\"Çətin olacaq...\" - \"Kəpəz\"in məşqçisi
“Kəpəz”in baş məşqçi postunun boş qalmasından sonra gündəmdə Yaşar Vahabzadə yox, Vidadi Rzayevdir.
Vahabzadənin zəngləri cavabsız qoyması fonunda Vidadi bəyi dəstəyi qaldırıb sualları cavablandırması və Sportinfo.az saytına verdiyi müsahibədə bəzi həqiqətlərin üstünü açması ciddi səs-küyə səbəb oldu.
Sitat:
“Belə olacağını mən indi yox, əvvəldən bilirdim. Komanda Gəncədə, sonra da Bakıda təlim-məşq toplanışı keçəndə bilirdim ki, belə olacaq. Onda heç çempionat başlamamışdı, təqvim bilinmirdi. İllərdir futbolun içindəyik. Görürsən də vəziyyəti. Əvvəldə yaşananları görəndə sonluğun necə olacağını hiss edirsən axı. Görülən işlər indiki sonluğa doğru gedirdi.
Guya “Şamaxı” ilə “Turan Tovuz”un büdcəsi təsdiqlənmişdi ki? Onlarla eyni büdcədə, eyni vəziyyətdə idik. Necə oldu onlar xal topladı, biz sıfırda qaldıq?
Mən fikirlərimi, gördüklərimi baş məşqçiyə demişəmsə, o isə öz bildiyini edibsə, mənim nə günahım ola bilər? Mən ona vaxtında lazım olan sözləri demişdim”.
Rzayevin söylədikləri Yaşar Vahabzadə və “Kəpəz”in hazırkı rəsmilərinin ciddi narahatlığına səbəb oldu.
Çox keçmədən klubun azarkeşlərlə əlaqələndiricisi şəxsi Elmar Əliyev Sportal.az saytına açıqlama verərək ötənlərin sabiq futbolçusunun yanlış addım atdığını, Vahabzadənin arxasınca danışmasını Vidadi Rzayevə yaraşdırmadığını dedi və bundan sonra bu tipli açıqlama verən şəxslərə qarşı klub tərəfindən ciddi addımlar atılacağını bildirdi.
Sports.az-ın əməkdaşı 55 yaşını qeyd edən günü Vidadi Rzayevlə əlaqə saxlayaraq həm səbəbkarı yubiley münasibəti ilə təbrik etdi, həm də klubdan ona göndərilən hədə mesajına münasibətini öyrəndi:
“Məni tanıyanlar bilir ki, bu yaşıma qədər heç kimin arxasınca danışmamışam. Sözüm olub, üzünə demişəm. Mətbuata söylədiklərimi Yaşar Vahabzadənin özünə demişdim. Dəfələrlə demişəm ki, bu vəziyyətlə uzağa gedə bilməyəcəyik. Sonra jurnalist zəng etmişdi, ona da Vahabzadəyə söylədiklərimi demişdim. Burada kiminsə arxasında danışmalı nə var ki?
Hətta Elmar Əliyevin özü ilə söhbətdə də uçuruma getdiyimizi bildirmişdim. Mənim dediklərim klubun imicinə zərbə vurmamalıdır, əksinə, səhvlərdən nəticə çıxarılmalıdır. Klubun imicinə zərbəni dedi-qodular, böhtanlar vura bilər. Mən belə şeylərdən uzağam. Gördüyümü, bildiyimi, baş məşqçinin üzünə dediyimi mətbuata söyləməyim niyə klubun imicinə zərbə olur ki?
Əlbəttə, kişinin başına iş gələr. Yıxılanı da vurmazlar. Amma mən 3 il Yaşar Vahabzadənin yanında, arxasında dayandım. Premyer Liqaya vəsiqə qazanılan kimi hər şey dəyişdi, keçmiş unuduldu. Elmarın özünə də demişdim ki, bu komanda ilə yaxşı nəticə qazanmaq mümkün olmayacaq”.
“Kəpəz”in yeni baş məşqçisinin Tərlan Əhmədov olacağı sirr deyil. O, yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.
Futbolumuzun ən tanınmış simalarından olan Vidadi Rzayev isə Əhmədova köməkçi təyin ediləcək.
Rzayev "Kəpəz" haqda fikirlərini də Sports.az saytı ilə bölüşdü:
“Komandada problem çoxdur. Heyət yetərsizdir, futbolçular psixoloji gərginlik içindədir, cəzalı və zədəli futbolçular var. Bu dəqiqə əsas məsələ komandanı dirçəltməkdir. Yeni futbolçular alınacaq, ya yox – bilmirəm. Amma indiki vəziyyətdə çətin olacaq. Yeni gələn baş məşqçiyə “Kəpəz”də uğurlar arzulayıram”.