Millini çalışdırmağa layiq 5 namizəd


Bu gün milli komandamız De Byazinin rəhbərliyi ilə son ev matçına çıxacaq.
AFFA və SOCAR-dakı bəzi yüksəkçinli məmur-dələduzların postunda saxlamaq istədiyi qoca italyanı təqaüdə göndərəcək daha böyük qüvvələrin varlığına inanıram.
Belədə "Milli komandamızın yeni baş məşqçisi kim olsun?" sualı ortaya çıxır.
Yuxarıda adı çəkdiyim qurumdakılar illər sonra ilk dəfə şəxsi qazancı düşünməsələr o zaman milli komandamızın baş məşqçisi mütləq yerli mütəxəssis olacaq.
Seçim imkanları da yetərincə zəngindi. İlk ağla gələnsə sözsüz Qurban Qurbanovdu. Amma "Qarabağ"la Azərbaycan futbol tarixinin ən parlaq səhifəsini yazan mütəxəssis ikinci dəfə millin başına keçməyə razı olacaqmı? Bu o qədər də inandırıcı deyil.
Elxan Məmmədovun Qurbanova qarşı qərəzli münasibəti, millidə işləməsi üçün hər cür maneələr törədilməsi, sonda sayğısız şəkildə vidalaşılması, bütün bunların yaratdığı xoşagəlməz xatirələr, bəlkə də travma Qurban hocanın qərarına müəyyən təsir göstərə bilər.
Amma Elxan Məmmədovun Azərbaycan futbolunda qalmayacağı, təsir imkanlarını tam itirəcəyi, maneə yaratmayacağı dəqiqləşəndən sonra Qurban Qurbanov həm klubda, həm də millidə işləyə bilər. Yox, federasiya yalnız millini çalışdırmaq şərti qoysa, o zaman düşünürəm ki, Qurban hoca bu təklifi qəbul etməz.
Qurban Qurbanovdan sonra millini çalışdırmağa ikinci layiqli yerli müyəxəssis zənnimcə, Rəşad Sadıqovdu. Hələ futbolçu dövründən xarizması və şəxsiyyəti ilə meydandakı baş məşqçi rolunu icra edən, komanda yoldaşları arasında şəksiz avtoritet qazanan Sadıqov mütəxəssis kimi də artıq özünü təsdiqləyir. Şübhəsiz ki, onun Premyer Liqanın lideri "Zirə"dəki uğurlu işi AFFA rəhbərliyinin diqqətindən qaçmayıb.
Milli komandamızı çalışdırmağa 3-cü layiqli namizəd Premyer Liqanın ən gənc baş məşqçisi Azər Bağırovdur.
O, son anda yığılan və hazırlıq keçməyən heyətə rəğmən "Araz Naxçıvan"la fantastik nəticələr göstərdi. Hamı naxçıvanlıların "Kəpəz"lə elitada qalmaq uğrunda mübarizə aparacağını gözləsə də, klub "Qarabağ", "Sabah", "Neftçi" kimi çempionluğu hədəfləyən rəqiblərə başağrısı olmağı bacardı. Heç kimə sirr deyil ki, bütün bunlar birbaşa Azər Bağırovun əməyidi. Kiçik büdcəylə böyük işlər görən, Premyer Liqanın futbolçulara ən az mükafat verən klublarından birini turnir cədvəlinin yuxarılarına çıxaran gənc mütəxəssisin millini çalışdırmaq üçün də ciddi bir üstünlüyü var: Azər Bağırov futbolçuları oyuna kökləməyi, onları motivasiya etməyi, psixoloji cəhətdən çox yaxşı hazırlamağı bacarır. Ölkənin ən güclü futbolçularının toplandığı milli komandada çalışan baş məşqçi üçün bu ən vacib keyfiyyətdi.
Nisbətən təcrübəli Ayxan və Samir Abbasovların adını çəkməsək, haqsızlıq olar. İllərdir gördüyü işlə futbol ictimaiyyətinin rəğbətini qazanmış Ayxan bəyə məşqçi potensialını tam açması üçün daha güclü komandaları çalışdırmaq şansı verilməlidi.
Samir Abbasov isə Qurban Qurbanovdan başqa son 10 ildə ölkə çempionu olmuş yeganə baş məşqçidi.
Adlarını sadaladıqlarım yerli mütəxəssislərib hər biri dünya futbolunun müasir tendensiyalarından xəbərsiz De Byazidən milli üçün daha faydalı olar.
Qoca italyanın bu yükü daşıyacaq mənəvi gücü də yoxdu. Adam İsveçə 0:5 kimi biabırçı hesabla uduzduqdan sonra rahat-rahat pizza yeyə, buna görə mətbuat konfransına gecikə, konfransda jurnalistlərin suallarına qeyri-adekvat reaksiyalar, cavablar verə bilir.
Milli bu gün heç bir turnir motivasiyası qalmayan İsveçdən xal almağa, hətta qalib gəlməyə qadirdi. Belçika səfərindən də əliboş dönməsək təccüblənmərəm. Çünki, belçikalılara da xal lazım deyil.
Amma bu iki oyunda qeydə alına biləcək nəticələr birmənalı De Byazinin millidə qalmasına əsas verməməlidi.
Yetərincə yaxşı futbolçu potensialı olan milli ilə 3 ildir heç bir nəticə göstərə bilməyən, heç bir inkişaf strategiyası olmayan italiyalı ən yaxşı halda yaşına hörmət əlaməti kimi təntənəli alqışlarla təqaüdə yola salınmalıdı...
...Və bundan sonra ölkə milli komandasının baş məşqçi postu dələduzların, dəllalların qazanc, "otkat" mənbəyi olmamalı, bu vəzifəni haqq edənlərə - "Azərbaycan millisinin baş məşqçisi" adını şərəflə daşıyacaq yerli mütəxəssislərə tapşırılmalıdı. Çünki, millimizdə əcnəbi baş məşqçi modeli illərdir fiaskoya uğrayır.
Həmin De Byaziyə verilən pullar da ondan öncəkilərdə olduğu kimi havaya sovruldu. Bu pullarla neçə rayonumuzda, kənd-qəsəbəmizdə uşaqların futbolla məşğul olması üçün şərait yaradıla bilərdi...
Adlarını çəkdiyim məşqçilərin isə hər birinin millini hətta maddi təmənnasız, bir manat da almadan çalışdıracağına əminəm. Çünki, onlar üçün bu post şərəf-qürur mənbəyidir. De Byazidən və onun kimi legioner "mütəxəssislər"dən fərqli...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar