“Modriçlə Mancukiç kimi ulduzlara rəhbərlik etmiş mütəxəssislə çalışmaq çox xoşdur”

Sports.az-ın Zaqrebdən Mahir Emreli ilə eksklüziv müsahibəsi

Natiq Nəsirov, Zaqreb

Mahir Emreli Avropada özündən söz etdirməyə çalışır. Futbolçumuz bunu "Legiya"da qismən bacardı. İndi növbə Zaqreb “Dinamo”sundadı. 

Avropa karyerasına başlayandan Azərbaycandan Mahirin yanına gedən jurnalist olmamışdı. Sports.az bir ilkə imza atdı. Mahir Emreli ilə eksklüziv müsahibəni təqdim edirik. 

- Salam, Mahir! Necəsən? Zaqrebdə günün necə keçir? 
- Salam. Təşəkkür edirəm. Hər şey yaxşıdı. Sizi ilk azərbaycanlı jurnalist kimi burda görməyə şadam. Öncə Sports.az-a uğurlar arzulamaq istəyirəm. İnanıram ki, adınalayiq və öncül saytlarımızdan olacaq!

Sualınıza gəldikdə, bu əsasən məşq proqramından asılıdı. Baş məşqçimiz adətən məşqləri axşama təyin edir, saat 6-da başlayır. Gün ərzində fiziki hazırlıq məşqçiləri ilə danışırıq. Desələr bir az tez gəlin, 5-də yox, 4-də gedirik ki, əlavə məşq edək. Və ya mikrozədə varsa tez gəlirik ki, həkimlər öncədən məşqə hazırlasınlar. 
Bəzən baş məşqçi oyundan bir gün əvvəl bazada saxlayır, orda yatırıq. Bəzən oyun günü komandanı səhər yığır. Yəni hər şey baş məşqçinin proqramından asılıdı. 

Səhər yeməyindən sonra çıxıb şəhərdə gəzirəm, arada hardasa bir kofe içirəm. Ailəm burda olanda və ümumiyyətlə, daha çox evdə vaxt keçirirəm. Zaman tapdıqca filmlərə baxıram, kitab oxuyuram. Amma ailəm olanda ailəmə daha çox vaxt ayırıram. 

- “Dinamo”da işlərin necə gedir? 
- Bura təzə gələndə koronavirusa yoluxmuşdum, təlim-məşq toplanışlarında iştirak edə bilmədim. Şanssızlıq oldu, istədiyim performansı sərgiləyə bilmədim. İndi də zədəliyəm. Günüm daha çox həkimlərin, fizioterapevtlərin yanında keçir. Bir az bəxtsizlikdi. Amma ümid edirəm ki, hər şey qaydasına düşəcək. Zədəmi tam sağaldıb “Dinamo” üçün çox şey etmək istəyirəm. 
Hələlik, komandayla məşq etmirəm, müalicə olunuram. Həkim deyir pozitiv və səbrli olmaq lazımdı. İnşallah, tezliklə məşqlərə başlayaram.

- Xorvatiya mediası Ante Çaçiçin sənin kimi texnikalı futbolçularla işləməyi sevdiyini yazır. Özün necə düşünürsən, "Qarabağ"dakı, "Legiya"dakı parlaq oyununu “Dinamo”da da davam etdirə biləcəksən? 
- Çaçiç təcrübəli mütəxəssisdir və çox danışmağı sevən adam deyil. Futbolçu ilə xüsusi bağ qurmağı xoşlamır, elə şeylərə önəm vermir. Çox professionaldı, onun üçün ən vacibi nəticədir. Bir futbolçuya inanırsa, bunu hər zaman göstərir. Mənimlə söhbətində bildirdi ki, pozitiv məqam budur ki, universalam, sağda, solda, öndə oynaya bilirəm. Amma sırf hansısa mövqedə mənə güvəndiyini deməyib. Təlim-məşq toplanışlarında yetərincə şans verdi, ən çox oynatdığı futbolçulardan idim. Ümidlərini doğruldub-doğrultmadığımı yalnız özü deyə bilər. Çaçic Xorvatiya milli komandasını çalışdırıb, "Dinamo”nu Çempionlar Liqasına yüksəldib, Luka Modriç, Mario Mancukiç kimi dünya ulduzlarına rəhbərlik edib. Onunla işləmək mənə çox xoşdu. Bir az mentalitet fərqi var. Amma professionalıq və yuxarıda dediyim məqam da mənə hansısa diskomfort yaşatmır. Qısa və konkret desək, işini görən adamları xoşlayır və bu düşüncəylə də irəliləyir. 

- Bizim legioner həyatı yaşamış azsaylı futbolçuların xaricdə karyeralarının alınmamasına əsas səbəblərdən biri darıxmaqları olur... 
- Bəlkə mən başqa cür insanam, Qurban müəllim bir dəfə bunu demişdi, bəlkə də yaxşı mənada sırtığam, amma doğrudan da, darıxmıram. Darıxmağa bir səbəbim də yoxdu. Bu həyatı seçmişəmsə. bilirəm ki, bu yolla getməliyəm. İkincisi də, nəyə görə darıxmalıyam?! Şükürlər olsun Allaha, elə bir zəmanədir ki, lazım olanda bilet alırıq, ailəmiz də gəlir yanımıza, mütləq deyil ki, mən qayıdım. Ola bilər Bakıdakı həyat tərzi üçün darıxırlar. Amma mənim o həyat tərzinə meylliliyim olmayıb deyə, bu mənada darıxmaq filan yoxdu. Əksinə, orda dost-tanış çox olduğundan düşünürəm ki, futboldan bir az ayırırdılar. Burda bütün bunlardan uzağam deyə, işimə daha yaxşı konsentrasiya ola bilirəm. Legionerlərdən danışırıqsa, mən inanmıram ki, Namiq Ələsgərov darıxıb qayıtdı. Sadəcə, belə alındı. Türkiyədə çox yaxşı işlər görmüşdü, "Bursaspor"un ən yaxşı, məhsuldar, faydalı oyunçusu idi. Necə ki, "Legiya"da mənim statistikam göz qabağında idi, onda da elə idi. Renat Dadaşov xaricdədi, onun uğurlu olacağına inanıram. Tək futbolda yox, bütün idman növlərində həmyerlilərimizin uğurlarına sevinirəm, düşünürəm ki, nə qədər bir-birimizə dəstək olsaq, o qədər irəli gedərik. Bunun ən gözəl nümunəsini Vətən müharibəsində gördük. O videolara hamımız baxmışıq, əsgərlərimizlə dolu avtomobillər yol gedə-gedə xalq qaçır yollara, biri su atır, biri yemək atır, kimin əlindən nə gəlir, dəstək verir. 

