\"Qarabağ\" Azərbaycana yaraşmayan futbol oynadı 

"Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanda "Ferenstvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib ki, biz Azərbaycana yaraşan futbol oynadıq. 

Tahir bəyin bu sözü kökündən yanlışdır və buna futbolumuzdan xəbərsiz adamlar inana bilər. Biz Azərbaycana yaraşan yox, Azərbaycana yaraşmayan futbol oynadıq. Azərbaycana yaraşan futbol oynasaydıq, uduzardıq. "Qarabağ"ın Budapeştdə sərgilədiyi oyun Azərbaycan adına layiqdisə, onda bizim ölkənin hər şəhərində, hər rayonunda, kəndində futbol meydançaları, uşaqların yetişməsi üçün məktəblər, akademiyalar olmalıdır. 

Varmı? 

Azərbaycan futbolunun güzgüsü milli komandalar və futbolumuzun xaricdə oynayan yetirmələridir. Əsas milli komandamız indiyəcən bircə dəfə də, Avropa və Dünya çempionatlarının final mərhələsinə yüksəlməyib. Olimpiya millimiz indiyəcən bir dəfə Olimpiya Oyunlarına çıxa bilməyib. Milli komandalarımıza balaca uşaqları da xaricdən tutub gətirirlər ki, bəlkə, uğur qazanaq. Amma olmur. Çünki bu işlər belə görülmür. Sənin özünün infrastrukturun, uşaq-yeniyetmə futbol strategiyan, bunun üçün hərtərəfli şəraitin, mütəxəssislərin yoxdusa, dünyada üzünü ağ edəcək milli komandan, futbolçun da ola bilməz. 

"Qarabağ"ın uğurlarını Azərbaycan futbolunun səviyyəsi ilə eyniləşdirmək və "Qarabağ"ın uğurlarını bötövlükdə Azərbaycan futbolunun inkişafı kimi təqdim etmək tamamilə səhv yanaşmadır və əsassızdır. Çünki "Qarabağ"ın qazandığı uğur, oynadığı futbol Azərbaycan futbolunun real durumu ilə uzlaşmır. "Qarabağ"ın uğurları birbaşa Qurban Qurbanovun zəhmətinin və fitri istedadının nəticəsidir. Futbol tariximizdə bu şəxsiyyətdə, bu çalışqanlıqda və öz üzərində daim işləyən ikinci belə bir adam tanımıram. 

Sənətkar, yazıçı, rəssam anadan sənətkar, yazıçı, rəssam doğulur və zəhməti ilə öz fitri istedadını cilalayır, onu dünyada gedən proseslərə qoşur. Qurban Qurbanov da anadan məşqçi doğulub. El dili ilə desəm, onun məşqçilik vergisi var. O, öz zəhməti ilə özünü dünya futbolunun tərkib hissəsinə çevirməkdədir. Belə bir düha nə yaxşı ki, bizim qismətimizə düşüb. Onu görürük, uğurlarına şahidlik edirik, sevinirik, öyünürük. Ancaq bu o demək deyil ki, yenə deyirəm, "Qarabağ" ın qələbələri Azərbaycan futbolunun uğurudur. 

"Qarabağ"ın heyətinə baxsaz görərsiniz ki, futbolçuların böyük əksəriyyəti gəlmədir. Dünən "Qarabağ"da meydana çıxan 15 futbolçudan yalnız 3-ü Azərbaycan futbolunun yetirməsi idi. Bəhlul Mustafazadə zamanında ölkədə uşaq futboluna ən çox diqqət ayırmış "Qəbələ" Uşaq Futbol Akademiyasının, Toral Bayramov isə səhv etmirəmsə, "Xəzər Lənkəran"ın yetirməsidir. İndi "Xəzər Lənkəran" yoxdur. "Qəbələ" Akademiyası etiraf etmək lazımdır ki, infrastrukturuna görə ölkədə və Qafqazda bəlkə də, ən yaxşıdır. Amma klubun maliyyə imkanları pisləşib deyə Akademiyanın da başını buraxıblar. Qara Qarayevi isə "Qarabağ" özü yetişdirib. Vaxtilə klub uşaq futbolu üçün Türkiyədən tanınmış mütəxəssislər cəlb edib. Onlar qısa zamanda sonradan ölkənin tanınmış futbolçularına çevirmiş bir neçə peşəkarlar yetişdirib. Amma sonra deyəsən, "Qarabağ" da bu işin başını buraxdı. Nəticədə bu gün Avropaya səs salan komandamızın 15 futbolçusudan, təkrar edirəm, yalnız 3-ü öz futbolumuzun yetirməsidir, qalanları başqa ölkələrindir. 

Əlbəttə, ölkəmizin futbolu klub səviyyəsində də uğur qazanırsa bu, böyük şeydir və şükr etmək lazımdır. Ancaq bu uğur Azərbaycan futboluna bəy tərifi vurmaqla, sağlığına araq, pivə içməklə davam edə bilməz, problemləri dilə gətirmək və onların həllinə çalışmaq, nail olmaq lazımdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar