“Eyni ssenari gedir...” – “Qəbələ”nin kapitanı

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində “Araz Naxçıvan”ı sınağa çəkəcək. Qarşılaşma öncəsi “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov Sports.az saytına müsahibə verib.

36 yaşlı yarımmüdafiəçi həm bu, həm də qarşıdakı matçlar barədə fikirlərini açıqlayıb.

- Bu gün Azərbaycan kubokunda 2022-23 mövsümünə “Araz Naxçıvan”a qarşı oyunla çıxacaqsınız. Komandanızın hazırlığı nə yerdədir?
- Hər şey yaxşıdır. Birinci divizion komandası ilə qarşılaşmağımıza baxmayaraq, çox ciddi yanaşırıq. “Araz Naxçıvan” yaxşı komandadır. Odur ki, meydana rahat çıxmaq olmaz. Bir oyundan ibarət bu mərhələdə hər şey mümkündür.

- “Araz Naxçıvan” səddi keçilsə, 1/4 finalda “Qarabağ”la qarşılaşacaqsınız? Kubokun püşkatmasını “Qəbələ” üçün uğursuz saymaq olar?
- Təbii ki, başqa komanda ilə qarşılaşsaydıq, daha yaxşı olardı. Bildiyim qədərilə ardıcıl 3 ildir kubokda “Qarabağ”la üz-üzə gəlirik. Eyni ssenari gedir. Başqa şey fikirləşib beynimizi yormağa ehtiyac yoxdur. Rəqibi bundan sonra dəyişmək mümkün deyil. Ona görə də, neqativ fikirləşməməliyik. Kubok oyunları çempionatdan həmişə fərqli olur. Buna görə də, sona qədər mübarizə aparacağıq.

- Avrokuboklara ən qısa yol kubokdan keçir. Premyer Liqada da ötənilki qədər parlaq çıxış etmədiyinizi nəzərə alsaq, əsas diqqətinizi ölkə kubokuna yönəldə bilərsiniz?
- Xeyr, biz hər iki cəbhədə mübarizə aparacağıq. Çempionatı unudub yalnız kuboka bel bağlamaq düzgün olmaz. 

- Komandanızın Premyer Liqanın ilk 14 turundakı çıxışı qaneedici oldu?
- Desəm ki, hər şey ürəyimizcədir, yalan olar. Zəif və güclü çıxış etdiyimiz oyunlar olub. Öndə olduğumuz matçlarda uduzmuşuq. Belə məqamları göz önünə gətirdikdə, ümumi nəticə ürəyimizcə deyil. Amma çalışırıq ki, vəziyyəti düzəldək. Hələ heç nə itirməmişik. Qarşıda bizi vacib matçlar gözləyir. Bu ilin sonuna qədərki dönəmi yaxşı keçirsək, ardını da gətirərik.

- Hazırda 5-ci pillədəsiniz. Daha yaxşısını etmək üçün nə çatmadı?
- “Şamaxı” və “Kəpəz”i məğlub edirdik, sonda heç-heçə ilə razılaşdıq. “Neftçi” və “Zirə”yə qalib gəlirdik, meydanı məğlub tərk etdik. Uduzmağa, heç-heçə etməyə layiq olmadığımız çox oyunlar var idi. Hesabda öndə olduğumuz görüşlərdə 3-4 yüz faizlik qol imkanlarını dəyərləndirə bilmirdik. Məncə, çatmayan ikinci qol idi. Bəzi matçlarda əla keçirdiyimiz real şansları qaçırmağımız bizi bu duruma gətirib. Ötən mövsüm ələ düşən iki real şansın ikisindən də yararlanırdıqsa, indi 7-8 imkandan birini dəyərləndirə bilirik. Yeganə fərq bundadır.

- Səbəb hücum xəttindəki dişsizlikdi?
- Şanssızlıq deyərdim. Bir az bəxtimiz də gətirmirdi. “Şamaxı” ilə görüşdə bir metrlik məsafədən topu boş qapıya keçirə bilmiriksə, buna ustalıq səbəb ola bilməz. Özü də iki belə epizod oldu. 
Bəxtsizliklə əlaqələndirirəm. Oyunçularımız da diqqətli olmalıdırlar ki, ələ düşən şanslardan maksimum yararlanaq.

- Son 6 turda cəmi 1 qələbəniz var. Bu mənada fasilə komandanız üçün göydəndüşmə sayıla bilər?
- Bəlkə də, bu fikirlə razılaşmaq olar. Müəyyən çatışmazlıqlar üzərində 10 gün ərzində çalışmışıq.

- Həmçinin şəxsən sizin üçün də zədədən sonra formaya düşmək baxımından fasilə əlverişli olmadı?
- Məncə, ötənilki performansımla bu mövsümkü arasında heç bir fərq yoxdur. Zədəm var idi, hətta ötən turda “Neftçi” önünə zədəli halda çıxmışdım. Deyərdim ki, indi ötənilkindən də yaxşı formadayam. Sadəcə, ötən mövsüm qələbələr qazandığımız üçün xırda məqamlar heç kimin gözünə görünmürdü. Düşünürdülər ki, hər şey idealdır. Bu il daha yaxşıyam. Sadəcə, nəticəyə görə başqa cür görünür. Özümdə zəifləmə hiss eləmirəm, ötənilkindən geri qalmıram.

- Qış fasiləsi öncəsi turnir cədvəlində sizi qabaqlayan yalnız bir rəqiblə, “Qarabağ”la oyununuz var. Fasiləyə daha yaxşı nəticə ilə yollanmaq baxımından bunu şans saymaq olar?
- Əslində, razıyam. Ancaq mövsümün əvvəlində bizdən aşağı pillələrdə gedən komandalara qarşı yaxşı çıxış etmədiyimiz anları da unutmayaq. Bunun mənfi təsiri də ola bilər. 
Ümumi baxdıqda isə turnir cədvəlində daha aşağı sıralarda qərarlaşan komandalarla üz-üzə gəlmək üstünlüyümüzdür. Bəziləri ilə evdə qarşılaşacağıq. Di gəl ki, futbolda zəif və ya güclü anlayışı yoxdur. “Qarabağ” son pillələrdə yer alan komandalardan da birinə uduza bilər. Əvvəllər daha zəif rəqiblə qarşılaşanda təxminən 80 faiz bilirdin ki, qələbə qazanacaqsan. İndi futbol dəyişib, belə şey yoxdur.

- Həm çempionatda, həm də kubokda «Qəbələ»nin perspektivi nə vəd edir?
- İlk növbədə avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bu mövsüm təcrübəsizlik ucbatından Konfrans Liqasında mərhələ adlaya bilmədik. “Fehervar”a səfərdə 1:4 hesabı ilə məğlub olsaq da, ilk yarıda yaxşı imkanlarımız vardı. Pis çıxış eləməmişdik. Avrokuboklara vəsiqə “Qəbələ” kimi klubun yaşamasına böyük dəstəkdi. Heç kim bilmir ki, mövsümün əvvəli Konfrans Liqasında iştirak etməsəydik necə olacaqdı...
Qısa müddətdə Avropada uğurlu çıxışı ilə yadda qalan bu cür komandası, bazası, şəraiti, akademiyası olan klub yaşamalıdır. Bu mövsüm də avrokuboklara vəsiqə qazanmaq istəyirik. Futbolçularımızın 90 faizi ilk dəfə idi ki, avrokuboklarda iştirak edirdi. Komanda özəyini qorumağı bacarıb. Növbəti mövsüm də turnirə qatıla bilsək, müəyyən təcrübəyə malik olacağıq. Bu da daha yaxşı çıxışımıza təkan verəcək.

- “Qəbələ” avrokuboklara vəsiqə qazanmasa, dağıla bilər?
- İnşallah, elə təhlükə altına düşməz. Amma təbii ki, avrokuboklara vəsiqə qazanmağımız daha yaxşı olar. Avropaya yollanan zaman komanda daxilində, rəhbərlikdə ruh yüksəkliyi əmələ gəlir. Ümumiyyətlə, məüsədin yoxdusa, hansısa nəticə üçün mübarizə aparmayacaqsansa, o zaman dayan kənarda, heç kimə maneçilik törətmə. Futbolu qələbə qazanmaq, daim irəli getmək üçün oynayırsan. Buna görə də var gücümüzlə çalışırıq ki, avrokubok zonasından qopmayaq.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar