“Xaricdə işləmək mənim üçün əsas prioritetdi” - Samir Abasov 

“Qarabağ”ın ardıcıl 7 illik çempionluq seriyasına son qoyan Samir Abasov 2020/21 mövsümündə “Neftçi”yə qızıl medallar qazandırdı, həm də ölkənin ən yaxşı baş məşçilərindən biri olduğunu sübut etdi. Ancaq geridə qalan mövsüm komanda Premyer Liqada ikinci yeri tutduğu üçün klub rəhbərliyi onunla yolları ayıraraq baş məşqçi postuna rumıniyalı Laurentsiu Regekampfı gətirdi.
Hazırda gözdən-qulaqdan uzaq olan Abasov Sports.az saytına geniş müsahibəsində bir çox məqamlara toxundu. 
44 yaşlı mütəxəssis klublarımızın avrokuboklardakı çıxışı və ölkə çempionatının startını dəyərləndirməklə yanaşı, “Neftçi”dəki günlərini yada saldı. 

- Nə işlə məşğulsuz? 
- Evdəyəm. Buna dincəlmək demək olarsa, dincəlirəm. Rayonda evdəki işlərlə məşğulam. 

- Futboldan tamam qopmusuz, yoxsa oyunları izləyirsiz? 
- İzləyirəm. 

- Premyer Liqada klubların sayı artdı, bəzi klublarda baş məşqçi dəyişikləri oldu. Amma nə onda, nə də sonra “Kəpəz”in boş olan baş məşqçi postlarına namizədlər arasında sizin adınız çəkilmədi. Unudulmusuz, yoxsa iddiasız komandada işləməyəcəyinizi bildikləri üçün qapınızı döymürlər? 
- Gəncə klubunun nə dərəcədə iddialı olub-olmadığını bilmirəm. Bu da hansısa məşqçidən yox, rəhbərlikdən, komandanı quranlardan asılıdır. Onlar da qurduqları şəraitə görə hansı məşqçini gətirmək lazım olduğunu bilirlər. Bu gün “Kəpəz”in baş məşqçi postuna adım çəkilmirsə, deməli, belə məsləhətdir. Buna görə narahat da deyiləm ki, niyə mənim adım hallanmır. 

- Təklif olsa, hansısa bölgə klubunda çalışarsız? 
- Bilmirəm. Bu haqda, ümumiyyətlə, fikirləşməmişəm. Bunu özümə dərd də eləmirəm. Təklif olandan sonra oturub fikirləşərəm, sərf edər gedərəm, sərf eləməz getmərəm. 

- Ümumiyyətlə, futboldan uzaqlaşandan sonra bu sahədəki insanlardan sizinlə maraqlanan var? 
- Əlbəttə, dost-tanışlar, bir yerdə olduğumuz uşaqlarla həmişə əlaqədəyik. Sabiq klublarımda birgə çalışdığım insanlar da zəng vururlar. İşləmədiyim vaxtlarda mənimlə daha çox maraqlanırlar. 

- Ölkə xaricində işləmək barədə düşünmüsüzmü? 
- Ölkə xaricində işləmək variantı mənim üçün həmişə əsas prioritet olub. Oradan təklif olduqdan sonra şərtlər ikinci plana düşür. Sadəcə gedib çalışmaq lazım olur. Açığı, bu yöndə sakitlik deyil, işlər gedir. Amma mən də reallığı başa düşürəm. Azərbaycanlı üçün bunun alınması bir az çətindir. 

- Alınana oxşayır? 
- Alınsa, əlbəttə ki, gedəcəyəm. Alınmasa da normal qəbul edəcəyəm. 

- Hansı klublarla danışıq aparıldığını özünüz bilirsiz? 
- Açığı, şəxsən mən heç bir klubla təmas qurmamışam. Artıq müasir futboldur. Hər bir futbolçunun, məşqçinin agentləri olduğu kimi, mənim də tanışlarım var. Onlar əvvəllər çalışdığım klublarda əlaqədə olduğum insanlardır, vaxtilə bir yerdə oynadığım dostlarımdır. Özləri də məndən soruşublar ki, ölkə xaricində işləyərsənmi? Bunun üzərində də iş gedir. 

- Yəqin qəbul edirsiz ki, ölkə xaricində çalışmaq üçün ən azı ingilis dilini bilmək vacibdir? 
- İngilis dilini bilirəm, futbolçularla rahat danışıram. Başqa dil öyrənmək haqda düşünməmişəm. İngilis, rus və türk dillərini bilmək mənim üçün yetərlidir. 

- Azərbaycanın ən yaxşı məşqçilərindən sayılırsız. Bu boşluq dönəmində öz üzərinizdə işləyirsiz, yoxsa ancaq odun doğramaqla kifayətlənirsiz? 
- Odun doğramaq qəbahət deyil. Yaşlı insanlara, valideynlərinə kömək edirsən. Futbol adamı o qədər işə salır ki, istəsən də, istəməsən də dincəlməyə ehtiyacın olur. Bu gün hiss edirəm ki, stressdən uzaqlaşmışam, nə qədər rahatlamışam. Kənddə gördüyün işlər səni bu düşüncələrdən uzaqlaşdırır, beyninə istirahət verir. Futboldan uzaq düşdüyüm üçün isə heç vaxt narahat olmamışam. Oyunlara baxıram, öz-özümə götür-qoy edirəm ki, niyə matç belə yekunlaşdı, filan gedişləri başqa cür eləmək olardı. Özüm üçün təcrübə yığıram. Bunu işləyən də, işləməyən də edir. Hətta azarkeşlər də məşqçinin taktikasını müzakirə edirlər. 

- Xarici klublarda təcrübə keçməyi düşünmürsüz? 
- Bunu çox fikirləşirdim. Sadəcə, koronavirus pandemiyası bütün planlarımı yarımçıq qoydu. Təkliflər göndərirdik, rədd cavabı gəlirdi. Amma yenə də danışıqlar gedir. İstənilən an hansısa klubda praktikaya yollana bilərəm. 

- Karantindən əvvəl “Sevilya”nın düşərgəsinə getmək istəyiniz alınmadı. İndi konkret klub adı var? 
- Həqiqətən də, “Sevilya”ya getməyi çox istəyirdim. Baş məşqçiyə böyük simpatiyam var idi, onun iş qrafiki mənə maraqlı gəlirdi. Hətta klubla bu haqda danışılmışdı. Sadəcə, pandemiyaya görə “Sevilya”dan, həmçinin “Atalanta”dan rədd cavabı gəldi. Hazırda konkret klub adı yoxdur. 

- Bu mövsüm də avrokuboklarda yalnız “Qarabağ” qrupa düşə bildi. Klublarımızın Avropa arenasındakı çıxışını necə qiymətləndirərdiz? 
- Püşkdən əvvəl nə proqnozlaşdırmışdımsa, o da baş verdi. Qeyri-adi heç nə olmadı. Düşdüyü rəqiblərə görə bəlkə “Neftçi”dən nəsə gözləmək olardı. Təəssüf ki, o da keçə bilmədi. Hələ mövsüm başlamazdan əvvəl hamımız bilirdik ki, “Qarabağ” hansısa turnirin qrupuna düşəcək. Komanda təsnifat mərhələlərində çox yaxşı oynadı, Çempionlar Liqasının qrupuna layiq idi, pley-offda məğlub olduğu “Viktoriya”dan heç də geri qalmırdı. Amma futbolda bu kimi hallar yaşanır. Fikirləşirəm ki, “Qarabağ” bu mövsüm də Azərbaycanı avrokuboklarda həddən artıq gözəl təmsil elədi. 

- “Qarabağ”ın “Frayburq”, “Nant” və “Olimpiakos”la birgə yer aldığı Avropa Liqasının qrupundakı şanslarını necə görürsüz? 
- Bu klub həm oyunu, həm futbolçuları, həm gördüyü işlərlə Azərbaycan sərhədlərini aşıb. İllərlə çəkilən əziyyətin bəhrəsini görürlər. Avropa Liqasının qrupunda da təcrübəsi sayəsində ən yaxşı oyunlarını göstərərək bizi sevindirəcək. Rəqibləri yaxından tanımadığım üçün şanslar barədə nəsə deməyim düz çıxmaz. Amma “Qarabağ”ı tanıyıram və bilirəm ki, Qurban Qurbanovun yetirmələri digər komandalarımızdan fərqli olaraq, avrokuboklarda özünü həddən artıq rahat hiss edir. 

- Premyer Liqanın geridə qalan ilk 4 turuna əsasən təəssüratlarınız necədir? 
- Hər kəs öncədən necə gözləyirdisə, o cür də başladı. Yay fasiləsində qurulan heyətə uyğun proqnozlar verilir. Həmin proqnozlar da düz çıxır. Artıq liderlərin, ortababların və autsayderlərin kimlər olduğu məlumdur. İlk dörd turda təəccüblü nəsə baş vermədi. 

- 2020/21 mövsümündə “Neftçi”ni çempion etsəniz də, cəmi bir il sonra sizinlə yeni müqaviləyə ehtiyac duyulmadı... 

(Davamı olacaq)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar