Azərbaycan güləşçisi dünya üçüncüsü oldu
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.
Tural Əhmədov (60 kq) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlüklə (9:1) qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Papik Cavadyana 0:2 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.
Ruslan Nurullayev (72 kq) isə 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Bu görüşdə əsas hadisələr ilk hissədə baş edib. Fasiləyə həmyerlimiz minimal fərqlə (6:5) öndə yollanıb. İkinci hissədə hesab dəyişməyib və Ruslan dünya üçüncüsü olub.
Beləliklə, millimiz mundialı 1 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, dünən Cocu Səmədov (87 kq) dünya ikincisi olub.