"Turan Tovuz"a qarşı nəticəyə təsir edən səhv...
Premyer Liqada 8-ci tur kifayət qədər maraqlı və məhsuldar keçdi.
Turun mərkəzi matçı "Qarabağ" - "Sabah" qarşılaşması idi. Qurban Qurbanovun yetirmələrinin "Malmö" ilə prinsipial oyunöncəsi gücünü qoruyacağlnı və xal itirəcəyini düşünmək olardı. Amma ağdamlılar ilk 17 dəqiqədə 3 qol vuraraq bu fikirləri alt-üst etdilər.
Düzdü, "Sabah" bu zərbədən sonra toparlanmağı və fərqi minimuma endirməyi bacardı. Məğlubiyyətə baxmayaraq "bayquşlar"ın güclü rəqibə qarşı xarakter göstərməsi təqdirəlayiqdi..
Avrokuboklara vəsiqə qazanmağa daha bir real namizəd "Zirə" gözlənildiyi kimi autsayder "Kəpəz"ə şans vermədi. Mövsüm hələ yeni başlasa da, gəncəlilərin bu durumdan çıxacağı heç inandırıcı görünmür.
"Zirə" isə günü-gündən inkişaf edir. 9-cu turda Tovuzda qonaq olacaq "qartallar"ın baş məqşçisi Rəşad Sadıqov "Turan Tovuz"un "Şamaxı" ilə səfər oyununu canlı izləmək üçün şəxsən Şamaxıya səfər etdi.
Qurban Berdiyev ilk hissədə Ayxan Abbasova sürpriz etməyi bacardı. Əvvəlki turlarla müqayisədə əsas heyətdə ciddi dəyişiklər edən təcrübəli mütəxəssisin komandası ilk yarını qalib bitirdi. Amma fasilədən sonra Ayxan Abbasov meydan sahiblərinin oyununda dönüş yarada bildi.
Berdiyevin mətbuat konfransında vurğuladığı kimi olduqca maraqlı keçən qarşılaşmanın ədalətli nəticəsi heç-heçə idi.
Amma Ayxan Abbasov komandasının qapısına son saniyələrdə penalti təyin edən hakimlərdən narazı qalmışdı. Futbol emosional oyundu. Abbasovu anlamaq olar.
"Şamaxı"nın qapısına təyin edilən penalti qərarının doğruluğuna zərrə qədər şübhə yoxdu.
Amma "Şamaxı"nın ikinci qolundan əvvəl verilən cərimə zərbəsi haqda eyni sözləri demək olmaz. Tural Bayramlı ilə İlkin Muradovun mübarizəsində qayda pozuntusu nə stadionun tribunalarından, nə də videotəkrardan görünmürdü. Amma "Turan Tovuz"un qapısına cərimə zərbəsi verildi və nəticədə qonaqlar qapısında ikinci qolu gördü...
Ardıcıl 3 turdu ki, "Turan Tovuz"un oyunlarında hakimlər nəticəyə təsir edən səhvə yol verir. Bu səhvlər olmasa, indi "bozqurdlar" turnir cədvəlində lider idi...
Turun prinsipial qarşılaşmalarından biri "Neftçi" və "Sumqayıt" arasında keçirildi. Bu rəqiblör arasında oyunların prinsipiallığı adətən "ağ qaralar"ın tarixində son uğurlu baş məşqçi Samir Abbasova görə olur. Amma "Neftçi" kimi "Sumqayıt"ın da durumu ürəkaçan deyil...
Vəziyyət o dərəcədə pisdi ki, komandanın prezidenti Riad Rəfiyevlə baş məşqçi Samir Abbasovun bir-biri ilə danışmadığı bildirilir. Belə mühitdə uğur qazanılması mümkünsüzdü...
Növbəti turda bir zamanlar əzəli rəqibi olan "Kəpəz"lə oyun Roman Qriqorçukun "Neftçi" karyerasında son qarşılaşma ola bilər. Qriqorçukun yerini tutmağa əsas namizəd kimi də elə Samir Abbasovun adı hallanır.
"Səbail" - "Araz Naxçıvan" görüşü də gözlənilmədən maraqlı keçdi.
Zaur Axundov Elmar Baxşiyevə 2 ay vaxt verdiyini və komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyduğunu demişdi. Hələlik "Araz Naxçıvan" bu məqsədin öhdəsindən gəlir və turnir cədvəlində yalnız "Qarabağ"dan geridədi. Naxçıvanlıların heyəti də, oyunu da ötən mövsümlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşıdı. Belə vəziyyətdə Axundovun Baxşıyevi istefaya göndərməsi gülməli olar.
Elmar Baxşiyevdən fərqli Şahin Diniyevin başının üzərini qara buludlar alıb. Növbəti tur keçiriləcək "Şamaxı" ilə oyundan sonra Diniyevin "Səbail" karyerası bitə bilər.
Doqquzuncu turdan sonra milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq yarım aylıq fasilədə baş məşqçi dəyişikləri, yeni transferlər və başqa maraqlı hadisələr gözlənilir.
Çempionatın əvvəlinin isə əvvəlkilərlə müqayisədə xeyli maraqlı keçdiyini qeyd etməliyik.