“Qurban Qurbanov hədsiz vətənpərvərdir” - Nurlan İbrahimov

Deyim var, gedənin yeri boş qalmır. 

Nurlan İbrahimovun futbol sahəsində çalışmaq qadağasından sonra “Qarabağ”ın mətbuat katibliyində çalışanlar öz işini layiqincə görməyə çalışır, komanda da yerli və beynəlxalq arenalarda futbol ictimaiyyətini sevindirməkdə davam edir. 

Amma Nurlanın “Qarabağ”dakı yeri, “Qarabağ”ınsa Nurlanın həyatındakı yeri hər zaman görünür və görünəcək. 

Vətən müharibəsinin qaynar vaxtında düşmənin raket atəşi sayəsində həyatdan köçən körpələrə görə qəzəblənib, ermənilərin ünvanına sərt sözlər yazan İbrahimov UEFA-nın qərarı ilə futboldan ömürlük üzaqlaşdırıldı. 

Həmin vaxtdan 2 ilə yaxın vaxt keçib, CAS Nurlanın əhvi məsələsinə baxır, lakin ortada yekun nəticə yoxdur. Həm “Qarabağ” – “Nant” oyunu ərəfəsində, həm də cəbhə bölgəsində növbəti dəfə şəhidlər verdiyimiz dönəmdə sabiq “Qarabağ”lı ilə danışmağı məqsədəuyğun saydıq. 

- Nə işlə məşğulsan? Nə edirsən? 

- İşsizliklə məşğulam, oturmuşam evdə. 

- “Qarabağ”dan ayrılandan sonra restoran biznesi ilə məşğul idin. 

- Ora ilə 1 ildən çoxdur vidalaşmışam. 

- Niyə? 

- Şərtlər uyğun gəlmədi, mən də davam etməkdə ciddi məna görmədim. 

- Ailə-uşaq sahibisən, maşallah. Bəs, dolanışığını necə təmin edirsən? 

- Allaha şükürlər olsun, yaşayırıq. 

- “Qarabağ” kömək edir? 

- “Qarabağ”dan narazılığım yoxdur. Qurban Qurbanov, Emrah Çelikel, Asif Əsgərov – xətri mənə əziz olan bu insanların hər biri ilə danışıram, əlaqədəyik. İmkan daxilində görüşüb danışırıq, oyunlardan sonra təbrik edirəm. Münasibətimiz yaxşıdırsa, narazılığım yoxdursa, demək ki, problem yoxdur. 

- Sonuncu dəfə nə vaxt bazada olmusan? 

- İkii gün əvvəl (gülür). İmkan daxilində klub və komanda üzvlərini, hətta bazada çalışan personalı belə, ziyarət etməyə çalışıram. Təxminən 5-6 ay öncə xəstəxanadan çıxandan sonra Emrah bəyi görməyə getmişdim, bir də srağagün getdim. 

- Bazanın girişi, dəhlizdəki ab-hava, vaxtilə əyləşdiyin otaq – necə təsir edir? 

- Uzun illər çalışdığım insanları ildə 2-3 dəfə görürəm. Həm ön planda olan, həm də arxa fonda çalışan insanlar var bazada, klubda. O gün özləri ilə söhbətdə deyirəm ki, aramızda o qədər doğmalıq var, sanki işdən ayrılmamışam, hər gün görüşürük. Bazaya gedəndə özümü qəti yad hiss etmirəm. “Qarabağ”da çalışan personalın əksəriyyəti 10-15 ildir birlikdə işləyir. Bu isə bir iş yeri üçün az müddət deyil. “Qarabağ”dakı insanları bir-birinə bağlayan təkcə futbol olmayıb. İnanırsız, indiyə kimi heç vaxt “niyə o oynadı, bu niyə oynamadı” müzakirəsini aparmamışıq. Hamı öz işini layiqincə görmək haqda düşünüb. Sonuncu görüşdə Asif Əsgərovun yanında oldum. 

- Aha... 

- Baxıram ki, yenə telefondadır, yenə məşğuldur, yenə nəsə iş görməyə çalışır, hər kiçik problemin həllinə tələsir. Deyirəm, 2 ildir getmişəm, sən zərrə qədər də dəyişməmisən. Düşünürdüm zamanla dəyişər, kiçik problemlərin həllini boynuna götürməz. 

- Bu gün “Qarabağ” Fransa təmsilçisi “Nant”la qarşılaşacaq. Bu məqamda 2009-cu ilin iyulun 23-ü – Ağdamın işğal günü yada düşür. “Qarabağ” Bakıda “Rusenborq”u məğlub etməklə qaçqın azarkeşlərini sevindirməyi bacarmışdı. Səncə, son günlər döyüş bölgəsində yaşananlar və ölkəmizin 50 şəhid verməsi bu axşam komanda üzvlərində əlavə motivasiya yaradacaq? 

- “Qarabağ” uzun illərdir Qarabağ həqiqətlərinin siyasət yox, futbol meydanlarındakı carçısıdır. Fikrimcə, klub üzərinə düşən missiyanın öhdəsindən artıqlaması ilə gəlir və qazandığı uğurlarla bunu sübut edir. Burada ən vacib faktor Qurban Qurbanov amilidir. Öz ölkəsini sevir, hədsiz vətənpərvərdir və komandanı oyunlara bu yöndə kökləyir. Qurbanovun ən böyük üstünlüyü bütün oyunlara, hər bir rəqibə eyni cür yanaşmasıdır.
“Nant”la oyunun da ekstra təzyiq altına salınmasını doğru hesab etmirəm. İllərin gətirdiyi peşəkarlıq var ki, komanda daha rahatdır və nə etmək lazım olduğunu bilir. Bu gün rəqibə soyuqqanlı yanaşaraq daha oynamaq daha vacibdir. Fürsətdən istifadə edib azarkeşlərə və başqa qurumlara təxribata getməməyi tövsiyə etmək istəyirəm. Çünki belə olması komandanın ziyanına ola bilər. Sakit başla, əlavə təzyiq göstərmədən “Qarabağ”a dəstək vermək lazımdır. Qurban Qurbanov komandasını bu matça lazımınca kökləyəcəyinə inanıram. 

- Stadionlarda nadir hallarda gözə dəyirsən. 

- Sonuncu dəfə “Zirə”nin “Makkabi” ilə oyununa dəvət etmişdilər, “Dalğa Arena”ya getmişdim. Açığı, ondan sonra stadionda olmamışam. 

- Niyə? 

- Özüm də bilmirəm, düzü. 

- İnciklikdir, yoxsa zərbənin təsiri? 

- Bu sualın cavabını tapmağa çalışıram, amma tapa bilmirəm. Çünki fərqli şeylər keçir ağlımdan. İnciklik, küskünlük deməzdim. Sanki qəribə bir bağ var, həmin bağ yaralanıb. Bəlkə də stadionda olsam, yaranın qaysağı qopar. Bəzən düşünürəm ki, yaranın üstü bağlanıb. Amma bir anlıq ağlımdan qaysağın qopacağı qorxusu keçir. Nə bilim, qəribə hislərdir. 

- Oyunları izləyirsən? 

- Əlbəttə. Azərbaycan çempionatının oyunlarını, avrokubok matçlarını maksimum dərəcədə izləməyə çalışıram. Demək olar bütün klublarda dostlarım işləyir, əksəriyyəti ilə çox yaxınam. Futbol sahəsində çalışdığım dönəmdə bünövrəsi qoyulan dostluq münasibəti hələ də davam edir. Mətbuat katibliyində çalışan, vəzifələri dəyişən dostlarla mütəmadi danışırıq, görüşürük. Bayaq sən zəng edəndə də “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədovla bir yerdəydik. 

- Firuz Abdulla, Aslan Şahgəldiyev, Elgiz Abbasov, Anar Hacıyev, Rəşad Məmmədov, Rüstəm Allahverdiyev... 

- Elman Himayətoğlu. Sağ olsunlar, bu ağır dönəmlərdən keçəndə, işsiz günlərimdə adlarını çəkdiyin dostlarımın hər mənada böyük dəstəyi olub mənə. Allah hər birindən razı olsun! 

- Neçə vaxtdır futbol izləyicisi rolundasan. “Qarabağ”ın mətbuat katibliyinin işini necə dəyərləndirirsən? 

- Desəm ki, xüsusi şəkildə izləyirəm, yalan olar. Hətta hər hansı nöqsan olsa belə, onu söyləməyim etik cəhətdən doğru deyil. Ümumi götürsək, işlərin qaydasında getdiyini düşünürəm. 

- Elə bir şey görürsənmi ki, sənin dönəmində yox idi, amma indi var. 

- (gülür) Nə baxımdan? 

- Məsələn, paylaşımlardakı “şirinlik”, sosial şəbəkələrin işlədilməsi, izləyicilərlə kommunikasiya və sair. 

- Dediyin işlərə Mehman Əşrəfov baxır. Mehman insanlığını və işini təqdir etdiyim biridir. Mehman potensiallı, işini bilən kadrdır. Hətta Yusif Hüseyn müəyyən müddətdə “Qarabağ”ı tərk edəndə Mehmanla əməkdaşlıqda maraqlı olmuşdum.  Bilirsən necədir? 

- Necə? 

- Qurban Qurbanovun heç vaxt unutmayacağım sloqanı var. Deyirdi, həyatda hər kəs öz işini düzgün görməyə çalışsa, problem maksimum dərəcədə az olacaq. Məncə, bu düşüncə “Qarabağ”da çalışan hər bir əməkdaşda var. 

- Gündüz Abbaszadə ilə münasibətin necədir? 

(davamı olacaq)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar