Ağ-qara
UEFA Konfrans Liqasında “Neftçi” ilə “Aris” arasında keçirilən oyunu stadiondan canlı izlədim. Matçdan əvvəl "ağ-qaralar"a inamım böyük idi və bunu Sports.az-dakı "Neftçi"yə dəstək lazımdır!" yazımda ifadə etmişdim. “Neftçi” də sağ olsun, ümidlərimizi doğrultdu. Qarşılaşma barədə xeyli yazıldığından, həm də artıq üstündən iki gün keçdiyindən oyun ətrafında yaşanan hadisələrdən təsirlənərək bir qədər filosofluq etmək istəyirəm.
Matç başlamamışdan öncə meydanın iç-kənarında, mərkəz xəttin auta yaxın hisssəsində yerə sərilmiş PEACE – МИР sözləri yazılan bannerin ətrafında, əyinlərində “Neftçi”nin ağ-qara formasını geyinmiş uşaqlar dayanmışdı. Hərəkətlərindən dəcəl və həm də ərköyün təsiri yaratan bu uşaqların əllərində biri ağ, digəri qara rəngdə olmaqla iki ədəd şar var idi. Oyun başlamamışdan öncə onlar həmin şarları havaya uçuracaqdılar. Az sonra bildim ki, bu uşaqlar şəhid övladlarıdır. Onların əyinlərindəki formanın kürəyinin ağ hissəsində qara hərflərlə hər birinin atasının adı yazılmışdı.
Yazım da bu ağ-qara təzad haqqında olacaq.
Ağ rəng xoş gün, qara rəng isə, yumşaq desək, xoş olmayan günlərin rəmzidir. Görəsən bu uşaqların həyatı ağdır, yoxsa qara?
Onların ataları ölkənin üstündəki qara ləkəni təmizləmək, yəni qaranı ağartmaq üçün öz ailələrinin həyatını qaraya boyadılar. Kimsə mənə sübut etməyə çalışmasın ki, o uşaqların həyatı ağ rəngdədir. Bu uşaqlar nə qədər təminatlı olsalar belə, onların həyatı qaradır. Bu qaranın ağarması üçün onların atalarının bircə nəfəsi, bircə sözü kifayət edərdi. Amma qeyd etdiyim kimi onların ataları ölkənin üstündəki qaranı ağartmaq üçün canlarını fəda etdilər.
Görünür ki, qara və ağ rənglər həyatımızda eyni miqdardadır. Bir tərəfdən qaranı ağartmağa çalışsan və buna nail olsan, başqa tərəfdən qara hopacaq. Amma bu qaralmanı kimsə öz üzərinə götürməlidir.
Hər bir insanın missiyası var. Kimsə ölkəsi üçün canından keçir, kimsə də oğurlamaqla ölkənin nemətindən faydalanır. Bir-birinə ziddiyyət təşkil edən bu addımlar da ağ-qara rəng kimi görünür. Amma hansı ağdır, hansı qaradır, müəyyənləşdirmək çətindir. Şəhid olmağı bəyaz rəng sayırsızsa, mən bunun əksini deyə bilərəm. O, fiziki olaraq aramızda yoxdur, ailəsi onsuz xoşbəxt deyil. Bunu necə bəyaz, ağ gün adlandırmaq olar? Yaxud əksinə, oğurlayanı, nə qədər haram yeyən adlandırıb ona qara desəniz də, o adam rahatdır, təminatlıdır və deməli xoşbəxtdir, buna da qara demək olmaz.
Belə nəticəyə gəlmək olar ki, bu nümunədə maddi planda ağ rəng mənəvi baxımdan qara görünür və əksi, maddi planda qara görünən mənəvi cəhətdən ağdır.
Ağ və qara rəng bizim həyatımızda hər yerdə var. Bəzi filosofların düşüncəsinə görə ömür ağ və qara zolaqlardan ibarətdir. Doğulduğun gündən ölən günəcən həyatımız boyu bunlar bir-birini əvəzləyərək davam edir.
Hətta “Neftçi” də matç günü rənglərində olan bu təzadı simvolizə etdi. Meydana çıxanda o, qara rəng idi – 0:2 hesabını nəzərdə tuturam. Lakin oyunun gedişində ağ zolağa keçdi – 3:0.
Qayıdaq həmin görüşün əvvəlinə, əllərində ağ-qara şar tutan həmin uşaqlara. Matç başlamamışdan öncə, bu uşaqların ayaqlarının ucunda yerə sərilən baner barədə qeyd etmişdim. Bu bannerə yazılmış PEACE – МИР sözləri ingilis və rus dilindədir, azərbaycan dilinə tərcüməsi SÜLH mənasını verir. Bu, məktəbdə oxuduğumuz dövrdə bizə ən çox öyrədilən söz idi. Amma Qarabağda gedən son müharibə zamanı sülh sözü xəyanət sözünə sinonim kimi səslənirdi. Bu sinonimi yaradanlar arasında hər nəsildən nümayəndə var idi. Görünür, ya dərslərini yaxşı oxumayıblar, ya da öyrədən olmayıb. Ki, sülh qara rəng deyil, ağ rəngdir.
Nə isə, futbolçular meydana çıxdıqdan az sonra PEACE – MİR bannerinin ətrafına yığılmış həmin atasız uşaqlar əllərində tutduqları ağ-qara şarları havaya buraxdılar. Diqqət etdim, onların hamısı şarını göyə uçurtsa da lap sonda, hamıdan kiçik olan qızın əlində bir şar qalmışdı, özü də qara rəngdə. Ağ şar ya əlindən çıxıb uçmuşdu, ya da özü öncədən havaya buraxmışdı. Bu ana fəlsəfi yanaşsaq, vaxtından tez əlindən uçduğu ağ şar o uşağın atasını simvolizə edirdi, əlində qalan qara şar isə atası gedəndən sonra ona qalan həyatı. Bir qədər sonra bu uşaq əlindəki qara şarı da havaya buraxdı və bu şar da göyə uçdu. Artıq uşaqların heç birinin əlində ya ağ rəngdə, ya də qara rəngdə şar qalmamışdı. Bu vəziyyət isə onların önündə yeni, yazılmamış səhifələrin simvolu idi. Yeni səhifələr ağ olacaq, yoxsa qara? Bu cəmiyyətimizin necə inkişaf edəcəyindən asılıdır.
Oyundan sonra mətbuat konfransına qatılmadım. Rayona tələsməliydim, növbəti gün övladım Ülvünün 25 yaşı tamam olacaqdı.
Sadəcə, indi özüm də izah edə bilmirəm ki, mən matç günü ağ zolaqda idim, səhəri günü qara zolağa keçdim, yoxsa qarada idim, ağa keçdim.
Sual edə bilərsiz, bir atanın övladının yaşının tamam olması günü niyə qara olsun ki?
Əgər həmin övlad bu həyatda yoxdursa, qara sayıla bilər.
Lakin o, şəhiddirsə və torpaq, vətən uğrunda həyatından keçmək bütün dinlərə görə, hətta dinsizlərin fikrincə, şərəfli iş sayılırsa, onda necə?
Bilmirəm. Çətin sualdı.
Stadionun olduğu “Vosmoy”dan çıxıb "Şamaxinka"ya çatanda saat 00:00 olardı. Rayona gəldiyim taksi sürücüsü ilə yolda söhbət edərkən məlum oldu ki, o, qazidir. Müxtəlif mövzulardan, o cümlədən müharibə və sonrakı dövrdən danışdıq.
Ertəsi şəhid ataları, qohum əqraba və rayonun aidiyyatlı vəzifəli şəxsləri ilə Ülvünün qəbrini ziyarət eidik. Molla Yasin surəsini oxudu, sonra şəhid atalarından birinin təklifi ilə şəkil çəkdirdik və evə gəldik.
Həmin vaxt Facebook səhifəmdə Ülvüyə aid üç şəkil paylaşdım və sonradan onun səhifəsini də işarələdim.
Bu şəkillərin hər birinə aid geniş yazı həsr edə bilərəm. Lakin buna ehtiyac görmürəm.
Sonradan, bu yazı üzərində işləyərkən paylaşdığım şəkillərdən birini xatırladım. Çox güman bu şəkli Ülvü özü çəkmişdi.
Və həmin şəkil ağ-qara idi...