- Doğrudur - xalq orduya inandı, ordu xalqa inandı və yekunda çoxdan gözlədiyimiz bu möhtəşəm zəfər gəldi! 
- İnandırım sizi, xaricdəki idmançılarımızın mənəvi dəstəyə çox ehtiyacı var. Məsələn, mən burda təkəm. Kimdənsə istəyirəmmiş kimi çıxmasın. Sadəcə, layiqiksə, niyə də olmasın?! Ümid edirəm bütün idmançılarımız bu dəstəyi görəcək. 

- "Legiya"da özünü sübut etdin. İndi də “Dinamo”dasan. Hər ikisi Avropanın böyük tarixə malik, köklü, sanballı klublarıdı. Onların "Qarabağ"la fərqi nədir? Burda nə var ki, bizdə yoxdu? 
- "Legiya"nın əsas üstünlüyü şəraitinin daha yaxşı olmasıdı. Ən müasir texnologiyalar, hər şey son model... Bazası inanılmaz gözəldi. Amma mən bura gəlməmiş 6 il "Qarabağ"da oynadım və bu klubun, Qurban Qurbanovun, Rəşad Sadıqovun, Elçin Rəhmanovun, Qara Qarayevin, Maksim Medvedevin, bütün klubda çalışanların üzərimdə çox böyük əməyi var. Bu gün Şahruddin Məhəmmədəliyev də daim dəstək verir, tez-tez yazışırıq. "Qarabağ"a mənim borcum var və hər zaman olacaq. "Legiya"ya isə heç bir borcum yoxdur. Bəlkə Qurban müəllim burda olsaydı, dayandırardı məni. Çünki, belə danışıqları sevmir. "Qarabağ"da olduğum müddətdə onun tərbiyəsi ilə böyümüşəm deyə, bəzən susmağı üstün tuturam. Buna görə də, istəmərəm ki, sözlərim insanlarda elə fikir yaratsın ki, sadəliyi unutmuşam və ya "ulduz xəstəliyi"nə tutulmuşam. Sadəcə, reallığı danışıram. Dörd il avrokuboklarda oynamayan "Legiya"nın qitə yarışlarına qatılması, "Bodo Qlimt"ə iki qol vurmağım, "Slaviya", "Lester Siti", "Napoli" ilə oyunlarda vurduğum qollar, 6 ay ərzində komandadakı heç bir futbolçunun məndən artıq fərqlənməməsi onu deməyə imkan verir ki, klubun rəhbərliyinə heç bir borcum yoxdu. Təəssüf ki, azarkeşlərlə bağlı insident yaşandı… 
…Əslində, “Legiya” azarkeşləri məni çox sevirdi və indi də sevir. Mənim də onlara münasibətim qarşılıqlıdı. Bəlkə də sosial şəbəkələrdə müşahidə edirsiniz mənə nə qədər xoş münasibətləri var. Bodrumda istirahət edəndə “Legiya”nın “Jilete” fanat qrupunun bəzi üzvləri təsadüfən məni görüb yaxınlaşdı, rəğbətlərini bildirdilər. Dedilər ki, indiyə qədər o hadisəni hansı azarkeşlər etdiyini tapa bilmirik. Bizə görə bunu edən “Legiya” azarkeşləri deyildi, qurama bir işdir. 

“Dinamo”ya isə borcum var. Və ürəkdən istəyirəm ki, hər şeyimi, nəyim varsa, verim, bütün gücümü qoyum, bu borcu qaytarım. Çünki, stressli, çətin dönəmimdə bu klub mənə sahib çıxdı. Başqa təkliflər də vardı, amma “Dinamo” sonadək transferimin alınması üçün çox səy göstərdi. Sabah istər burda, istər başqa klubda daha da irəli getsəm, xorvatların mənə etdiyini heç vaxt unutmayacam. İstər klub prezidenti, istər texniki heyət, futbolçular, azarkeşlərin mənə göstərdiyi xoş münasibəti heç vaxt unuda bilmərəm. 

- Mahir Emrelinin futbolçu karyerasında maksimum hədəfi nədir? 
- Heç vaxt özümə belə bir xüsusi hədəf qoymamışam ki "Barselona" və ya "Real"a keçməliyəm. Sadəcə, istəmişəm yüksək səviyyədə sabit oyun nümayiş etdirim, bu mövsüm 10 qol vurmuşamsa növbəti mövsüm 15-ini vurum. İşini yaxşı görəndən, müəyyən təkliflər olandan sonra artıq seçim edə bilirsən. Amma ən böyük istəyim karyeramın sonuna qədər sabit, yüksək səviyyəli oyun göstərməkdi ki, heç vaxt eniş olmasın.

(Ardı var)
Sports.az

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar