DÇ-də 2 qızıl, 1 gümüş medal və olimpiya lisenziyası!

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb - 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşıb. Növbəti dəfə tanış rəqibini tam üstünlüklə (13:4) məğlub edən Eldəniz müstəqillik tariximizdə yunan-Roma güləşində ilk 3 qat dünya çempionu olub.

Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olub - 5:1. Həmyerlimiz 1/16 finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. Süleymanov daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərib - 3:1. Milli üzvü 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb - 5:1. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. Süleymanov finalda Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla güləşib. Qırğızıstan idmançısı sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib və Sənan 2-ci dəfə dünya çempionatında gümüş medal qazanıb.

Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirib. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin mübarizə şəraitində keçib. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb. Ancaq növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən (5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olub. Rəqibini 2:1 hesabıyla üstələyən təcrübəli güləşçimiz 2-ci dəfə dünya çempionluğunun sevincini yaşayıb.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar