
– Rusiyada tez-tez deyirlər ki. legionerlər bura pula görə gəlirlər. Sən 16,5 yaşın olanda hansı məqsədlə gəlmişdin?
– Dəqiq futbol oynamağa. Hərçənd maaş da çox vacibdir, sən bu pulla yaşamalısan, doğmalarına kömək etməlisən. Ancaq mənim üçün futbol həmişə birinci yerdə olub.
– “Spartak”da sənin maaşın çox artdı?
– Mən Xorvatiyada əməkhaqqı almırdım ki. Çünki müqaviləm yox idi. Odur ki, ilk pullarımı Moskvada qazanmışam.
– İlk maaşını nəyə xərclədin? Maşın almağa bəs elədi?
– Yox, yox. Əsas heyətə düşəndə gördüm ki, hamıda Gucci, Louis Vuitton var. Növbəti gün Mərkəzi Univermağa getdim və 3 saatdan sonra maaş qalmamışdı. (gülür) Əsas odur, dəbli firmaların paketləri ilə çıxdım.
– Sənin bəxtin gətirib ki, həmin vaxt bu fotoları sosial şəbəkələrdə paylaşmamısan. Bu yaxınlarda “Spartak” azarkeşləri Urunovu belə şoppinqə görə “məhv elədilər”. Onunla komanda yoldaşları da məzələnirdi. Səninlə “Spartak”da zarafat etmirdilər?
– Gülməlidir, əlbəttə. Amma heç kim heç nə soruşmadı. Amma ömrü boyu unutmaram ki, ilk maaşımı Univermaqda xərclədim.
– Pullardan, böyük şəhərdən “başın getmədi ki”?
– Mən Podmoskovyada bazada qalırdım və ancaq futbol haqqında fikirləşirdim. Maşınım yox idi, elektriçka ilə Tarasovkaya, bazaya gedirdim-qayıdırdım. Amma çox vaxt taksidə getməli oldurdum. Özüm üçün qərar vermişdim ki, avtomobil sürməyə dəyməz, böyük tıxaclar var. Ancaq səhər saat 10-dan sonra yol bir az düzəlirdi. Səhər tezdən isə ən yaxşısı metroya düşmək idi.
– Əvəzedici heyətin və ikinci komandanın oyunlarında stadionda çoxlu qızlar görmək mümkündür. Onlar oyuna yox, futbolçulara baxmağa gəlirlər. Sənin vaxtında futbolçulardan kiməsə stadionda “girişməyə” çalışırdılar?
– Ola bilsin ki, olub belə şey. Həmin vaxt mənim sevgilim var idi, ona görə də heç kimin şansı yox idi.
– Həmin qız həyat yoldaşın oldu?
– Yox. Amma şəxsi həyatımda hər şey qaydasındadır, nişanlıyam. Toy tarixini hələ müzakirə edirik, ola bilsin ki, gələn yay edək. Sıx təqvimə görə boş vaxt tapmaq çox çətindir. Hələ üstəlik iyunda Millətlər Liqası oyunları da əlavə olundu.
– Qıza necə təklif etdin? Qol vurdun, tribunalara tərəf qaçıb cibindən üzük çıxardın?
– Mən belə romantik deyiləm. (gülür).
– Sənin artıq 31 yaşın var. Gələcəyin haqqında düşünürsən?
– Hələ oynamaq istəyirəm. Çətin ki, 40 yaşıma kimi qaçım. Amma istərdim ki, gələcək oğlum məni tribunadan izləsin və əli ilə salamlasın. (Msport.az)