Sumqayıtda Samir Abasovu təhqir edənlər üzr bəyanatı yaydılar

“Sumqayıt”ın azarkeşlərinin “Neftçi” ilə oyunboyu rəqibin baş məşqçisi Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndirməsinin səbəbi bəlli olub.

Sports.az xəbər verir ki, bu, meydan sahiblərinin azarkeş qruplarından olan “Ultras Sumqayıt”ın bəyanatında əksini tapıb.

Fanatlar Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Neftçi” görüşündəki davranışlarına aydınlıq gətiriblər:

“Matçdan öncə mətbuatda Samir Abasovun klubumuzdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı”.

Azarkeş qrupu sonradan səhvini başa düşdüyü üçün Abasovdan üzr istəməyi də lazım bilib: “Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.

Xatırladaq ki, bir müddət öncə “Sumqayıt”dan ayrılaraq “Neftçi”yə üz tutan Samir Abasovun komandası bu görüşdə 0:2 hesablı məğlubiyyətə üzülüb. Bu azmış kimi, sumqayıtlı fanatlar da onu müxtəlif təhqirlərə “qonaq ediblər”. Amma işin gülməli tərəfi onların bu təhqirləri səbəbsiz yerə işlətməsidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar