“Kamran Quliyev layiq olduğu və haqq etdiyi yerdə deyil”

Bu gün Boris Xetaqurovun doğum günüdür. 

Ömrünün 44 ilini “Neftçi”yə, 16 ilini Azərbaycan millisinə həsr edən ölkə futbolunun ən üzdə olan, təcrübəli həkimi 82 yaşını tamamladı. 

Xeyli vaxtdır işsiz qalan, diqqətdən uzaq olan Boris Naneyeviçlə doğum gününün axşamı əlaqə saxladıq ki, zəngimizə sevinən təcrübəli həkim istər müsahibənin əvvəlində, istərsə də gedişində göz yaşlarına hakim ola bilmədi... 

Xetaqurov ürəyini Sports.az müsahibədə boşaltdı. 

- Əlamətdar gün münasibəti ilə sizi təbrik edirik! 

- Çox sağ olun, çox sağ olun. Belə bir gündə zəng vurub məni yad etmisiniz. Deməli hələ də unudulmamışam (kövrəlir)...
Allah sizdən razı olsun! Allah ürəyinizə görə versin! 

- 82 yaşınız tamam oldu. 

- Elədir. Həyat davam edir, yaşın üstünə yaş gəlir. 

- 82-ni hiss edirsiz? 

- Xeyr, qətiyyən! 50-də necəydimsə, 82-də də eləyəm. Bu da yəqin əhatəmdə yaxşı dostların, əzizlərin, yaxın adamların olmasına görədir. Yetirməm Faiq Hüseynov, Azərbaycanda “Neftçi”dən başqa komandada oynamayan İqor Getman – bunlardır mənim dostlarım, məni həyatdan zövq almağa məcbur edən yaxınlarım. 

- Futbolsuz, işsiz qalmaq özünü hansısa mənada hiss etdirir? 

- Futbolsuz həyat futbollu həyat qədər aktiv ola bilməz, bu dəqiqdir. İşləməsəm də, klublarımızın və millimizin nəticələrini izləyirəm, oyunlara baxıram, bəzən böyük narahatlıq keçirirəm. 44 ilimi “Neftçi”yə həsr etmişəm. Kluba görə də çox narahatam. Allahın izni ilə avrokuboklarda uğurlu nəticələr qazanmaq mümkün olar. 

- Diqqətdən kənarda qalmaq da yəqin ki, acıdır, incidir, yorur, bezdirir... 

- Əlbəttə, adama ayıb gəlir. Eybi yox, həyatdır, hamının öz marağı, öz istəyi var. İncimirəm. 

- Əlaqə saxlayan, maraqlananlar var? 

- Faiq, İqor, “Neftçi”də işləyən daha bir tələbəm Zakir və daha bir neçə nəfər yığır, maraqlanır. Sizdən bir az əvvəl “Neftçi”nin mühasibatlığından Gülnarə xanım Adığözəlova təbrik üçün zəng etmişdi. Hər biri sağ olsun! 

- Bəs, “Neftçi”nin hazırkı rəhbərliyində yer alanlar necə? Kamran Quliyev və başqaları... 

- Xeyr-xeyr, onlar yada salmır. Bilmirəm, bəlkə mən onlar üçün düşmənəm, amma mən heç kimin düşməni deyiləm. 

- Doğum gününüzdə də zəng etmədilər? 

- Canları sağ olsun. Açığı, artıq buna o qədər də önəm vermirəm. Bu, onların klubun tarixinə hörmətinin göstəricisidir. Onların etdiyi sırf Boris Xetaqurova yox, “Neftçi”nin tarixinə, keçmişdəki uğurlarına olan hörmətsizlikdir. “Neftçi”nin tarixini bilməyənlər klubu necə idarə edə bilər? Ümid edək ki, hər şey yaxşı olacaq. 

- Ən çox kimə inciksiz? 

- Heç kimə, heç kimə, heç kimə... Mən artıq yaşananlarla, başıma gələnlərlə barışmışam. Bu gün feysbukda 600-dən çox təbrik mesajı aldım. Bolqarıstandan, Almaniyadan, Polşadan keçmiş futbolçular, vaxtilə birlikdə çalışdığım insanlar yazıb, zəng edirlər. Bundan gözəl nə ola bilər? 

- “Neftçi” rəhbərliyi sizi təbrik etməliydi. 

- Eybi yox, etməsinlər. Kamran Quliyev onsuz da layiq olduğu və haqq etdiyi yerdə deyil. “Neftçi”nin prezidenti postu onluq deyil. O boyda tarixi klubu dağıdıb, böyrü üstə qoyub. Sadıq Sadıqov 4-5 il prezident oldu, biz 3 dəfə ölkə çempionu olduq, 2 dəfə ölkə kubokunu qazandıq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin vaxt nəticələr və futbolçuların səviyyəsi göz qabağındaydı. Çünki kluba futbolu bilən insanlar var yığılmışdı, sistem formalaşmışdı. İndi nələrin baş verdiyini heç özləri də anlaya bilmir. Rumın məşqçi gətiriblər. Həmin rumının yanında neçə nəfər azərbaycanlı köməkçi var? Ümumiyyətlə, varmı? Yoxdur! Bunun özü faciədir. Məşqçilər heyəti başdan-ayağa rumınlardır. Niyə? Legioner məşqçi gətirirsənsə, yanına 1-2 nəfər azərbaycanlı qoymalısan ki, təcrübəsini artırsın, bilmədiklərini öyrənsin, sabah da lazım olanda özü baş məşqçi işləsin. Azərbaycan futbolu bu dərəcədə ölü vəziyyətə düşüb ki, rumınların yanına 1-2 azərbaycanlı qoymaq olmur? İşlədilər, bir müddətdən sonra getdilər, ya da qovuldular. Onları kim əvəz edəcək? Yenə xaricdən gələnlər? Böyük dərddir. 

- Boris Naneyeviç, siz adını uşaqlıqdan eşitdiyimiz, “Neftçi”nin adı gələndə xatırladığımız, “Neftçi”siz təsəvvür edə bilmədiyimiz isimsiniz (sözümü kəsir). 

- Çox sağ olun, çox sağ olun. Belə bir gündə bur cür sözlər eşitmək... (bir qədər fasilə verir) Xahiş edirəm, fikir verməyin, bir az kövrəldim. İncə yerlərə toxunduz, bu sözlərlə məni haralara apardız. Xoşbəxtəm ki, əhatəmdə mənə dəyər verən, etdiklərimi unutmayan, “Neftçi”nin tarixindən xəbərdar olan sizin kimi insanlar var. Məni yaşadan da budur. 

- Sualım yarımçıq qaldı. 

- 16 il AFFA-da, millidə çalışdım. “Neftçi”dəkilərə tarix maraqlı deyil, heç olmasın da. AFFA-dakılara nə gəlib bəs? Onlar da unutdu məni? Allahın quru təbrikini etmək bu qədərmi çətindir? Adamın hər yaşda ehtiyac duyduğu nədir? Diqqət, hörmət. Bir zənglə diqqət göstərmək də çətindir onlar üçün. 

- Eybi yox, bir gün mütləq hər şey yoluna düşəcək. 

- Allah qoysa. 

- Sualım bu idi ki, siz məşhur həkimsiz, “Neftçi” isə illərdir şəfa tapa bilməyən xəstə. Bu xəstəni sağaltmağın resepti var sizdə? 

- Tibb terminologiyasında radikal terminlər anlayışı var. “Neftçi”ni xəstəlikdən xilas etmək istəyiriksə, radikal dəyişikliklərə əl atılmalıdır. Burada söhbət baş məşqçini, yaxud futbolçuları dəyişməkdən getmir. Son illər onsuz da hər yay bunu edirlər, amma düzəlmir. Dəyişiklik radikal formada olmalıdır. 

- Rəhbərlik dəyişməlidir demək istəyirsiz. 

- Jurnalistsiz, Kamran Quliyevdə danışanda soruşun ki, 44 ilini “Neftçi”yə həsr etmiş şəxslə heç söhbət etmisizmi? Ona qulaq asmaq həvəsiniz olub nə vaxtsa? Bəlkə təcrübəmə əsasən maraqlı ideya verəcəm, ağlabatan söz deyəcəm. O sizə bilirsiz nə cavab verəcək? 

- Nə? 

- Deyəcək, Xetaqurov artıq yaşa dolub, 82 yaşı var, boş-boş danışır. 1965-ci ildən bu yana “Neftçi” gözümün qabağında böyüyüb. 1966-cı ildə qazanılan tarixi bürünc zamanı mən klubda olmuşam. 2012-ci ildə “Neftçi” Avropa Liqasının qrupuna düşəndə də həmçinin. Mən pis və yaxşı, uğurlu, eləcə də uğursuz günləri görmüş adamam. Çağırıb danışdırsınlar, qulaq assınlar. Ondan sonra qərar versinlər, Xetaqurov 82 yaşında boş-boş danışır, yoxsa yox. 

Allah sizdən razı olsun! Belə bir gündə təbrik etdiz, danışdırdız, ürəyimdəkiləri boşaltdım...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar