“Gent” elə bir komandadı ki, böyük hesabla qalib gələ və ya məğlub ola bilər”

Təxminən 24-25 il əvvəl rusiyalı jurnalistlərə “Не Курбан Курбанов, а Гурбан Гурбанов. Пишите правильно” (“Kurban Kurbanov yox, Qurban Qurbanov. Düz yazın”) deyəndə yəqin ki, nə vaxtsa, tək Rusiyada yox, bütün qitədə ən azı, idman jurnalistlərinin onu tanıyacağını, adını düz yazmağı bacaracağını, özünün isə Çempionlar Liqasının qrupuna baş məşqçisi olduğu Azərbaycan komandasını yüksəldəcəyini ağlına gətirməzdi.
Bu ay 24 ili tamam olan idman jurnalistikası karyeramda onunla ikinci geniş müsahibəmdi. Zarafatla "Mənim günahımdı?" deyir.

İlk dəfə Rusiyada legioner həyatı yaşayan zaman millinin oyunu üçün Bakıya gələndə Yasamalda köhnə çörək zavodunun yanında, elə öz avtomobilində söhbətləşmişdik. O vaxtdan oturuşuna, duruşuna, sözünə, davranışına fikir verən idi. Həmçinin, futbolçu karyerasına başladığı gündən hamıdan çalışqan olub. Bunu "Neftçi"də oynamış veteran futbolçu Vladislav Qədirov mənə danışmışdı.

Qurban Qurbanovla müsahibəni Antalyada götürməli idim. Ötən ay Etopaz-ın təşkilatçılığı ilə bir qrup idman jurnalisti, o cümlədən mən qardaş ölkədə təlim-məşq toplanışında olan komandalarımızı izləməyə yollanmışdıq. Orda "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə razılaşdıq ki, yanvarın 17-də "hocayla" (klubda ona hamı belə müraciət edir) müsahibə götürüm. Yanvarın 16-da - "Gent"lə Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan düz 1 ay əvvəl əsas qapıçı Şahruddin Məhəmmədəliyevin qolu sındı. Ertəsi görüşsək də, müsahibə alınmadı. Nəhayət, həmin gün fevralın 5-i yetişdi. Artıq "Qarabağ" Konfrans Liqası üçün iştirak ərizəsini də göndərib. Danışılacaq mövzular, veriləcək suallar az deyildi. Ardıcıl 5 çətin oyun öncəsi, sıx qrafikə və işlərinin çoxluğuna rəğmən, sağ olsun, 2 saatını ayırıb, bütün sualları səbrlə, təmkinlə cavabladı.

Qurban Qurbanov ciddi şəxsiyyət probleminin olduğu futbolumuz və ölkəmiz üçün unikal tapıntıdı. Zaqatalanın ucqar kəndində, kasıb bir ailədə doğulub-böyüyən bu oğlan Azərbaycan futbol tarixinə adını əbədi yazdıracaqdı. Onun inkişaf yolu haqda mütləq kitablar yazılacaq, filmlər çəkiləcək. Bu müsbət auralı şəxsiyyətlə görüşmək hər zaman xoşdu. "Sürix" və "Ferentsvaroş" zəfərlərindən sonra "belə oyunla avrokubok da qazanmaq olar" xəyalını qurduğumuz "Qarabağ"ın "Gent"lə ilk mücadiləsinə 10 gün qalmış isə bu görüş və müsahibə tək mənim üçün yox, həm də Sports.az saytının oxucuları üçün ikiqat maraqlı olacaqdı.

Müsahibənin birinci hissəsi bu linkdə

“Bir az oyunundan, nəticələrindən razı qaldısa, "məndə problem yoxdu, bu gün olmaz, sabah olar" fikrinə düşdüsə, karyerası bitdi...”

- İşinizlə bağlı irad bildirə bilmirlər deyə, başqa vasitələrə əl atırlar. Dini inancınızı qabardırlar...
- Kimsə mənə pislik edibsə, mən digərləri haqda da o fikirdə ola bilmərəm. İnsanlar fərqlidi, hərənin öz düşüncəsi var. Bizdə azərbaycanlıları pisləmək dəbdi. Mən yaxşısını fikirləşirəm. Yaxşısı necə ağıllıdı, elmlidi, zəkalıdı, mərddi, qonaqpərvərdi?! Çalışıram pozitiv məqamlara köklənim. Pis hər yerdə var, tək bizdə deyil ki?!
Bir nəfərlə münasibətimin pozulması məndə onun ətrafına və ya xalqıma, millətimə qarşı nifrət oyada bilməz. 

Ağlım kəsəndən anamın namaz qıldığını görmüşəm. Həm də baxır nə cür namaz qılırsan. Həqiqətən Allah üçün edirsən, doğru edirsən, peyğəmbərimiz kimi edirsənmi? Hamımız müsəlmanıq, hamımızın peyğəmbəri var. Məncə, dərinliyinə gediləsi bir mövzu deyil. Sadəcə, hər müsəlmanın boynuna düşən bir öhdəlikdi, vəzifədi. Hə, kimsə bunu bacarır, kimsə bacarmır. Və belə bir şey də yoxdu ki, kim namaz qılmırsa, müsəlman deyil. Şükürlər olsun Allaha, hamımız müsəlmanıq, peyğəmbərlərimizi tanıyırıq. İnanclı insanlara qarşı hər zaman münasibət birmənalı olmayıb, daim müsəlmanları parçalamağa çalışıblar və s. Amma o qədər inanclı olmayan və ya belə deyək, riayət etməyən insanlar da var ki, mərddi, dürüstdü. 
Mən dinimizdən məsuliyyəti, yalan danışmamağı, rəhbərinə sadiq qalmağı, vətənini sevməyi, pis əməllərdən-vərdişlərdən uzaq olmağı və s. öyrənmişəm. Yəni, bunları edərkən gənclərə pis nümünə oluram?

Heç vaxt inancımı işimlə qarışdırmamışam! Bu, həmişə kənarda, öz şəxsi həyatımda olub. Amma imanım, Allaha olan güvənim işimdə mənə hər zaman kömək edib ki, daha məsulliyyətli, dürüst, diqqətli olum. Bəlkə hansısa məqamda da bunu bacarmıramsa, bu da artıq mənim öz zəifliyimdir. Amma bu o demək deyil ki, bunu bilərəkdən etdim.

- Dırnaqarası pərəstişkarlarınız komandanı da dini baxışlarına görə qurduğunuzu iddia edir...
- Belə şeyi heç vaxt özüm-özümə bağışlamaram. Hər kəs bilir ki, komandamda fərqli inancları olan, fərqli qitələrdən, xalqlardan futbolçular, məşqçilər var. Buna Qurban Qurbanovu sevməyənlərin, işində irad tuta bilməyənlərin zəif gedişi deyək.

- Ölkə başçısı ötən il demək olar hər dəfə idmançılarla görüşəndə sizi yaxşı örnək kimi göstərirdi. 50 illik yubileyinizdə də “Şöhrət” ordeninə layiq görüldünüz...
- Cənab Prezidentin həmişə həssas və vacib addımları olub. Hakimlər bizi bilə-bilə "İnter"ə uduzduranda komandanı qəbul etdi. Bizim kimi ölkələrin məsələn, 10-15 ildə bir DÇ, AÇ-nin final mərhələsinə çıxmaq şansı olur. "İnter"lə matç da təxminən bu qəbildən idi. O cümlədən, "Bazel"lə oyundan sonra cənab Prezident bizim deyə bilmədiklərimizi daha sərt formada lazımi yerlərə çatdırdı. Belə məqamlarda da bu, bizə əvəzolunmaz dəstəkdi. Arxamızda böyük qüvvənin olduğunu hiss edirik. Bu, bir daha onu göstərir ki, bu ölkədə futbol olmalıdı. Mən kiçik uğurlarıma görə daim diqqətində olmuşam, fikirlərini bildirib, təşəkkür edirəm ona. Son olaraq "Şöhrət" ordeninə layiq görməyi ilə mənə çox böyük dəyər verdi. Sanki, Allahın mənə hədiyyəsi idi. Elə anlarda məni nə iləsə mükafatlandırır. "Şöhrət" ordeni də karyerama ən yüksək qiymətdi.

- Depressiyaya düşdüyünüz anlar olubmu?
- Yadıma gəlmir. Amma məşqçiliyə yeni başlayan vaxtlarda bəzi məğlubiyyətlərdən, "istefa" şüarlarından sonra... ...Bəzi jurnalistlər olub ki, mədəni formada qeyri-etik fikirlərini çatdırıblar, aqressivlik göstəriblər, rəhbərliklə oturub, danışıb, futboldan uzaqlaşmaq istəmişəm. Amma belə məqamlarda rəhbərliyin mənə böyük yardımı olub, deyiblər, normal haldı, səbrli ol. Bizim üstün tərəfimiz odur ki, həmişə oturub müzakirə etmişik, məsləhətləşmişik. Depressiya yox, azərbaycanlı emosionallığı deyək. Bəzən olub futbolçulara, məşqçilərə, azarkeşlərə sərt reaksiya vermişəm.  Amma get-gedə insan təcrübə toplayır, formalaşır. Əvvəllər 5 edirdimsə, indi ola bilər 1 edim. Onda bilməyərəkdən edirdimsə, indi bəzən bilərəkdən edirəm. Yəni, depressiya yox, amma futboldan, azarkeşlərdən inciyən, küsən vaxtlarım olub.  

- Oğlunuz Musa Qurbanlı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ilin ən yaxşı gənc futbolçusu seçilib. Səhv etmirəmsə, böyük futbolda ilk belə mükafatıdı. Atası kimi şöhrətin yükünü daşıya biləcəkmi?
- Musa və onun kimi bir neçə gəncimiz var, hələ indi böyüməyə başlayırlar. Bu cür mükafatlar, həmçinin çempionluqlar, beynəlxalq oyunlar futbolçunun daha tez böyüməsinə şərait yaradır, məsuliyyətini artırır. O yaşda insan yaxşı mənada aqressiv, dəliqanlı olur. Uğur qazanırsa, bu, ona böyük motivasiya verir və daha yüksək nailiyyətlər qazanmaq istəyir. Ona görə də, mən belə şeylərə sevinirəm. Daha böyük uğurlara imza atmaq üçün qoy gənc yaşlarında bu hissləri yaşasınlar. Şöhrət məsələsinə gəlincə, indi futbol elə bir səviyyə çatıb ki, oyunçu bir az özünü buraxdısa, bir az məsuliyyətsiz oldusa, bir az oyunundan, nəticələrindən razı qaldısa, "məndə problem yoxdu, bu gün olmaz, sabah olar" fikrinə düşdüsə, karyerası bitdi…

...İndi futbol elə bir səviyyədədir ki, istənilən komandanın istənilən rəqibə 3, 4, 5 qol vurması adi haldır. Düşünmədiyin, ağlına gəlmədiyi məqamda fiaskoyla üzləşə bilərsən. İndi futbol o qədər inkişaf edib, məşqçi qrupu, analitik heyət, hətta, ortabab ölkələrdə o qədər çoxalıb ki, səni nə sürprizlər gözləyir, bilmirsən. Kim nə hazırlayır, kim nə edir, tapmaq olmur. Əvvəllər təxmini bilirdin ki, bundan başqa heç nə etmirlər. Amma indi hər oyun yeni-yeni situasiyalarla üzləşirsən. Futbolçunun fiziki, psixoloji, taktiki hazırlığı o qədər yüksək olmalıdır ki, həmin anda özü görsün və qarşısını alsın. Çünki, mənim deməyim gec olacaq. Əvvəllər Avropa futbolu 10 addım qabağa gedəndə, biz 1 addım irəliləyirdik. İndi əksinə, geri getməyə başlamışıq. Bunun dərhal, həmən qarşısını almalıyıq. Ölkə futbolunda birdən-birə tam fərqli canlanma yaratmalıyıq. Gücümüzü məşqçi, mütəxəssis gətirməyə, yetişdirməyə qoymalıyıq. "Legiya"da 5 fizioterapevt var idi. Hərəsinə 3-4 futbolçu düşürdü. Onların fiziki durumları ilə daim maraqlanırdılar. Bizdə 20 futbolçuya 1-i düşür. Elə komandalar var ki, ümumiyyətlə, yoxdu. Eləsi var, yola verir. Yenə qayıdaq əvvələ biz futbolçu yetişdirmək üçün "ekip" də yetişdirməliyik, bu məsələyə mütləq diqqət ayırmalıyıq. Ançellottinin otuzneçə nəfərlik heyəti var, hansı kluba gedir özü ilə aparır. 

“Ən zəif hesab etdiyiniz oyunçumuz da mənim liderimdi”

- Azərbaycan futboluna yetərincə marağın olmamasının bəlkə də bir səbəbi də danışılmış oyunlardı? İnsanlar futbolumuzun şəffaflığına inanmır? Şəxsi təcrübənizdə belə hallarla rastlaşmısız? 
- Məncə, Azərbaycan futboluna güvənin olmaması danışılmış oyunlarla bağlı deyil. İnanmıram ki, normal bir insan, klub, rəhbər danışılmış oyuna getsin. Bizim Premyer Liqada bilmirəm belə şeylər olarmı? İnanmıram. Oxuduqlarımız, eşitdiklərimizə görə aşağı liqalarda daha çox olub. Bir neçə nəfər də cəzalanıb. Demək, var ki, cəzalandırılıblar. Amma Azərbaycan futbolunun az sevilməsi ona görə deyil. Mənim karyeramda belə şey olmayıb, ümumiyyətlə, bu, adımıza yaraşmaz. 

- “Qarabağ”a çox futbolçular gəlib-gedib. Amma komanda zəifləməyib, əksinə. Bu, onu göstərir ki, “Qarabağ”ın lideri hansısa futbolçu deyil, sizsiniz...
- Deməzdim ki, liderəm. Məsul şəxsəm. Mənə güvənib-inanıb bura qoyublar. Heç bir futbolçunun getməsi mənim üçün xoş deyil. İllərlə əziyyət çəkirik ki, komandanın oyununu formalaşdıraq. Bir səviyyəyə gətirib çıxarırsan, görürsən bəzi futbolçular mənə, bizə aid olmayan səbəblərə görə komandanı tərk edirlər. Bəzən burda qalmaq ürəyindən deyilsə və ya ailəsinə görə getmək istəyirsə, özümüz yardımçı oluruq, belə şeylərə fikir veririk. Amma mən heç bir futbolçunu burdan rahatlıqla buraxmaq istəməmişəm. Çünki, oyun fəlsəfəsinə uyğun futbolçu tapmaq çox çətindi. Və onu tapıb 1-2 ildən sonra itiririksə, bizim üçün böyük zərbədi.

Təzə futbolçu gələndə çalışırıq ki, oyunumuzda bəzi detalları dəyişək, yavaş-yavaş onu formalaşdıraq. Bəlkə də, "Qarabağ"da işləyəndən ən çətin dövr indikidi. Keçən ildən bu yana az dəyişiklik olmayıb. Komanda ilyarıma, iki ilə formalaşıb gəlib bu səviyyəyə çatmışdı. Amma indi birdən-birə Şahruddinin, Abbasın, Ozobiçin zədələnməsi, Vadji, Kadi, Ovusunun getməsi, sonra keçən il Maksim, Kevin, Leandro zədələndi, 9 futbolçu saydım...

Düzdü, 3 yeni futbolçu götürdük, inşallah, çalışacağıq ki, itkilərimizi kompensasiya edək. Amma heyət tam sağlam olmayanda problemlər yaşayırıq. Xüsusən avrokuboklarda. Çətinliklərimiz zaman-zaman olub. Belə məqamlarda ayaq üstə dayanmağı bacarmaq lazımdı. Bu gün problemlər var, istədiyimiz oyun, dinamika, sürət yoxdu. Qış hazırlığından sonra saat 2-də Tovuzda süni örtükdə, sonra "Şamaxı" ilə saat 4-də burda, ardınca da Gəncədə "Kəpəz"lə yenə saat 2-də oynadıq. Orda da meydanın durumu belə... Halbuki, bu oyunlarda sürəti, dinamikanı, oyunu yaxşılaşdırmalı idik... "Şamaxı" ilə yenə meydanın durumu yaxşı idi. Amma ümumən heç bir oyunda proqramımda olanları gerçəkləşdirə bilmədim. Mən "Gent"lə, "Sabah"la qarşılaşmalara hazırlaşıramsa, saat 2-də, özü də belə meydançalarda keçirilmiş matçlarla komandanın oyununu yaxşılaşdıra bilmərəm. Həm futbolçuların belə olması, həm bu 3 oyunun belə keçirilməsi heç asan olmadı və istədiyimi ala bilmədim... Bu şeylər var. Özümə lider demək istəmirəm, ən məsul şəxs demək olar. Mənim liderlərim mənim futbolçularımdı. Onlara güvən verə bilirəmsə, nə mutlu mənə. Çünki, meydanda icraçılar onlardı. Mən sadəcə, kənardan oturub fikirlərimi bildirirəm. Ən zəif hesab etdiyiniz oyunçumuz da mənim liderimdi. Çünki, biz onlara görə uğur əldə edirik və onlarla bir yerlərə gedib çıxmağa çalışırıq. 

- Kadi, Ovusu, Bəhlul və bir çox başqa futbolçular “Qarabağ”a gələndən sonra bir üst səviyyəyə qalxıb. Buna necə nail olursunuz?
- Məşqçi olaraq fikrim də elə budu ki, bizə gələn futbolçular indiyədək olan performanslarından daha üst səviyyəyə qalxsınlar. İlk gündən də bunu onlara bildirirəm, ciddi tələb edirəm. Onlarla ciddi hazırlaşıram və bəri başdan deyirəm ki, burda işiniz asan olmayacaq. Sən ancaq nəticə vermək üçün gəlmisənsə, olmayacaq. Mən səni daha yaxşı etmək üçün bura dəvət etmişəm. Sən yaxşı olsan, mənim də düşündüklərim həyata keçəcək. Dəfələrlə belə hallar olub ki, gəldikləri ilə müqayisədə qat-qat üstün səviyyəyə çıxıblar. Son vaxtlar başqa-başqa ölkələrdən futbolçularımızı aldılar... Mən sadəcə çalışıram məsuliyyəti onlara da hiss etdirəm. Məşqçi qrupum var, daim onlarla maraqlanır ki, həm fiziki, həm texniki hazırlıqları yerində olsun. Özüm də vaxt olanda məşğul oluram. Məqsədimiz budur ki, futbolçularımız həm insan kimi, həm peşəkar idmançı kimi böyüsün. Bu, mənim üşün əsas şərtlərdəndi. Razı olmaram ki, istedadlı futbolçunu alaq, amma intizamsız, tənbəl olsun və sonra da desinlər ki, "Qarabağ"dan gedən futbolçu belə oldu. İstəyirəm oyunçularım bunu dərk etsin və gedəndə də digərlərinə nümunə olmağa çalışsınlar, yaxşı mənada seçilsinlər ki, klubumuz, ölkəmiz haqda daha da müsbət rəy formalaşsın. 

- Elə istedadlı futbolçu olub ki, karyerası istedadına uyğun alınmasın?
- Çox olub. Hətta, yenə də var. İnsanın xarakterindən asılı olan bir şeydi. İnsan həyatda prinsipial deyilsə, xarakterə malik deyilsə, nə qədər istedadı olsa da, böyük uğur əldə edə bilməyəcək. Buna görə də stabillik çox vacibdi. İstər yerli, istər legioner futbolçular var ki, istedadlıdı, amma bir az xarakterinə, bir az utancaqlığına, tənbəlliyinə, intizamsızlığına görə o səviyyəyə gəlib çata bilmir. Mən çox istəyirəm ki, futbolçularımızda idmançı xarakteri olsun. Əsl mübariz xarakter. Bu, mütləq olmalıdı. Onda daha çox şey qazanarıq və daha çox futbolçu yetişdirərik.

“4-5 qapıçı ilə danışmışdıq, hər şey hazır idi, özü də yaxşı məbləğ verirdik…”

- “Qarabağ”da skautinq işi necə qurulub? 
- Bəlkə başqalarında var, amma bizdə yoxdu. Bizdə daha çox mənim 1-ci köməkçim Elçin Rəhmanov məşğul olur bu işlərlə. Futbolçulara öncə o baxır. Bəzən sıx qrafikdə, təcili vacib oyunçu lazım olanda onu məşqlərdən ayırıram ki, futbolçulara baxmağa daha çox vaxtı olsun. Skautinq futbolun vacib hissələrindən biridir. Bəzi klubların 40 skautu var. Bizdə yoxdu... Təxmini oyunçular gəlir. Mənə təmənnasız, qeyri-rəsmi qardaşım Musa kömək edir. O da bizim düşüncülərimizi bilir, buna uyğun namizədlər göndərir ki, seçək. Amma Azərbaycan futbolunda yaxşılaşdırılası əsas işlərdən biri də elə skautinqdi. Mütləq olmalıdı. Buna görə biz tam əminliklə transferlərimizi edə bilmirik, bəzən gecikirik, bəzən tapa bilmirik, bəzən alınmır.

İndi qapıçı axtarışımız da çox maraqlı alındı. Menecerimiz Asif Əsgərov məşğul olurdu, 4-5 qapıçı ilə danışmışdıq, hər şey hazır idi. Hamısı son anda "yox" dedi, yaxud, birini ABŞ-a apardılar, birini hara apardılar, birinin klubuna nə qədər pul verdilər. Desəm ki, biz transfer pulu vermirdik, yalan olar. Verirdik, özü də yaxşı da məbləğ verirdik. Virtual həm klubu ilə, həm qapıçının özü ilə razılaşırdıq, amma... UEFA-ya iştirak ərizəsi göndərdiyimiz son gündə isə ümumiyyətlə, iki qapıçı ilə anlaşmaya yaxın olduq. Biri hə, razıdı, müqaviləni yazdıq göndərdik, əvvəl razılaşdığımız klub son anda yox dedi. Digərini isə biz ehtiyat variant kimi nəzərdə tutmuşduq ki, hə, bu 100 faizdi, o da son anda alınmadı… Eybi yox, bir xeyir var, inşallah.

- İndi həm də havalar isti deyil, bəlkə kabab iyi də yoxdu... “Gent”i izləmisiz. “Sürix” və “Ferentsvaroş”dan daha güclü komandadı?
- Kabab söhbəti atmaca idi. Sataşmaq istəyirdilər bizə. Mən də bildirmişdim ki, kabab bizim çox gözəl, ləzzətli yeməyimizdi. İllərdir burda kabab da bişirilib, bununla üzləşən komandalar da olub. Başqa ölkələrdə stadionlara gedəndə pivə iyi gəlir və bunu elə-belə deməmişdim, həqiqətən belədi.
...Bütün komandalar fərqlidi. "Gent" də tam fərqli futbol oynayır. Həddindən artıq sürətli hücuma keçən komandadı. Üç hücümçü ilə oynayırlar, bəzən oyunun gedişində dəyişiklik olur, çox sürətli hücum xətti var. Elə bir komandadı ki, böyük hesabla qalib gələ və ya məğlub ola bilər. Amma öz üslublarını tapıblar. Sanki, 2-3 ildir bu oyunu formalaşdırıblar. Necə ki, vaxtilə "Barselona" Xavi, İnyesta, Messi, Vilya və başqaları ilə öz oyununu tapmışdı. Sanki, gözübağlı hücum edirlər. Bir tərəfdən yaxşıdır ki, bilirik nə istəyirlər. Digər tərəfdən isə çox təhlükəlidirlər. Bizim problemlərimiz, çatışmazlıqlarımız var, amma avrokubok elədir ki, orda daha məsuliyyətli, diqqətli, çalışqan olursan. Biz də əlimizdə şans varsa, bundan maksimum istifadə etməyə çalışacağıq ki, azarkeşlərimiz razı qalsın. 

- 15 gün ərzində dalbadal “Sabah”, “Gent”, “Zirə”, “Gent” və “Neftçi” ilə qarşılaşacaqsınız. Qış fasiləsindən sonra reallaşdıra bilmədiyiniz planlara bu sıx qrafik kömək edə bilərmi?
- Həqiqətən çox sıx qrafikə giririk. Həmişə narahat oluram ki, Avropadakı oyunlardan fərqli çempionata motivasiya etmək daha çətindi. Amma neçə illərdir bu təcrübəni keçmişik. Çalışmışıq həllini tapaq. Təbii ki, ümumi proqramımız olur, öncədən fikirləşirik ki, ay ərzində futbolçuya hansı yükləməni verə bilərik, necə hazırlaya bilərik. Nə qədər hazırlaşsan da, yalnız həmin situasiya ilə qarşılaşanda əminliklə nəsə demək olur. Əlimizdəki materialla hər oyuna maksimum yaxşı hazırlaşmağa çalışacağıq. İndi durum belədi. Bunu necə bacaracağıq, inşallah, görəcəyik. 

- Son sual. Siz, cüdoçumuz Səid Mollayi, güləşçimiz Elnurə Məmmədova və əksər idmançılarımız, məşqçilərimiz dünyada feyr-pley örnəkləri ilə tanınır. Hətta, yadımdadı, Azərbaycan Prezidenti cənab İlham Əliyev 2015-ci ildə Bakıdakı Avropa oyunlarında medal qazanmış erməniəsilli ukraynalı boksçu fitə basılanda şəxsən azarkeşləri sakitləşdirdi. Mən də zalda idim və həmin boksçunun da necə təsirləndiyini xatırlayıram. Amma Mxitaryan, Xaçanov, digər ermənistanlı və erməniəsilli idmançılar azərbaycanlı həmkarlarından örnək götürmək əvəzinə, separatçılara daim dəstək verir, idmandan istifadə edərək təxribatla məşğul olur. Və Azərbaycan tərəfinin bütün şikayətlərinə rəğmən onlar cəzalandırılmır. Nurlan İbrahimov isə bir “Facebook” statusuna görə futboldan ömürlük uzaqlaşdırıldı...
- Tarixən bizə qarşı belə ədalətsizliklər olub. Amma torpaqlarımız işğaldan azad ediləndən sonra onlara ümumiyyətlə, önəm vermirəm. Cənab Prezidentin xarici siyasəti necə aparması, gücünü necə göstərməsi bəs edir. Onların cavabı layiqincə verilir. Bəzən bəlkə də susuruq, amma bu susmaq onlara daha ağır təsir edir. Onlar yağışdan sonra çıxan göbələklər kimi bəzən görünüb yox olurlar. Özləri bilmirlər ki, nə istəyirlər, nə tələb etmək istəyirlər. Çaşıb qalıblar belə. Allah ölkəmizi, xalqımızı, rəhbərimizi qorusun. Allah ordumuzu qorusun! Həyatda bəlkə də ən böyük arzum idi ki, torpaqlarımız işğaldan azad edilsin. Həmişə fikirləşirdim ki, kaş mən "Qarabağ"da baş məşqçi ola-ola torpaqlarımız geri qayıda. Həyatımda bundan artıq heç nə ola bilməzdi.

İndən sonra yenə də hər şey edəcəm ki, titullarımızı qoruyaq, ölkə xaricində Azərbaycanı layiqli təmsil edək. Amma məğlub olanda daha əvvəlki kimi üzülməyəcəm. Çünki, biz qalib xalqıq. Düşməndən çəkinməyərək üzərinə gedirik. Torpaqlarımızı işğaldan azad edib, başı dik dayanmışıq. Adını çəkdiklərinizin nəsə etməsi onların acizliyidi. Bəlkə aciz sözü də yaraşmır, həddindən artıq acizdilər.

Nurlana gəlincə, bunlar belə şeylərlə təsəlli tapır. Nurlanın futboldan getməyi ilə Azərbaycan xalqı zəiflədi, Azərbaycana böyük zərbə vurdular? Şükürlər olsun Allaha, Nurlana bu gün hamı hörmət edir, hamı yanındadı. Yeni iş açıb, Allah bərəkət versin! Hamımızın başına gələ bilərdi. Amma bu hörməti qazanıbsa, bu xalq onu heç vaxt tək qoymayacaq!

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar