"Qarabağ"dan getməli olan 15 futbolçu
Qurban Qurbanov ideala yaxın azərbaycanlıdı. Şəxsiyyəti, vətənpərvərliyi, duruşu, qabiliyyəti, davranışı, "ədalətli oyun" prinsiplərinə sadiqliyi, çalışqanlığı və s. onu örnək bir insana çevirib. Azərbaycan futbol tarixinin indiyəcən ən yaxşı baş məşqçisi olması isə müzakirə mövzusu deyil. Lakin, kiçik nüanslar var...
"Qarabağ"ın qapıçı problemi ilk il deyil gündəmdədi. Şahruddin Məhəmmədəliyev Azərbaycan səviyyəsində yaxşı qapıçıdı, böyük məktəbi, keçmişi olmasa da, öz üzərində daim işləməsi ilə milli səviyyəsinə qədər ucalıb. Amma o Çempionlar Liqası qrupu hədəfləyən klub üçün ən yaxşı halda ikinci-üçüncü qapıçı ola bilər. "Qarabağ"a sabitliyi ilə seçilən güclü legioner qapıçı lazımdı. Bunu illərdir jurnalistlər yazır, azarkeşlər deyir. Təəssüf ki, klub üçün bu məsələ yalnız bir dəfə - yanvarda Şahruddin ağır zədə alanda aktual olub. Onda da komanda qapıçı tapa bilmədi...
Ümumiyyətlə, qış transfer pəncərəsində "Qarabağ"ın fəaliyyəti uğursuz alındı. Benzia və Diakabi ümidləri doğrultmur, ikisi bir Ovusu qədər faydalı ola bilmir.
Ötən il bu vaxt "Qarabağ" tarixinin ən güclü komandası formalaşmışdı. Şahruddinin səhvi olmasa ÇL qrupuna düşəcəkdik və o zaman futbolçular daha əlverişli təkliflər alardı. Eyni zamanda, ÇL-də qrup oynayan komandaya səviyyəli legioner futbolçular daha rahat və tərəddüdsüz gələrdi...
...Ovusudan başqa Vadji, Şeydayev, Qurbanlı və ən əsası Kadinin gedişi ağdamlıların heyətini ən azı 50 faiz zəiflətdi. Əvəzində alınan futbolçulardan hələlik yalnız Cicanın ümidləri doğrultduğunu deməliyik.
"Qarabağ"ın indiki heyəti böyük hədəflər üçün yetərli deyil və ağdamlıları daxili arenada da çox ağır mövsüm gözləyir.
Lakin, klubun direktoru Emrah Çelikel saytımıza müsahibəsində yeni futbolçularla danışıq aparmadıqlarını deyib... Bununla belə, qeyd edib ki, Qurban Qurbanov nə vaxt, hansı futbolçunu istəsə klub transfer etmək üçün əlindən gələni əsirgəmir.
Qurban Qurbanov bu ilin əvvəli saytımıza müsahibəsində Kadi daxil heç bir aparıcı futbolçunu buraxmaq istəmədiyini demişdi. Amma yeni futbolçuların alınmasında da sanki, çox ehtiyat edir kimi bir görüntü var. Hazırda "Qarabağ"ın sırf mərkəz hücumçusu yoxdu. Cica və Juninyo universal futbolçulardı, mərkəz hücumçusu kimi də oynaya bilirlər. Nəriman Axundzadə də həmçinin. Amma Nəriman Axundzadənin "Linkoln" və "Rakuv"la oyunlarda qaçırdığı şansları bəlkə 92 yaşlı şair Nəriman Həsənzadə də əldən verməzdi. Bu gəncdə ya həyəcan, ya ustalıq problemi var. Ümid edək ki, gələcəyi yaxşı olar.
Gənc demiş, Riçard Almeyda və Maksim Medvedevin 34, Bədavi Hüseynovun 32, Abdulla Zubir və Marko Veşoviçin 31, Patrik Andrade və Kevin Medinanın 30, Şahruddin Məhəmmədəliyevin və Yasin Benzianın 29 yaşı var. 28 yaşlı Abbas Hüseynov və Hamidu Keytanın, 27 yaşlı Rahil Məmmədov və Adama Diakabinin də formalarında fantastik yüksəliş ehtimalı azdı. Luka Quqeşaşvili və Amin Ramazanov mənə görə "Qarabağ" səviyyəsində qapıçı deyilllər. 15 oyunçu saydım...
Əlbəttə, Şahruddin, Medina, Bədavi, Zubir, Benzia, Andrade və ola bilsin Keyta 1-2 il "Qarabağ"a kömək edə bilər və əminəm, edəcəklər. Amma gələcəyin komandasından danışırıqsa, bəri başdan ciddi islahatlara ehtiyac olduğu görünür.
"Qarabağ" avrokuboklarda və daxili arenada uğurlarının davamını istəyirsə, mütləq indidən yeni transferlər etməli və heyətini əsaslı şəkildə yeniləməlidi.
Əfsanəvi Maris Verpakovskis saytımıza müsahibəsində 2004-də AÇ-nin final mərhələsinə yüksəlmiş Latviya millisini "Qarabağ"a bənzədib və bu möhtəşəm uğurun sirrinin heyətdəki futbolçuların bir neçə il Aleksandr Starkovun rəhbərliyi ilə "Skonto"da oynaması olduğunu deyib. Amma indiki "Qarabağ"ın heyətindəki futbolçular yuxarıda gördüyünüz kimi illərlə bir yerdə oynayacaq yaşda deyillər... "Qarabağ" heyətininin ciddi şəkildə yenilənməyə, gəncləşməyə ehtiyacı var!
Əlbəttə, jurnalistlər və azarkeşlər futbolu Qurban Qurbanovdan yaxşı bilə-bilməz. Heç bir həmkarımın da belə bir iddiada olduğunu düşünmürəm. Sadəcə, "Rakuv"la son qarşılaşma göstərdi ki, "Qarabağ"a ən azı avrokuboklar üçün mütləq yeni transferlər lazımdı.
"İmarət Tayfa" polşalılarla qarşılaşmadan sonra yaydığı bəyanatda klubun baş sponsoru "Azersun Holding"i transferlərə yetərincə maliyyə ayırmamaqda ittiham edib. Dediyim kimi, Emrah Çelikel saytımıza müsahibəsində tam əksinə, Qurban Qurbanovun istədiyi vaxt, istədiyi futbolçunu almaq üçün əllərindən gələni etdiklərini və edəcəklərini bildirib.
Qurban hoca isə Kadi daxil heç bir aparıcı futbolçunu buraxmaq istəmədiyini söyləmişdi...
Həm Qurbanov, həm də Çelikel futbolçunun ürəyinin "Qarabağ"da olmadığı zaman onunla vidalaşdıqlarını demişdilər.
Əlbəttə, azarkeşlərin "Qarabağ"dan təmənnası hədsiz çoxdur. Bunun səbəbkarı da ilk növbədə kiçik büdcəylə 9 ildir avrokubokların qrupuna düşən, Çempionlar Liqası həyəcanı yaşadan Qurban Qurbanovdur. Onun "Qarabağ"ına kimi belə nəticələri ağlımıza da gətirmirdik. Amma indi öyrəşmişik və daha böyük uğurlar gözləyirik.
"Qarabağ"ın heyətində ötən mövsümlə müqayisədə ciddi geriləmə var, bu şübhəsizdir...
Hətta, ölkə rəhbərliyi də zaman-zaman hansısa bir problemlə bağlı ictimaiyyətin kütləvi etirazlarını, narazılıqlarını nəzərə alır... Ümid edək ki, "Qarabağ"da da belə olacaq. Azarkeşlərin Qurbanovu istefaya səsləməsi, "Azersun Holding"i qınaması təbii haldı. Futbol elə bir sahədir ki, hər zaman formada olmalısan, keçmiş uğurlar tez unudulur.
Amma Qurban Qurbanov həm şəxsiyyət, həm mütəxəssis olaraq elə bir səviyyəyə çatıb, "Qarabağ"ı elə bir yerə gətirib ki, onun qədri həm klubda, həm də ölkədə bilinməli, bəlkə də, limitsiz etimad göstərilmədi.
Bunun qarşılığında Qurban Qurbanovun komandasının nələrə qadir olduğunu isə görmüşük və əminəm, hələ çox görəcəyik.
Tənqid tərəqqinin təkanverici qüvvəsidi. Futbol emosional oyundu. Qurbanov da özünü nə qədər təmkinli göstərməyə çalışsa da, onda sözsüz ki, Qafqaz temperamenti var. Amma jurnalistlərin tənqidlərinə, azarkeşlərin "Rakuv" kimi uğursuzlardan sonra səsləndirdiyi istefa şüarlarına mümkün qədər soyuqanlı yanaşmalı, yoluna sakit davam etməlidi.
İndi bu yolun əlamətdar bir mərhələsi yaxınlaşır - sayca 10-cu qrup mərhələsi!