Fariz Nəcəfov \"Sumqayıt\"la oyunun hakimləri haqda nə dedi? - Özəl
"Qəbələ" - "Sumqayıt" oyunundan öncə mediada bu qarşılaşmada hakimlərin meydan sahiblərini uduzduracağı haqda xəbər yayıldı.
Qarşılaşmada "Sumqayıt" şübhəli penaltidən sonra vurduğu qolla 1:0 hesabı ilə qalib gəldi.
Turun "Səbail" - "Zirə" və "Kəpəz" - "Turan Tovuz" matçları da kobud hakim səhvləri ilə yadda qaldı. "Səbail" ilə oyunda "Zirə"nin təmiz penaltisi verilmədi və Rəşad Sadıqovun komandası 2 xal itirdi.
"Zirə" və "Turan Tovuz" hakim ədalətsizliyinə etiraz etsə də, "Qəbələ" bu mövzuda susmağa üstünlük verdi.
Məsələ ilə bağlı klubun prezidenti Fariz Nəcəfovun mövqeyini öyrəndik.
Nəcəfov sports.az saytına özəl açıqlamasında daha çox "Qəbələ"nin premyer-liqada qalmaq şanslarının tükənmək üzrə olduğuna diqqət çəkdi:
- Belə söz-söhbət haqda nə özüm fikirləşirəm, nə də digər komanda üzvlərimizə məsləhət görmürəm.
Penalti epizodunda şübhəli məqamlar haqqında danışılsa da, mən məğlubuyyətimizi öz səhvlərimizlə əlaqələndirirəm!
Daha çox çalışmalıyıq. Səhv limitimiz tükənir...
Qeyd edək ki, "Kəpəz"dən 3 xal geri qalan "Qəbələ" hazırda Premyer Liqada son pillədə qərarlaşıb. "Zirə" ilə 2-3-cü yerləri bölüşən "Sumqayıt"ın isə 30 xalı var.
Mediada "Gənclik şəhəri" təmsilçisinin və AFFA-nın vitse-prezidenti Elxan Məmmədova yaxın digər klubların turnir cədvəlində mümkün qədər yüksək yer tutması üçün hakimlərə məxfi tapşırıq verilməsi haqda məlumatlar yayılıb.