4 güləşçimiz üçün bürünc medal şansı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 5-ci günündə 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Nihad Quluzadə (60 kq) 1/8 finalda albaniyalı Ergi Ukunu elə ilk hissədə yolundan kənarlaşdırıb - 8:0. Quluzadə 1/4 finalda hindistanlı Sumit Sumitə 3:5 hesabıyla məğlub olub.

Həsən Məmmədli (67 kq) ilk mərhələdə moldovalı Aleksandr Quraliyə 5:1 hesabıyla qalib gəlib. Məmmədli 1/8 finalda albaniyalı Ardit Zenelini vaxtından əvvəl məyus edib - 9:0. Həsən 1/4 finalda misirli Mustafa Alameldin üzərində minimalhesablı qələbə qazanıb - 2:1. Güləşçimiz yarımfinalda qazaxıstanlı Sultan Assetuli ilə bacarmayıb - 0:11. Məmmədli bürünc medal uğrunda güləşəcək.

Ruslan Nurullayev (72 kq) təsnifat mərhələsində meksikalı Aleksis Varqasa (8:0), 1/8 finalda isə yunanıstanlı Georgios Sotiriadisə (9:0) tam üstünlüklə qalib gəlib. Nurullayev 1/4 finalda ukraynalı İrfan Mirzoyevə məğlub olub - 1:3. Rəqib finala yüksəldiyi üçün Nurullayev təsəlliverici görüşə çıxacaq.

Elcan Məmmədov (82 kq) startda türkiyəli gənclər arasında dünya çempionu Alperen Berberə "tuş"la məğlub olub. Rəqib finaladək irəliləyib və həmyerlimiz üçün 3-cü yeri tutmaq şansı yaranıb.

Murad Əhmədiyev (97 kq) debütdə xorvatiyalı Kristian Lukaça heç bir şans tanımayıb - 9:0. Balakən güləş məktəbinin yetirməsi 1/8 finalda serbiyalı Luka Katiçə tam üstünlüklə qalib gəlib - 9:1. Murad 1/4 finalda türkiyəli Mustafa Olquna 0:2 hesabıya məğlub olub. Rəqibin finala yüksəməsi Əhmədiyevə təsəlliverici görüşə vəsiqə verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar