Cabbarov Heydərov və Məmmədovdan zəifdi?

Vətənin sabahı 

Bu gün "Sabah" Futbol Klubunun yaranmasından 7 il ötür. 

"Bayquşlar" ölkə futboluna böyük iddia ilə gəlmişdi. Klubun adı Azərbaycan futbolunun sabahı üçün ciddi işlər görüləcəyindən, akademiyaya xüsusi diqqət ayrılacağından xəbər verirdi. 
"Sabah"ın yaradıcısı Mikayıl Cabbarov bunun üçün lazım olan hər cür dəstəyi əsirgəmirdi. Bu, həmişə belə olub, indi də belədi. 

"Sabah"ın yaranmasından düz 50 il öncə - 1967-ci ildə fəailiyyətə başlayan "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbi o vaxt Təhsil Naziri olan Cabbarovun himayəsində idi. 

"Vətən" ölkənin ən çox futbolçusu olan uşaq məktəbidi. Məktəbin direktorunun sözlərinə görə uşaqların sayı 2300-dən çoxdu, ölkənin demək olar bütün bölgələrində filialları var və Azərbaycanın hər tərəfindən istedadlar burdadı.

Mikayıl bəyin sayəsində "Vətən"in ən yaxşı futbolçuları "Sabah"a miras qaldı. Yaxın əməkdaşlıq bugünəcən davam edir. Təhsil Nazirliyinin nəzdində olan "Vətən"in bütün xərcləri dövlət tərəfindən ödənilir. 

Azərbaycanda bir futbol klubunun təməlinin möhkəm qurulması üçün bəlkə də bundan yaxşı iş görmək mümkünsüz idi. 

Beş il öncə Zaqreb "Dinamo"su ilə əməkdaşlıq imzalandı. Bu da növbəti ümid verən addım idi. 

Fuad Musayevə rəhmətlə 

Təəssüf ki, 7 ilin tamamında "Sabah"ın gözləntiləri doğrultmadığını deməyə məcburuq... 

Qısa müddət fəaliyyət göstərən "Bakı" Futbol Klubunun Akademiyası yetirmələri ilə ad çıxarmışdı. Onların bəziləri bugünəcən ölkədə tanınan futbolçulardandı. Məsələn, elə "Sabah"da çıxış edən Namik Ələskərov və Nicat Mehbalıyev.

"Qəbələ" Futbol Akademiyası haqda danışmaq artıqdı. İllərdir ölkədə elə bir peşəkar klub yoxdu ki, orda "Qəbələ" Akademiyasının yetirmələri çıxış etməsin. "Sabah"da da yerli futbolçuların çoxu "Qəbələ"nin yetirmələridi. O cümlədən, kapitan Elvin Camalov, Amin Seydiyev və Tellur Mütəllimov. Yusif İmanovu da Azərbaycan futboluna "Qəbələ" bəxş edib. Klub Akademiyasının seleksionerləri Yusifi  Ağdamın kəndindən taparaq Qəbələyə gətirib, qapıçı kimi bünövrəsini qoyublar.

İndi Yusif də, Amin Seydiyev də, Elvin Camalov da milli komandamızın üzvləridi. Vaxtilə Tellur da milli formanı geyinib. 

Bəs "Sabah" bu 7 ildə futbolumuzun sabahı üçün hansı töhfəni verib? 

İllərdir ölkənin əksər istedadlı uşaqları klub akademiyasina cəlb edilir. Bununla bağlı ciddi narazılıqlar olur ki, niyə eyni mövqeyə ölkənin ən yaxşı bir neçə uşağını götürürlər və onların da çoxu ehtiyatda qalıb inkişaf edə bilmir? Uşaq futbolunda çalışan mütəxəssislər "Sabah" Futbol Akademiyasının bununla ölkə futboluna zərər verdiyi qənaətindədi.

"Sabah"ın əsas komandası da bu 7 ildə ayrılan büdcənin qarşılığında ciddi uğurları ilə öyünə bilmir. Həmin "Qəbələ" Masazır təmsilçisindən xeyli az büdcəylə qısa müddətdə həm akademiya, həm də əsas komandası ilə ciddi uğurlar əldə etdi, iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynadı, iki dəfə də Azərbaycan kubokunu aldı.

"Nürnberq"ə keçən Mahir Emreli kimi futbolçular yetişdirmiş "Bakı" isə 3 dəfə ölkə kubokunu qazandı, 2 dəfə ölkə çempionu oldu. 

"Qəbələ" bir neçə təbii meydançası, hər cür şəraiti olan uşaq futbol akademiyası, "Bakı" gözəl futbol bazası qurdu (heyf ki, sonra məhv etdilər).  Əsas komandalar üçün stadionlar da öz yerində.

7 yaşı tamamlanan "Sabah"ın isə infrastrukturla bağlı da ciddi problemi var. Əvvəllər gündə bir klubun meydançasında, orda-burda məşq edən akademiyanın futbolçuları mərhum Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə UEFA-dan aldığı pulla inşa etdirdiyi əvvəlki "Şəfa", indiki ASK Arenada lövbər salıb.

Legionerlərə dağıdılan onmilyonlar

"Süni meydançalar uşaqlar 19 yaşına çatanda onlarda ciddi zədələr yaradır. Dizlər, "qolenostoplar", bel problemləri uşaqların 90 faizində var" - 23 il əvvəl tikilən ASK Arenanın süni örtüyündə məşq edən "Sabah" Futbol Akademiyasının məşqçisi Saşa Yunisoğlunun sözləridi. 
Dövlət Premyer Liqada çıxış edən klubların hərəsinə hər mövsüm üçün 3 milyon büdcə ayırır. Bu məbləğin 400 mini uşaq futbolunun, akademiyanın inkişafı, 300 mini isə infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulur.

Amma "Sabah" deyəsən daha asan yol seçib - ani nəticə üçün yarandığı gündən bu yana legionerlərə onmilyonlarla manat xərclənib. Bunun qarşılığında komanda bir gümüş, bir bürünc medal qazanıb. Nəticələrə baxanda legionerlərə tökülən onmilyonların əslində havaya sovrulduğunu, dağıdıldığını, həmin pulla ən müasir futbol akademiyasının inşasının mümkünlüyünü görərik. 

Sözsüz ki, "Qəbələ" və "Bakı" kimi, "Sabah" da yarananda müəyyən inkişaf strategiyası ilə yola çıxılıb. Bu mənada Mikayıl Cabbarovun Tale Heydərov və ya Hafiz Məmmədovdan daha zəif olduğunu düşünmürəm. 

Bəlkə səbəb klub prezidenti Maqsud Adıgözəlov başda olmaqla Cabbarovun etibar etdiyi kadrların onun ümidləri doğrultmamasındadı? - səmimi deyim ki, "Sabah"ın "yuxarılarında" nələr yaşandığını bilmədiyim üçün bu haqda da dəqiq fikir bildirəmmirəm. Amma onu bilirəm ki, himayədarları təkcə klubun yox, ümumiyyətlə, Azərbaycan futbolunun inkişafını istəyən, bunun üçün ən azı maliyyə cəhətdən hər cür dəstək verilən "Sabah"a bu 7 ildə ayrılan vəsaitlə qat-qat faydalı və uğurlu işlər görmək olardı.

7 ildə bitməyən yonca

Sonda mətbuat katibi Elnur Həmidova  ünvanladığımız "Sabah" yarananda qarşıya hansı məqsədlər qoyulmuşdu və indiyəcən nəyə nail olundu?" sualına verilən cavabı nəzərinizə çatdırırıq:

- Əvvəla diqqətinizə görə təşəkkür edirik. 

“Sabah” Futbol Klubunun yarandığı ilk gündən əsas hədəfi təkcə komanda kimi yox, klub olaraq formalaşmaq, ölkənin iddialıları sırasında yer almaq olmuşdur. Klubun cəmi 7 yaşı olmasına baxmayaraq, bu istiqamətdə bir çox irəliləyiş əldə etdiyimizi deyə bilərik. “Sabah”ın əsas komandası son iki mövsümdə Premyer Liqada mükafatçılar sırasına düşmüş, 2022/23 mövsümündə gümüş, ötən mövsümdə isə bürünc medallar qazanaraq UEFA Konfrans Liqasına vəsiqə qazanmışdır. Komandamız avrokuboklarda iştirak etdiyi hər iki mövsümdə mərhələ adlamağı bacarmışdır. 

Əminliklə demək olar ki, “Sabah” Futbol Akademiyası hazırda ölkə futbolunda öncüllərdən hesab edilir.

Akademiyamız fəaliyyətə başladığı ilk ildən aşağı yaş qrupları üzrə komandalarımız ölkə çempionatlarında uğurlu nəticələr əldə etmişdir. 2018-ci ildə, akademiyamız fəaliyyətə başladığı ilk ildə “Sabah”da olan uşaqların əsasını təşkil etdiyi U-19 komandamız bu il tarixində ilk dəfə Gənclər Liqasının qalibi olaraq, ölkəmizi UEFA Gənclər Liqasında təmsil etməyə haqq qazanmışdır. Bu illər ərzində “Sabah” Futbol Akademiyasında çıxış edən futbolçular mütəmadi olaraq Azərbaycanın müxtəlif yaş qruplarından ibarət milli komandalarına dəvət almışdır. Bu gün akademiyamızın yetirmələri əsas komandamızın da sıralarında yer alırlar. Bundan əlavə, klub olaraq uşaqların futbolçu kimi inkişafında beynəlxalq təcrübənin çox mühüm rol oynadığını hesab edir və məhz bu səbəbdən fəaliyyət göstərdiyimiz illər ərzində akademiyamızın komandalarının ölkə xaricində keçirilən müxtəlif beynəlxalq turnirlərə göndərilməsinə xüsusi diqqətlə yanaşdığımızı da qeyd etmək istərdik. 

Klub olaraq daima azarkeşlərlə işə də xüsusi diqqət ayırmışıq ki, bunun da nəticəsini son illərin statistikasında da aşkar görmək mümkündür. “Sabah” gənc klub olmasına baxmayaraq, ölkə çempionatında ev oyunlarına ən çox azarkeş gələn klublardan biridir.

Marketinqin təkmilləşdirilməsi, azarkeş mağazasının fəaliyyətə başlaması və inkişafı, həmçinin başqa sahələrdə də bir çox işlər görülüb və görülməkdədir. Məhz bunun da sayəsində “Sabah” FK qeyd edilən sahələrdə də ölkə futbolunda öncüllərdən hesab olunur. 

Lakin qarşıda görüləcək çox iş var. Gənc klub kimi daha da böyümək və ilk ildən qarşımıza qoyduğumuz hədəflərə çatmaq və bu istiqamətdə fəaliyyətimizi daha da təkmilləşdirmək üçün daim çalışırıq.

Elnur bəyə bu açıqlamaya görə təşəkkür edir, Sports.az olaraq "Sabah"ın kollektivini və klubun azarkeşlərini təbrik edirik.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar