“Ludoqorets”in baş məşqçisi “Qarabağ”a ağır məğlubiyyətdən danışdı
"Ağır məğlubiyyətdir. Çoxlu səhvlər etdik. Problem bunda idi. Erkən qol buraxdıq".
Sports.az xəbər verir ki, bu sözləri "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab matçında sonra mətbuat konfransında deyib.
2:7 hesablı məğlubiyyəti şərh edən mütəxəssis bildirib ki, belə oyunlardan dərs çıxarmalıdırlar: "Belə bir matçı təhlil etmək çətindir. Sonda çox risk etdik və ona görə də rəqib çoxlu qol vurdu. Hesab bərabər olandan sonra toparlanmağa çalışsaq da, yaxşı oynamadıq. Futbolçular Avropada qalib ruhunu mənimsəməlidirlər. Belə matçlardan çox dərs çıxarmaq olar, futbolçular yüksələ bilər. Başqa cür də ola bilərdi, amma təəssüf ki, reallıq budur".
Xatırladaq ki, "Qarabağ" Bakıda keçirilən ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzsa da, cavab matçında 7:2 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Bolqarıstan klubu isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.