“Gəncə”nin Voleybol Akademiyasında yeni məşqçi

“Gəncə” klubunun Voleybol Akademiyasına yeni məşqçi təyin olunub.

Sports.az xəbər verir ki, bölgə təmsilçisi belaruslu Nadejda Rudakovskaya ilə anlaşıb.

Bununla bağlı Gəncə İdman Sarayında tədbir təşkil olunub.

Çıxış edən “Gəncə” klubunun prezidenti Elvar Osmanov ölkəmizdə idmana göstərilən dövlət qayğısı, regionlarda Azərbaycan Voleybol Federasiyasının həyata keçirdiyi uğurlu layihələr və rəhbərlik etdiyi komandanın yeni mövsümə hazırlığı barədə məlumat verib. O, daha sonra akademiyanın hədəfləri, regionda voleybolun kütləviləşməsi və peşəkar voleybolçuların hazırlanması istiqamətində planları haqqında təqdimatla çıxış edib.

Elvar Osmanov ilə Nadejda Rudakovskaya müqaviləyə imza atdıqdan sonra mütəxəssis Gəncədə olmaqdan məmnunluq duyduğunu bildirib:

"Yüksək qonaqpərvərlik və mükəmməl idman infrastrukturunun olması uğurlar üçün başlanğıc olacaq. Bunları nəzərə alaraq, əlimdən gələni edəcəyəm ki, akademiyanın komandaları nailiyyətlərə imza atsınlar. Hazırda qarşımızda duran əsas hədəf Azərbaycan Voleybol Federasiyasının “Volleyball Kids” layihəsinin inkişafına töhfə verməkdir. Bu istiqamətdə işlərə artıq sabahdan start verəcəyik. Yeni təhsil ilinin başlamasını nəzərə alaraq, hazırlıq prosesi uşaqların rahatlığı üçün onların və valideynlərinin razılığı əsasında təyin olunacaq".

“Gəncə” klubunun prezidenti Nadejda Rudakovskayaya komandanın formasını təqdim edib. Belaruslu mütəxəssis sonda akademiyanın yetirmələrinin suallarını cavablandırıb və onların məşqini izləyib.

Qeyd edək ki, Nadejda Rudakovskaya son olaraq Belarusda “Jemçujina Polesya” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbində məşqçi-müəllim işləyib. Onun yetirmələri hazırda Belarusun müxtəlif yaş qruplarından ibarət milli komandalarında və dünyanın bır sıra klublarında forma geyinir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar