“O cür meydançada məşq keçmək uşağı futbolçu yox, bədbəxt edir” - Premyer Liqanın ən yaşlı futbolçusu
“Qəbələ”nin kapitanı Asif Məmmədovun bu gün 36 yaşı tamam olur. Azərbaycan Premyer Liqasının ən yaşlı futbolçusu bununla bağlı Sports.az saytına müsahibə verib. Təcrübəli yarımmüdafiəçi həm şəxsi həyatından danışıb, həm karyerasını vərəqləyib, həm də gələcək planlarından bəhs edib. II Vətən Müharibəsinin də iştirakçısı olan Asif Məmmədov torpaqlarımız işğaldan azad olunduqdan sonra doğma Ağdama getməsi ilə bağlı təəssüratlarını da bölüşüb.
- Əvvəla doğum günü münasibətilə sizi təbrik edirik. Bir neçə il əvvəl 36 yaşınızı futbolçu kimi qeyd edəcəyinizi gözləyirdiniz?
- Təbrikə görə çox sağ olun. Bəli, gözləyirdim. Hər şey yaxşı olsa, hələ 38 yaşımı da futbolçu kimi qeyd etməyi gözləyirəm. İndidən deyim ki, iki ildən sonra bu sual veriləndə yadıma düşsün.
- Bu 36 il şəxsi həyatınızda və karyeranızda sizə nə verdi, nə aldı?
- Geridə qalan illər mənə çox şey verib. Belə demək olarsa, verdiyi aldığından çox oldu. Futbol həyatımı hərtərəfli dəyişib. Bu gün ailəmə, yaxınlarıma, özümdən başqa daha bir neçə adama baxa bilirəmsə, buna görə futbola borcluyam. Hamı bilir ki, futbolda qazanc daha yaxşıdır. O ki qaldı şəxsi həyata, hamıda olduğu kimi, məndə də enişli-yoxuşlu günlər olub. Ümumi götürəndə yaxşı günlərim daha çox idi.
- 2015/16 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”suna vurduğunuz qələbə qolu ilə “Qəbələ”nin tarixi yürüşünü başlatdınız. Həmin vaxt bunun böyük zəfərin başlanğıcı olacağını heç təxmin edərdiniz?
- Sözün düzü, buna inanmırdım. Həmin vaxt biz tarix yazdıq. Ardıcıl 4 mərhələ keçərək Avropa Liqasının qrupuna düşdük. Bunu edəcəyimizə inanmırdım. Çünki, bizi qrupa qədər çox güclü komandalar gözləyirdi. Ancaq bu, onu göstərir ki, futbolda hər şeyə hazır olmaq lazımdır.
- Ümumiyyətlə, karyeranızın ən gözəl qolu hansıdır?
- Karyeramın ən yaddaqalan qolu elə "Dinamo"ya vurduğum topdur. Ondan da gözəl qollarım olub. Amma həmin qol daha anlamlı idi.
- Bəs şəxsi həyatda hansı anı heç vaxt unuda bilmirsiniz?
- Övladlarımın dünyaya gəldiyi günü heç vaxt unuda bilmərəm. Bunlar mənim ən sevincli günlərim olub. Pis mənada da unuda bilmədiyim günlər var, ancaq onu demək istəmirəm.
- Peşmanlığınız çox olub?
- Peşmanlıq hamıda olub. Futbolla bağlı peşmanlığım o vaxt "Xəzər Lənkəran"a keçməyimdir. Buna həm peşmanlıq, həm də cavanlıq səhvi demək olar. Həmin səhvi etməsəydim, bəlkə də, indi bu yerdə olmayacaqdım. Amma o səhv həm də ayılmağıma kömək elədi.
- Konfrans Liqasının I təsnifat mərhələsində “Fehervar”la ilk görüşdə İlkin Qırtımovla bağlı məlum hadisə zamanı hamı başını tutanda siz ona dərhal kömək etdiniz. Deyəsən, bu baxımdan təcrübəniz var idi...
- Bəli, təcrübəm var. İlkin artıq üçüncü adam idi. Yaxınında olmağımın da rolu var. Amma yaxında olmasaydım belə, qaçaraq ora gedər, həkimlər gələnə qədər ilkin yardım edərdim. Bu hadisədən təxminən bir ay əvvəl məşhur bir adam yanımda bu vəziyyətlə üzləşmişdi. Həmin an orada başqa heç kim yox idi və əlimdən gələn köməyi elədim. Çox şükür, onun da səhhəti indi yaxşıdır.
- 44 günlük II Vətən Müharibəsinə yollansanız da, bundan ictimaiyyət çox gec xəbər tutdu. Həmin vaxt yaxınlarınıza da deməmişdiniz?
- Əslində bu mövzu haqda danışmaq istəmirəm. Evdə yalnız həyat yoldaşım bilirdi. Ata-anamın xəbəri yox idi. Mənə yaxın olan 5-6 dostum da bilirdi. Yoldaşımla əlaqə saxlayanda oradakı səslər eşidilirdi. Ona görə ondan gizlədə bilmədim.
- İşğaldan azad olunandan sonra Ağdamı gedib görəndə hansı hissləri keçirdiniz?
- Ağdamı gedib görəndən sonra çox pis oldum. 7 yaşımda çıxmağıma baxmayaraq, öz kəndimizə getdim və evimizi tapdım. Orada dayanıb evə görüntülü zəng vurdum və valideynlərimə göstərdim. Deyirlər ki, uşağın yaddaşı iti olur. Evi tapdım deyəndə, ondan qalan daş-kəsəyi tapdım. Həm üzülürdüm, həm də sevinc hissi keçirdim ki, qayıtmışıq, öz torpağımdayam. Həm acı, həm də xoş xatirələr oldu. Elə bil Allah tərəfindən yaddaş verilmişdi, 7 yaşımda çıxmağıma baxmayaraq, orada keçirdiyim günlər, uşaqlarla oynadığın oyunlar yadımdadır. İnşallah, yaxın zamanlarda köçüb orada yaşayarıq.
- Qayıdaq futbola. Premyer Liqanın ən yaşlı futbolçususunuz. Zlatan İbrahimoviç kimi 40 illiyinizi də futbolçu kimi qarşılamaq istəyirsiniz, yoxsa ayrılıq barədə düşünməyə başlamısınız?
- Ayrılıq barədə hələ fikirləşmirəm. Nə qədər bacaracağamsa, oynayacağam. Ola bilsin ki, 6 aydan sonra gücüm çatmadığını görüb futboldan getdim. Eyni zamanda daha 3-4 il də oynaya bilərəm. Heç çempionatı demirəm, Konfrans Liqası matçında 90 dəqiqə meydanda oluramsa, deməli, hələ gücüm var.
- Karyeranızı bitirdikdən sonrakı planlarınızı qurmusunuz?
- Açığı, bu barədə düşünməmişəm. Hələlik, yalnız futbol oynamağa köklənmişəm. Mənim işim futboldur, karyeramı bitirdikdən sonra da bu sahədə qalmaq istəyərəm.
- Maddi sıxıntı səbəbindən Qəbələ Futbol Akademiyası normal fəaliyyət göstərə bilmir. Bunun Azərbaycan futboluna nə kimi mənfi təsiri ola bilər?
- Təkcə "Qəbələ"də yox, Azərbaycanda futbolu inkişaf etdirmək istəyiriksə, ilk növbədə akademiyalara diqqət ayrılmalıdır. O ki qaldı "Qəbələ"yə, o cür bazası, şəraiti olan kluba əgər baxılmırsa, köməklik göstərilmirsə, bu məni üzür. Çünki "Qəbələ"nin vaxtilə uşaq futboluna yatırdığı vəsaitin bəhrəsini bu gün Azərbaycan futbolu görür. 4-5 ildən sonra necə olacağı sual altındadır. Gizlətməyək, hamı görür ki, futbolçu yetişmir, aşağıdan gələn yoxdur. Məncə, futbolumuzu yaxşı gələcək gözləmir. Buna görə də bütün klublar akademiyalara diqqət ayırmalıdırlar.
- Ümumiyyətlə, Azərbaycan futbolunun əsas problemi nədir?
- Elə uşaq futbolu. 1998-1999-cu il təvəllüdlülərdən sonra elə güclü futbolçu çıxmır. Əvvəllər bir yaş qrupunda 10 nəfər üzə çıxardısa, indi 1-2 nəfər seçilə bilir. "Qəbələ" Futbol Akademiyasının da uşaqları çoxluq təşkil edirdi. İndi hansı kluba baxsaq, orada "Qəbələ"nin yetirməsini görmək olar. Çünki həmin vaxt uşaqlara böyük diqqət ayrılırdı, xarici ölkələrə beynəlxalq turnirlərə aparılırdı. Belə turnirlərdə gözləri açılırdı. Bu gün ancaq öz aralarında oynayırlar, o da hansı səviyyədədir, gedib görmək lazımdır. Məsələn, mənim uşaqlarım da futbola gedir. Onların məşq elədikləri yerə baxıram, uşaqlara yazığım gəlir. Onlardan futbolçu çıxıb-çıxmayacağı bilinmir. Həmin meydançada məşq keçmələri futbolçu olmasalar belə, gələcəkdə səhhətlərində ciddi problemə səbəb ola bilər. Jurnalistlərə də məsləhət görürəm ki, gedib "Neftçi"nin köhnə bazasına baxsınlar, orada çəkiliş eləsinlər. Jurnalist də bu məsələni ictimailəşdirməlidir. Orada futbol oynamazlar. Futbolun inkişafını istəyirsinizsə, çəkiliş etməli, müzakirəyə çıxarmalısınız ki, heç olmasa bəlkə sizin səsinizi eşidələr. O cür meydançada məşq keçmək uşağı futbolçu eləmək yox, bədbəxt eləmək deməkdir.
- Bəs belə vəziyyətdə oğlunuzun futbola getməsinə nə yaxşı imkan verirsiniz?
- Sözün düzü, oğlumun futbolçu olmasını istəməzdim. Ancaq uşaqda o qədər həvəs var ki, qarşısını ala bilmirəm. Fikirləşirəm ki, uşağın həvəsi var, getsin. Amma o şəraitdə futbola getməkdənsə, futbol oynamasa, daha yaxşıdır. Bizdə digər problem də odur ki, uşaq futbolçu olacaqsa, məktəbi beynində bitirir. Futbol məktəbi ona görə yaxşıdır ki, orada həm dərsinə diqqət yetirirlər, həm də futbolçu kimi yetişdirirlər. Məsələn, uşaq dərsinə qarşı laqeydlik eləsə, məşqçi onu məşqə buraxmasın. Belədə uşaqlar dərslərini də oxuyacaqlar. Çünki onların 10 faizi peşəkar futbolçu olur. Azərbaycanda futbola getdinsə, məktəbin başını buraxmalısan. Dərsliklər də o qədər çətindir ki, uşaq məktəbdən sonra 10 müəllim yanına hazırlığa getməlidir ki, savadlı olsun. Belədə də futbola vaxtın qalmır. Yəni ikisindən birini seçməlisən. Uşaq 17-18 yaşından sonra futbolçu ola bilmirsə, Allah bilir ondan sonra harada işləyəcək. Buna görə də futbol akademiyaları çox vacibdir.
- Premyer Liqada yeni mövsüm start götürür. Qarşınıza qoyulan hədəflər nələrdir?
- Hədəfimiz ötən mövsümdəki kimi ancaq irəli getmək, bütün oyunlara yüksək əhval-ruhiyyədə çıxmaqdır. Bu il yarımçıq qoyduğumuz işi gələn il tamamlamaq istəyirik. "Fehervar"la səfər oyununda həyəcanlı idik, avrokuboklarda debüt edən gənclərimiz çox idi. Gördülər ki, bura tam başqa turnirdir. Məqsədimiz bu mövsüm də avrokuboklara vəsiqə qazanmaq və orada daha uğurlu çıxış etməkdir.
- Mövsümün açılış turunda debütant “Turan Tovuz”la qarşılaşacaqsınız. Mövsümə məhz Tovuz səfərində başlamağın sizin üçün bir önəmi var?
- Tovuzda neçə il idi Premyer Liqa səviyyəsində oyun olmurdu. İlk turda ora səfər etməyimiz çox sevindiricidir. Mən bilirəm ki, bizi Tovuzda nələr gözləyir. Orada azarkeşlər futbolu çox sevirlər. Bizi çox çətin səfər matçı gözləyir. Bu görüşə ikiqat hazırlaşmaq lazımdır. Heç kim düşünməsin ki, "Turan Tovuz" Premyer Liqaya yeni yüksəldiyi üçün asan olacaq. Hətta deyərdim ki, bizi "Fehervar"la oyundan da çətin qarşılaşma gözləyir.