Tovuzlulardan AFFA rəhbərliyinə örnək 

Tovuz futbol rayonudu, insanlar futbolla yaşayır, uşaqların Allah vergisi olan istedadı var. Bu uşaqlar üçün lazımi şərait yaradıla kaş...

Bakıda klublar bir yana, milli komandanın oyunlarına belə tamaşaçı gəlmir. Hətta, 5-6 min tamaşaçı tutumu olan "Dalğa Arena"nın da tribunaları boş qalır. "Turan Tovuz"un isə buraxın ev oyunlarını, səfər qarşılaşmalarına da Azərbaycanın hər yerində yaşayan tovuzlular axışır...

...Bu gün Şamaxıda olduğu kimi.

Futbolda ənənə çox vacibdi. Tovuzda, Gəncədə, Qazaxda, Şəmkirdə, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda, Masallıda, Ağdamda, Zaqatalada, Qusarda, Yevlaxda, İmişlidə, sadalamadığım bəzi başqa şəhər və rayonlarda bu, var. 

PFL-in yeni prezidenti növbəti mövsümdən 1-ci divizionda da 10 komandanın olmasını və onların arasında Premyer Liqa klublarının əvəzedicilərinin yer almamasını düşündüklərini deyir. Əla fikirdi!
Amma bu komandaların da əksəriyyəti yüksək liqadakı kimi, Bakını təmsil edəcəksə, boş verin…

Futbol ilk növbədə ənənəsi olan bölgələrə qayıtmalıdı! 

Əlbəttə, ənənəsi olmayan yerlərdə də yoxlamaq olar. Bu mənada çox yaxşı Qəbələ nümunəsi var. Azarkeşləri hələ də lazımınca tribunaya cəlb etmək mümkün olmasa da, orada yaradılan şərait, ümumiyyətlə, bu klubun ölkə futboluna verdiyi xeyir göz önündədi. İndi də məsələn, Şəkinin niyə normal komandası olmasın ki? 

Ümumiyyətlə, bu işdə kütləvilik təmin olunmalıdı. Birinci divizionda 10 komanda olacaqsa, ikinci divizion da yaradılmalı, orda da ən azı 10 komanda olmalıdı.

Əslində, bu işlər 20 il əvvəl görülməli idi. Amma heç olmamaqdansa, gec olsun. Futbol bölgələrə qayıtsın, Bakıda da nə qədər komanda çox olsa, o qədər yaxşıdı. Bakının da hər kəndində komanda olsun.

Mütləq, hər yerdə peşəkar səviyyədə klubların yaranması da vacib deyil. Əsas odur ki, hər şəhərdə, qəsəbədə, kənddə futbol meydanları, uşaq futbolu, böyük komandası olsun.

O zaman bir gün "Xəzri Buzovna"nın, o biri gün "Xəzər Lənkəran"ın, sonrası gün "Şəmkir"in azarkeşləri tribunaları doldurmaqla rekord qıracaq və "boş stadionlarda oynamaq istəmirəm" deyib Azərbaycana gəlməyən səviyyəli legionerlər üçün də problem qalmayacaq.

Ən nəhayət, millinin oyunu 5 minlik "Dalğa Arena"da yox, 70 minlik Bakı Olimpiya Stadionunda keçiriləcək və tribunalarda boş yer tapa bilməyəcəyik.

İndi xəyal kimi görünsə də, AFFA rəhbərliyi bunu etməsə futbolumuz heç vaxt beynəlxalq səviyyəyə çatmayacaq...

Bunu gerçəkləşdirmək üçünsə AFFA rəhbərliyi futbolu sevməlidi, elə həmin tovuzlular kimi. Tablodakı nəticəni, maddi qazancı düşünmədən sevmək…

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar