Arxandayam, Qurban Qurbanov!
Tez-tez çıxışlarımda deyirəm ki, Azərbaycan oxucusunun həssasiyyəti yoxdur. Onlar bir kitab oxumaqla yazıçının daxili dünyasını, keçirdiyi duyğuları, necə bir insan olduğunu, hansı stiuasiyada hansı addımları ata biləcəyini, necə davranacağını, mənəvi keyfiyyətlərini, bir sözlə, müəllifin psixoloji portretini göz önündə canlandıra bilmir. Bizim oxucular mütləqdir ki, o yazıçı ilə çayxanada otursun, həmsöhbət olsun, bəlkə, bundan sonra öz yazıçısı haqqında müəyyən bir təsəvvürləri formalaşsın. Niyə belədir? Çünki bizdə kitab almaq, kitab satmaq mədəniyyəti olmadığı kimi oxu vərdişimiz də yoxdur.
Bu xüsusiyyət təkcə kitaba, yazıçıya yox, bütün sahələrə və o sahənin zəhmətkeşlərinə münasibətimiz belədir.
Məsələn, son günlər "Qarabağ" futbol klubu və onun baş məşqçisi Qurban Qurbanova baxıram. Qurbanovla şəxsi münasibətim olmasa da, onu çox yaxşı anlayır, başa düşürəm. Üzərinə düşən missiya çox ağırdır və Azərbaycan xalqının, futbol azarkeşlərinin ondan gözləntiləri çox böyükdür. Bu gözləntilər ləyaqətli baş məşqçimizə hansı hissləri yaşadır, bunu da dərk edirəm. Bu gözləntilər bitmir, hamı növbəti - daha böyük uğur istəyir.
"Qarabağ" bu axşam futbol tariximizdə ən vacib oyunlardan birinə çıxır. Komanda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Avropanın köklü klublarından "Ferentsvaroş"un qonağı olacaq. Ağır səfər matçını dünyada yaşayan milyonlarla azərbaycanlı səbrsizliklə gözləyir. Bakıdakı matç bəlkə də, sıradan azarkeşlərin ümidini doğrultmadı. Amma əsas heyətin 4 üzvü - komandanın dayaqlarından sayılan Medina, Medvedev, Almeyda və Kadi bu qarşılaşmada iştirak edə bilmirdi. Buna baxmayaraq, "Qarabağ" güclü rəqibə məğlub olmadı. Şans olsa qalib də gələ bilərdi. Bu gün isə fərqli oyun olacaq. Kadi ilə Almeydanın qayıdışı "Qarabağ"ın oyununu birmənalı gücləndirəcək. Bunu baş məşqçi Qurban Qurbanov da xüsusi vurğulayıb.
14 il əvvəl "Qarabağ"ın sükanı arxasına keçən Qurban Qurbanov Azərbaycan futbolunda heç vaxt xəyal belə etmədiyimiz uğurlar qazanıb. Burada təbii ki, zamanında gənc mütəxəssisə böyük etimad göstərmiş klub rəhbərliyinin səbrini və peşəkarlığını da qeyd etmək lazımdır. Artıq komandanın futbolçuları da bir zaman peraşki yeyib oyuna çıxmaqla Qarabağın adını yaşatmaq entuziazmı ilə alışıb yanan yarıhəvəskarlar deyil, əsl peşəkarlardır. Onların bu səviyyəyə çatmasında Qurban Qurbanovun və klub rəhbərliyinin əməyi çox böyükdür. Yəni, "Ferentsvaroş" nə qədər köklü klub olsa da, büdcəsi nə qədər çox olsa da, doğma azarkeşləri önündə oynasa da, "Qarabağ"da artıq Avropa meydanlarının əzmkar və mübariz döyüşçüsüdür. Çerçesov və komandası bunu gözəl anlayır və ilk oyundan da gördük ki, nə qədər ciddi yanaşırlar.
Bu gün "Qarabağ" çox böyük təzyiq altında olacaq. Amma Qurbanov və komandası artıq hamını çətinliklərdən başı uca çıxmağa, tarix yazmağa öyrədib. Çempionlar Liqası qrupu, avrokubok pley-offu, Madriddə "Atletiko" ilə heç-heçə, ağlımıza gəlməyən başqa fantastik uğurlar... Bunları bizə "Qarabağ" bəxş edib!
Püşk "Ferentsvaroş"u bizə rəqib çıxarandan sonra gözlənilmədən Rusiyada bu cütə böyük maraq yarandı. Hətta Bakıdakı oyuna da qonşu ölkədən çoxlu jurnalistlər gəlmişdi. Bunun səbəbi Macarıstan klubunu Rusiya yığma komandasının keçmiş baş məşqçisi Stanislav Çerçesovun çalışdırması idi. Rusiyalı mütəxəssislər komandamıza və baş məşqçimizə çox yuxarıdan baxırdı, əminliklə məğlub edəcəklərini düşünürdülər. Amma ilk matçın final fitindən sonra məğlubiyyətdən canını şans əsəri qurtarmış Çerçesovun ona yaxınlaşıb əl verən Qurbanovla əsəbi formada görüşməsi "Qarabağ"ın oyununun bizə yuxarıdan baxanlar üçün də soyuq duş effekti verdiyini göstərirdi.
"Qarabağ" onsuz da başından yuxarı tullanıb. Qurbanov və komandası qəlblərin qalibidir. Həm oyunu, həm davranışı, ləyaqəti, şəxsiyyəti ilə hamının hörmətini qazanmış Qurban Qurbanovun komandası da baş məşqçisinə bənzəyir.
Mən bütün qəlbimi, ruhumu Qurban Qurbanovun və futbolçularının qəlbinə, ruhuna qoşuram. Onun daxili dünyasını, keçirdiyi duyğuları, necə bir insan olduğunu, hansı stiuasiyada hansı addımları ata biləcəyini, necə davranacağını, mənəvi keyfiyyətlərini, bir sözlə, baş məşqçimizin psixoloji portretini göz önündə canlandırmağım üçün Qurbanovla çayxanada oturmağa, həmsöhbət olmağıma ehtiyac yoxdur.
Baş məşqçimizə və komandamıza uğurlar arzulayıram!
Ürəkli ol, Qurban!
Çünki sən artıq qalibsən!
Bu gün mərhələ keçsək də, keçməsək də, oyunu udsaq da, uduzsaq da biz artıq qalibik!
Möhkəm ol...
Arxandayam, Qurban Qurbanov!