“Qarabağ” “Frayburq”u udub qrupdan çıxacaq”

Premyer Liqaya qayıdan “Turan Tovuz” elitada uğurlu dönüşlə yadda qalır. Uzun fasilədən sonra yenidən doğma formanı geyinənlərdən biri Cavid Tağıyevdir. 

30 yaşlı yarımmüdafiəçi Sports.az saytına müsahibəsində bir çox məqamlara aydınlıq gətirib. Millimizin sabiq üzvü həm cari mövsümdəki uğurlu çıxışın, həm də şəxsi karyerasında yaşadığı enişin səbəblərini açıqlayıb. 

- Premyer Liqanın ötən turunda “Sumqayıt”la oyunu o qədər yaxşı keçirməsəz də, sonda qələbə qazandınız. Baxımlı oyun, yoxsa qələbə sizin üçün daha vacibdir?
- Futbolda olur ki, oyun alınmır, bəzən də yaxşı oyun müqabilində xal qazana bilmirsən. Düşünmürəm ki, baxımsız futbol sərgilədik. Oyun ərzində epizodlarımız oldu. Düzdü, temp aşağı idi. Əsas odu ki, 3 xalı qazana bildik. 

- “Turan Tovuz”un 15 xal toplaması çoxları üçün sürprizdi. Debütant üçün bunu uğur saymaq olar, yoxsa daha yaxşısı mümkün idi?
- Məncə, sürpriz deyil. Yaxşı kollektivimiz var. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirə bilirik. Bunu nəzərə alaraq, deyə bilərəm ki, daha böyük uğurlara imza atacağıq. 

- Əcnəbi futbolçularınız Tovuza artıq uyğunlaşa bilib, yoxsa hansısa çətinlikləri olur?
- Çətinlik çəkdiklərini düşünmürəm. Yeni gəldikləri zaman, bəlkə də, belə hallarla üzləşmişdilər. İstənilən halda Bakı ilə Tovuz eyni deyil. Ancaq mehriban kollektivimiz olduğu üçün heç bir çətinlik çəkmirlər. 

- Azarkeşlərin komandaya münasibəti necədir?
- Çox yaxşıdır. Nəinki oyunlara, hətta məşqlərə də kifayət qədər azarkeş gəlir. Onlara təşəkkür edirəm. Bizi hər matçda yüksək səviyyədə dəstəkləyirlər. Onların sayəsində böyük ruhla oynaya bilirik. 

- Uzun müddət paytaxtda yaşadıqdan sonra yenidən Tovuza dönmüsünüz. Nə kimi fərqlər var?
- Burada böyüyüb boya-başa çatmışam. Ailəm də hazırda Tovuzda yaşayır. Fərq ondadır ki, Bakı böyük şəhərdir, restoranları var. Düzdür, arada darıxıram. Amma rayonun da üstün tərəfləri var. Çox yerə gedə bilmirsən, məşqdən çıxdın evə, evdən yenidən bazaya. Futbola rahat köklənə bilirsən. Ailəmin də yanımda olması mənim üçün rahatlıqdır. Bakıdakı oyunlara yollananda orada da qalırıq. 

- Ümumiyyətlə, 2008-2012-ci illərdə oynadığın “Turan Tovuz”la indikini müqayisə edə bilərsiniz?
- Böyük bir fərq yoxdur. Tovuzdan həmişə yaxşı futbolçular çıxıb. Hazırda akademiya da fəaliyyət göstərir. Potensiallı gənclər var, məşqlərdə onları görürük. Sadəcə, indi şərait, stadion daha yaxşıdır. Bu da normaldır. Çünki xeyli vaxt keçib. Hər yerdə olduğu kimi, Tovuzda da bu baxımdan inkişaf var. Komanda uzun müddət Premyer Liqada iştirak etmədi. Məncə, bu ildən etibarən Tovuzda yenidən yaxşı oyunçular yetişəcək. Əvvəllər də bütün çətinliklərə baxmayaraq, bacarıqlı futbolçular üzə çıxırdı. 

- Mövsümün əvvəlində “Şamaxı”nın düşərgəsində olsanız da, ora keçidiniz baş tutmadı. Alınmadığı üçün indi sevinirsiniz?
- “Şamaxı”da bir gün məşq etdim. Üstündən xeyli vaxt keçib. Bir anlıq qərar idi, amma yenidən doğma klubuma qayıtdım. Yaxşı ki, bu qərarı vermişəm. 

- “Turan Tovuz” və AZAL-dakı oyununuz sayəsində gələcəyin istedadı sayılırdınız, hətta 2 il “Qarabağ”da oynadınız. Sonradan karyeranızda yaşanan enişin səbəbi nə oldu?
- Çox ağır zədələr aldım. Heç bir idmançıya bunu arzulamıram. Pandemiya ərəfəsində dizimdən əməliyyat olundum, bir il futbolsuz qaldım. Bütün bunlardan sonra toparlanmaq çətin olur. İndi özümü daha yaxşı hiss edirəm. Karyeramla bağlı hansısa səhv qərar verdiyimi deməzdim. Zədə idmançının başına gələn şeydir. Əsas odur ki, ağır dönəmlərdən keçsəm də, həvəsdən düşmədim. 

- Vaxtilə Azərbaycan millisinə qədər yüksəlmişdiniz. Yenidən əvvəlki Cavid Tağıyevi görə biləcəyik, yoxsa yaşla bağlı artıq gecdir?
- Hələ 30 yaşım var, özümdə də güc hiss edirəm. Yaşımın çox olduğunu düşünmürəm. İstər Azərbaycan, istərsə də dünya futbolunda görürük ki, 30 yaşdan sonra futbolçular necə performans ortaya qoyurlar. Hər şey özümdən asılıdır. Niyə də olmasın? Komandama fayda verəcəyim halda yenidən milliyə dəvət oluna bilərəm. Yığmanın formasını geyinmək hər bir futbolçu üçün qürurdur. 

- Sabiq komandanız “Qarabağ”ın Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?
- “Qarabağ” qrupdakı oyunları yüksək səviyyədə keçirir. Ötən tur “Nant”a məğlub olsalar da, pley-offa yüksəlmək şansları var. Fikrimcə, “Qarabağ” bu gün “Frayburq” üzərində qələbə qazanaraq qrupdan çıxacaq. Oyunu ilə qrupda buna ən çox layiq olan komandadır. 

- “Qarabağ”ın avrokubok oyunlarına baxanda öz-özünüzə demirsiniz ki, kaş mən hələ də orada olaydım?
- Düzünü desəm, yox. Nə futbolla, nə də şəxsi həyatımla bağlı peşmanlığım var. Heç vaxt “kaş bu olardı” demirəm. Heç nəyə görə üzülmürəm. “Qarabağ”da çox yaxşı vaxtlarım keçib, böyük oyunlarda iştirak etmişəm. Uşaqlıqdan arzuladığım dönəmi orada yaşamışam. Futbol həyatı belədir. Bu gün burdasan, sabah başqa klubda ola bilərsən. 

- Milli komandamızın AVRO-2024-də Belçika, Avstriya, İsveç, Estoniya qarşısında şansını necə görürsünüz?
- Çox çətin qrupa düşmüşük. Yığmamız son oyunları yaxşı keçirdi, qələbələr qazandı. Məncə, bu rəqiblərlə mübarizə aparmaq olar. Milli üzvləri asan təslim olmayacaq. Ora çağırılanlar yığmanın formasını geyindiyini dərk edir, buna görə də əlindən gələni edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar