Turan Bayramov Avropa çempionatının finalında

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona yaxınlaşır.

Sports.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.

Mübarizəyə 1/4 finaldan qoşulan Ayxan Abdullazadə (61 kq) türkiyəli Emre Kuralla bacarmayıb – 3:9.

Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda moldovalı Vasile Diakonla qarşılaşacaq.

Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub olub – 5:7. Güləşçimiz təsəlliverici görüşdə moldovalı İvan İçizliylə qarşılaşacaq.

Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı Andro Marqişviliylə bacarmayıb – 13:23. Şabanov bürünc medal uğrunda güləşəcək.

Vaxit Qalayev (125 kq) Şimali Makedoniyadan olan Uveys Feyzulahu (10:0) və erməni Martin Simonyanı (10:3) məğlub etsə də, yarımfinalda gürcüstanlı Solomon Manaşviliyə “tuş”la uduzub. Görüşdən sonra hər iki güləşçi qeyri-etik davranışlara görə yarışdan xaric edilib.

Qeyd edək ki, təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar martın 19-da keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar