Azərbaycan güləşçisi dünya çempionatının finalında

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı sona yaxınlaşır.

Sports.az xəbər verir ki, mundialın 6-cı günündə son 3 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

İntiqam Vəlizadə (61 kq) ilk mərhələdə Şri-Lankadan olan Oşanda Samaradivakaranı tam üstünlüklə (10:0) məğlub etsə də, 1/8 finalda kolumbiyalı Elkin Santaya müqavimət göstərə bilməyib - 2:12.

Xadjimurad Qadjiyev startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb - 13:2. Yığma üzvü 1/8 finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib - 10:0. Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən Xadjimurad adını finala yazdırıb. Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşacaq.

Vaxit Qalayev (125 kq) 1/8 finalda bolqarıstanlı Georgi İvanova 4:1 hesabıyla qalib gəlsə də, növbəti mərhələdə qazaxıstanlı Alişer Yergaliyə uduzub - 4:5.

Bu çəkilərdə medal görüşləri sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar