“Göygöl”ə texniki məğlubiyyət verildi
AFFA 2-ci Liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.
Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Buna 3-cü turda “Şəmkir” klubu ilə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub. Bununla yanaşı, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.
AFFA meydan sahiblərini daha bir neçə səbəbdən cərimələyib. Belə ki, iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80 manat cərimələnib. "Göygöl" xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə isə 50 manat cərimələnib.
Qeyd edək ki, sentyabrın 16-da baş tutan "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.