“Oyunçularım azərbaycanlı xarakteri göstərdilər” - Qurban Qurbanov

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib.
Sports.az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib:
“Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm. Bizi qarşıda çox böyük zəfər bayramı gözləyir. Nəticəyə görə yox, yaxşı mübarizə apardıqlarına görə oyunçularıma təşəkkür edirəm. Sona kimi döyüşdülər, azərbaycanlı xarakteri göstərdilər. Bəli, bu gün bir xal qazandıq. Bu cür oyunlar bizə çox böyük inam verir. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Napoli”, “Ayaks” bəlkə də, bizə 3 xal gözü ilə baxır, ona görə də bu oyunlara hazırlaşmalıyıq.
Soyuqqanlı qalmaq bəlkə, xarakterimlə bağlıdır. Belə deyək, nə var odur (gülür). Meydanda 10 nəfər qalanda qol vurduq. Ola bilər, rəqib bir az diqqətsiz oldu. Rəqib də azlıqda qalmışdı, amma biz bir az ehtiyatlı davrandıq.
İlk gündən demişdim ki, 2017-ci ildən bu il fərqlidir. Daha təcrübəli “Qarabağ” var. İlk turdan qarşımıza məqsəd qoymuşduq. İstək ürəkdən gələndə nəticə də olur. Bunun üçün daha çox çalışmalıyıq, məşqdən doymamalıyıq. Qarşıdakı oyunlarda bizə daha da ciddi yanaşacaqlar, rəqiblər turnir cədvəlində yerlərini daha da yaxşılaşdırmağa çalışacaqlar. Ona görə, çox çalışıb, bu oyunlara hazır olmalıyıq.
Bu klublar inanmıram ki, hansısa rəqibə yuxarıdan aşağı baxsınlar. Ümumiyyətlə, zadəgan klubudur, qarşısındakı rəqiblərə də daha hörmətlə, centlmen yanaşırlar.
Həmişə demişəm ki, biz bu oyunu məğlub olsaq da, qalib kimi çıxmalıyıq. Azarkeşlərimizin bu cür böyük klubları Bakıda görməsi bizim üçün uğur sayılmalıdır. Böyük klublarla oyunlarda məğlub olsaq da, daha çox təcrübə qazanırıq. Dünən də fikirlərimdə bildirdim ki, bizim belə oyunlarda təcrübəmiz çoxalır. Qaldı ki müdafiədən oynamağa, rəqib bizə hücumda oynamağa nə qədər imkan verəcəksə, mən onu futbolçularımdan tələb edəcəm. İlk dəqiqələrdən oyunu rəqibin meydanında qurmağa çalışacağıq. İkinci qolumuzda da meydanın rəqibə aid hissəsində topu ələ keçirib fərqləndik. Buna görə, mən daha çox istəyirəm ki, müdafiəni meydanın rəqib olan hissəsində quraq.
Kadi Borgeslə bağlı dəqiq fikir bildirmək istəmirəm, amma bir az ciddiyə oxşayır. Çünki ayaq sümüklərində qırılma ola bilər. Sabah bilinəcək.
İngiltərə Premyer Liqası klubunun azarkeşləri qarşısında oynamaq elə də asan deyil. Ona görə, çalışacağıq ki, “Liverpul”la oyunu sağlam quraq.
Oyundan öncə də Enzo Mareska ilə dioloqumuz oldu. Çox peşəkar, centlmen biridir.
Rəqib ikinci hissədə daha da sürətli oynamaq istəyirdi, ona görə ilk hissədən sonra üçlü əvəzləmə etdilər. Bu da onu göstərir ki, bizə ciddi yanaşırlar. Bəlkə də, Mareska həmin oyunçuları 30-35 dəqiqə oynatmaq istəyirdi, amma məğlub duruma düşdükdən sonra, oyunun gedişatına görə bu əvəzetmələrə getdi.
Bilmirəm necə deyim, ən böyük uğur əldə etməyə görə ən yaxşı məşqçi demək düzgündürmü? “Qarabağ” Avropada çıxış etdikdə mənim üçün əlavə məsuliyyətdir. Biz də məğlub olsaq, vəssalam, bitdi. Ona görə, narahatçılıq keçirirəm”.





























