“Qarabağ”da parlayanda çox içirdim” - Reynaldo
“Qarabağ”lı azarkeşlərin ürəyində Reynaldonun yeri tam başqadır.
Vaxtilə komandanın aparıcı simalarından olan, sərgilədiyi oyun və vurduğu önəmli qollarla adını klub tarixinə ən bacarıqlı legioner kimi yazdıran braziliyalı futbolçunun adı hələ də yaddaşlardan silinməyib.
İndinin özündə də söhbət yaxın keçmişdəki uğurlardan düşəndə, gözlər önündə Reynaldo canlanır.
Həyatında ilk dəfə yarım saatlıq müsahibə verən səbəbkar, futbolçu olduğu dönəmdə jurnalistlərlə söhbətdən qaçdığını etiraf edərək, lakin indi ünsiyyətə maraqlı olduğunu gizlətmədi.
Səmimi söhbət zamanı braziliyalının tez-tez “inşallah” kəlməsini dilə gətirməsi isə müsahibəyə bir ayrı gözəllik verdi.
- Hardasan belə?
- İş yerimdə.
- Nə işindəsən?
- Xanımla biznes qurmuşuq, onu inkişaf etdirməyə çalışırıq.
- Nə biznesi?
- Qadın paltarları butikidir. Əsasən xanımım bu işlə məşğul olur, mən dəstək oluram.
- Futboldan təmamilə uzaqlaşmısan?
- Düzünü desəm, hə. Amma futbolsuz qala bilmirəm. Ağlımda menecerlik etmək planı var. Yəqin ki, bu işə başlayacağam. Braziliyadakı istedadları Avropaya aparmağı düşünürəm.
- Nə əcəb Azərbaycana gəlib-getmirsən?
- Gəlməliyəm və mütləq gələcəm. Bu il başımız bu işə qarışıb. Gələn il inşallah Bakıya səfər etməyi düşünürük. Xanımımla bu barədə söhbətimiz olub. Həm Bakıda istirahət edərik, həm dostları görərik, həm də “Qarabağ”ın hansısa avrokubok matçını izləyərik. Azərbaycanı nə qədər sevdiyimizi hamı bilir.
- Futbolla erkən – 31 yaşında vidalaşdın. Niyə belə tez?
- “Qarabağ”da qalsaydım, hələ də oynayırdım. Amma “Qarabağ”ı tərk edəndən sonra heç cür özümü tapa bilmədim. Həmişə fikirləşirdim ki, karyeramı “Qarabağ”da başa vuraram, böyük kütlə qarşısında vidalaşaram. Alınmadı. Eybi yox, qismətdir. İstənilən halda keçmişdə etdiklərimə görə xoşbəxtəm.
- Əslində karyeranı “Qarabağ”da başa vurmağın mümkün idi. “Adanaspor” və “Aktobe” karyerasından sonra ikinci dəfə Azərbaycana qayıtmışdın. Amma əvvəlki Reynaldo deyildin.
- Bilirəm, bilirəm. “Qarabağ”a ikini qayıdışımda böyük həvəslə gəlmişdim. Lakin 1-2 oyunda meydana çıxandan sonra gördüm ki, məndə alınmır, əvvəki kimi oynaya bilmirəm. Bu, nə ilə bağlı idi, bilmirəm. Fakt hiss edirdim ki, ümidləri doğrultmuram. Komandaya kömək edə bilmirəmsə, orda qalmağı doğru hesab etmirəm. “Qarabağ”dan ayrılandan sonra “İrtış”a getdim, orda da sanki nəsə çatmırdı. Düşünürdüm bəlkə düzələr. “Dinamo”ya (Tbilisi) keçdim, orda da alınmadığını görüncə, karyeramı başa vurmağı qərara aldım.
- Sənə elə gəlmir ki, karyerandakı enişin əsas səbəbi rejimə əməl etməməyin, spirtli içkiyə, gecə həyatına hədsiz aludə olmağın idi.
- Sənə söz deyim?
- Buyur.
- “Qarabağ”da parlaq oynadığım dönəmdə daha çox içirdim. Demək olar hər gün spirtli içki qəbul edirdim və parlaq oyun göstərirdim, qollar vururdum. Amma ikinci qayıdışımda əvvəlki kimi içmirdim. Buna baxmayaraq, oyunum istədiyi kimi alınmırdı.
- Çox içirdin?
- Dəlilər kimi (gülür).
- Bəs, necə oynayırdın?
- Oyunum alınırdı, buna görə də əhvalımı yüksəltmək, yorğunluğu canımdan atmaq üçün içirdim. Alkoqollu içkilər isə mənə əlavə güc verirdi sanki. Hər şey “Qarabağ”ı ilk dəfə tək edəndən sonra alt-üst oldu.
- Niyə?
- Bilmirəm ki. “Adanaspor”a getdim, bir müddət şans qazanmadım, şans qazananda da istədiyimi ortaya qoya bilmədim. Əsəblərim gərilirdi, pis olurdum, 1-2 il əvvəl “Qarabağ”da adım dillərdən düşmürdü, amma Türkiyədə etimadı doğrulda bilmirdim. Psixoloji baxımdan çox pis təsir edirdi mənə. Yadındadırsa, həmin vaxt futbolu atmışdım, 1 ilə yaxın futbol oynamadım, uzaqlaşdım. Sonra güc tapıb qayıtdım ki, yox, bacaracam, daha yaxşı olacam. Alınmadı.
- “Qarabağ”dan ayrılmağı karyeranın yanlış qərarı olduğunu etiraf edirsən?
- Tək karyeramın yox, həyatımın səhv addımı idi.
- “Adanaspor”a səni məcbur göndərmişdilər bəyəm? Mən bilən özün getmək istəyirdin axı.
- Türkiyədən əvvəl Almaniya, İspaniya, Avstriya, Çin klublarından olduqca yaxşı təkliflər var idi. “Qarabağ”a fantastik transfer məbləği ödəyirdilər. Klub məni buraxmırdı. Baş məşqçiyə yaxınlaşıb dedim ki, icazə verin gedim Avropada oynayım. Dedi, yox, sən bizə lazımsan, “Qarabağ”a kömək etməlisən. Həmin vaxt “Ayntraxt”a, yaxud “Zalsburq”a getsəydim və “Qarabağ”dakı kimi oynasaydım, indi kim bilir hardaydım. “Zalsburq” israrla məni heyətində görmək istəyirdi. Kaş o vaxt icazə verəydilər, gedərdim.
- Belə çıxır ki, “Qarabağ” səni “Adanaspor”a məcbur göndərmişdi?
- Məcbur yox. Sadəcə vaxtında daha güclü liqalardan təklif gələndə buraxa bilərdilər. Onlar əldən çıxandan sonra hiss edirdim ki, həvəsdən düşürəm. “Adanaspor” sonuncu variantlardan idi, dedim, olsun. Türkiyədə yaxşı oynayıb başqa klublara keçə biləcəyimi düşünürdüm. Öz səhvim oldu. Gərək “Adanaspor”a getməzdim.
- Niyə?
- Deyirdilər, zədəlisən, gözlə. Deyirdim, zədəm yoxdur, ağrılarım yoxdur, yenə öz bildiklərini edirdilər. Dostlarla futbol oynayırdıq, necə lazımdır qaçırdım, tullanırdım, problem olmurdu. Maaşımı verib deyirdilər, otur gözlə, şans verəndə oynayarsan. Özüm də baş açmırdım açığı.
- “Adanaspor”dan sonra bir müddət futbolsuz qalıb Qazaxıstana getdin və “Aktobe”də əvvəlki günləri xatırlatmağa başladın. İkinci dəfə “Qarabağ”a qayıtdığında “söndün”. Karyeranda sabitlik çatmırdı sanki.
- “Qarabağ”a ikinci dönüşümdə özüm də şoka düşmüşdüm. Bəzən özümə baxıb fikirləşirdim ki, sanki futbolda yeniyəm. Əvvəlki adam deyildim. Bir müddət zədə də mənə mane oldu. Bəlkə də mühiti dəyişməyim oyunuma təsir edirdi. Bilmirəm, geriyə boylananda özüm də cavab tapa bilmirəm.
- “Qarabağ”dakı ilk dönəmdə Bakıda tək yaşayırdın?
- Bəli.
- Eşitdiyimə görə, Bakıda ayaq basmadığın gecə klubu, həmin klublarda dostlaşmadığın zərif cins nümayəndəsi qalmamışdı.
- Xanımım o biri otaqdadır, eşitsə mənim üçün yaxşı olmayacaq. Bu sualın üstündən tez keçək (gülür). Gəzirdim, əylənirdim, içirdim, amma geydiyim formanın, aldığım pulun qarşılığını artıqlaması ilə verirdim. Dostum, əyləncə mövzusunu bağlayaq, otağa gəlsə eşidəcək.
- “Qarabağ”da aldığın illik məvacib yadındadır?
- Bəli.
- Nə qədər idi?
(Davamı olacaq)