Hüseyn dünya ikincisi oldu, Rəvan üçüncü oldu
İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatına yekun vurulub.
Sports.az xəbər verir ki, son yarış günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Muhəmməd İsmayılov (51 kq) iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.
Nihad Abasov (71 kq) 1/8 finalda amerikalı Melvin Millerə (0:11), Fərhad Süleymanlı (92 kq) təsnifat mərhələsində digər amerikalı Con Diakomihalisə (3:7) uduzub.
Beləliklə, millimiz dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.