Ehtiram Quliyev: “Uşaq futbolu təbii örtüyə keçməlidi

Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, “Səbail” səfərdə “Turan-Tovuz”un qonağı olub – 3:1. Görüşdən sonra ev sahibi komandasının idarə heyətinin sədri Ehtiram Quliyev jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəl klubun sponsoru idiniz, bu yay İdarə Heyətinin sədri oldunuz. Yeni vəzifədə hansı işdən başladınız?

- Ötən mövsümün ikinci dövrəsindən sponsor kimi bu işə başladıq. Düzdür, azarkeşlər daha gözəl nəticə tələb edirlər. Amma bu il də hədəfimiz Premyer Liqada qalmaq olacaq. Çünki komanda olaraq hələ daha yüksək yerlərə hazır deyilik. Oyunçuların performansını ölçən sistemi yeni almışıq, fiziki hazırlıq məşqçimiz yeni gəlib. İşıqlandırma məsələsini bilirsiniz. Süni ot örtüyündə çıxış etmək çox çətindir. Ötən mövsüm ev oyunlarındakı nəticələrə görə, turnir cədvəlinin son pillələrində idik. Səfərdəki xallara görə isə ilk “5-lik”də qərarlaşmışdıq. Süni örtük ucbatından yaxşı oyunçular cəlb eləmək olmur. Təklif göndəririk, baxırlar ki, zədələnmə ehtimalı var. Əlbəttə ki, bizim indiki futbolçularımız da çox keyfiyyətlidirlər, onları sevirik. Süni örtüyü necə dəyişə bilərik, bunu düşünürük. AFFA-ya da köməklik göstərilməsi üçün müraciət olub. Sponsor bu işin maliyyə xərclərinin 50 faizini qarşılaya bilər, digər yarısını da milli assosiasiyanın ödəməsi üçün müraciət etmişik. Bu mətbuat konfransı “Səbail”lə matçın nəticəsinə görə təşkil olunmayıb. Çünki əvvəldən planlaşdırılmışdı. Bəhanə gətirməyi sevmirik. Ancaq hadisələrə real baxmaq lazımdır. Sağ olsunlar, akademiyamızın binasını inşa ediblər, lakin yetərsizdir. Ərzaq məhsullarını alıb yığmağa anbarımız yoxdu. Ərzaqı gündəlik pərakəndə almaq məcburiyyətindəyik. Bunlar da maliyyə itkilərinə səbəb olur. Fizioterapeya alətlərində əskiklik var. Hədəflər barədə gələn il müzakirə aparmaq olar. Təbii ki, mən də biz azarkeş kimi, yaxşı nəticə istəyirəm. Amma futbolçuların, baş məşqçinin qarşısına belə bir məqsəd qoymamışıq. Elan vermişik ki, ingilis dilini bilən 5 gənci işə cəlb edəcəyik. Çünki xarici dil səviyyəmiz aşağıdı, qonaqlar gələndə çətinlik çəkirik. Onların hansı funksiyalarda yerləşəcəyini zaman göstərəcək. Beş gənci seçib, onları futbol ailəsinə qazandırmaq istəyirik. Biz bu günü yox, 10 il sonranı düşünürük. Həmin vaxt bəlkə də, biz burada olmayacağıq. Hədəf və planlarımız 10 illikdi.

- 10 ildən sonra “Turan Tovuz”u harada görmək istəyirsiniz?

- Strateji hədəfimiz öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda sözünü deyən bir klubun yaradılmasıdı. Məsələnin həlli çox sadədi. Ot örtüyünü əsas komanda üçün danışıram. Bu gün Azərbaycan futbolunun ən böyük problemi süni örtükdü. 16 yaşlı futbolçu meniskis əməliyyatı olur. Uşaq futbolu təbii örtüyə keçməlidi. İstedadlı uşaqlar bir yerə qədər gələ bilirlər. Ondan sonra zədələrdən əziyyət çəkirlər. Dünya bu mərhələdən keçib. 10 ildən sonra biz və bizdən sonra gələcək rəhbərlərə bayrağı bu planlarla təhvil verməyi düşünürük.

- Ot örtüyünü dəyişdirməyi nə vaxt planlaşdırırsınız?

- AFFA-ya müraciət etmişik, danışıqlarımız gedir. Böyük vəsait tələb olunur. Çəkiliş meydançasını, işıq dirəklərini sponsor, daxili vəsait hesabına həll elədik. Heç kimdən bir qəpik yardım almadıq. Bu gün akademiya binası inşa edirik. Eyni zamanda transferlərin həyata keçirilməsi maddi yükdü. Akademiyamız yataqxana kimidir. Bura hansı futbolçunu gətirə bilərik? 4-5 nəfərlik otaqda kim qalar?

- Sponsor maliyyə ayırırsa, mənfəət də tələb edə bilər. Bu barədə nə düşünürsünüz?

- Azərbaycan futbolunun reallıqları bu gün buna imkan vermir. Bu gün şirkətlərin futbola gəlməməsinin səbəbi ticari yanaşa bilməməyimizdi. Bizim kluba və bölgəyə könül bağımız var. Amma inkişaf üçün şirkətlər gəlməlidi. Futbol komandaları qeyri-hökumət təşkilatı kimi yox, şirkət olaraq formalaşmalı, xarici və daxili investorlar iştirak eləməlidi. Burada hansı mənfəətimiz ola bilər? Zamanla mütləq dəyişikliklər olmalıdı.

- Dövlət tərəfindən hansı addımlar atılsa, iş adamlarını futbola cəlb etmək olar?

- Dövlət çox ciddi islahatlar aparır. Dövlət proqramının olması, süni örtük, akademiya binası üçün ciddi investisiya yatırıldı, plan-proqram, islahatlar aparılır. İstər vergi güzəştinin olması, istər bəzi imtiyazların verilməsi asan məsələ deyil. Bildiyim qədərilə belə bir çalışmalar gedir. Sadəcə, güzəştlərin limitinin, həcminin atırılması və futbol komandalarının şikət olaraq formalaşması yönündə islahatlar aparmaq lazımdı.

- Vergi məsələsində hansısa güzəşt gözləyirsinizmi?

- Bu, böyük üstünlük olar. Amma güzəşt də həddən-artıq böyük həcmdə olsa, şirkətlər bunu istismar edə bilərlər. Yəni güzəştin də həddini müəyyənləşdirmək lazımdı.

- Ötən il Futbolun İnkişaf Fondunun təşəbbüsü ilə pul yığıldı, kluba avtobus alındı. Bununla bağlı nə deyə bilərsiniz?

- Futbolun İnkişaf Fondu çox yaxşı işlər görür, onların dəstəyini hiss edirik. Avtobussuz çox çətin idi. İcarəyə götürməklə iş düzəlmir.

- Bu yaxınlarda tender elan etmişdiniz ki, şirkətlər klubun işlərində sponsora köməklik göstərsinlər. Sizə haradansa müraciət oldu?

- Heç bir müraciət olmadı. Dedik ki, bizim ayırdığımız vəsaitin 1/10-nu ayıraraq adımızla bərabər hallana bilərsiniz. Paxıllıq etmədik, gələn kimi sponsorun adını stadiona vermədik. Axırda məcburiyyətdən həmin paketi də özümüz satın alacağıq. Çox güzi güzəştlərlə bir neçə paket hazırladıq. Bir çox klublar buna getmirlər. Sponsor deyir ki, əsas pulu mən ayırıram, niyə başqa şirkətin adı mənimlə bərabər hallanmalıdı? Biz elə düşünmədik, dedik ki, gəlsinlər, ənənə yaransın. Oturub gözlədik, bizə heç bir şirkət müraciət etmədi. Bizim özümüzün müraciət etdiyimiz şirkətlər var, danışıqlar gedir. Amma nəticə yoxdu.

- Sizcə, bunun səbəbi klubun bölgədə yerləşməsi ola bilər?

- Belə düşünmürəm. Bu proseslərin təbii alınmasının tərəfdarıyıq. Sahibkar dostlarımız var, rica edərik, gələrlər. Amma elədə Ehtiram Quliyevə görə gəlmiş olacaqlar. Könüllülük prinsipi ilə gəlmələrini istəyirik. Kim istəməz ki, xırda vəsaitlə adı stadiona verilsin? Azərbaycan standartlarının da altında vəsait təklif etdik. Stadiona, akademiyaya ad, bannerlər. Bir sözlə, hər cür paket. 5000 manatlıq paket belə, var idi. Yetər ki, gəlsinlər. Olmadı. Ümid edirəm ki, zamanla bunlar da olar. Şirkətlərə izah edirik ki, bu işbirliyinin markaya da qatqısı olacaq. Dünyada işlər belə dönür. Yayım, reklam gəlirləri var.

- Stadionda bannerlərinizin də sayı kifayət qədər azdı. Sanki özünüzü reklam eləmək istəmirsiniz...

- Hər şey planlıdı. Bannerləri düzməmişik ki, yerimiz boşdu, reklam vermək istəyənlər gəlsin. Qapıları taybatay açmışıq. Ümid edirik ki, qərb bölgəsində olan sahibkarların diqqətini, marağını çəkəcəyik. Bir mənbədən qidalanmaqla bu işlər olmur.

- “Asan Xidmət” tərəfindən bazanın tikilməsi məsələsi var idi. Bu nə yerdə qaldı?

- Ərazilərə baxırıq, danışıqlarımız gedir. Bu gün ehtiyat meydançamız yoxdu. Növbəyə durmuşuq. Akademiyanın aşağı yaş qrupları, əvəzedicilər – hamı bir yerdə məşq edir. Axşam işıqlandırmamız yoxdu. Bu istidə gündüz saatlarında məşqlər olur. Bizə meydançalar lazımdı. Uşaq rahat oynaya bilsinlər. Hamı oturub bir-birini gözləyir ki, stadion boşalsın, girib bir saat məşq edim. Bununla bir yerə gəlmək olmaz. Yaş qruplarımız da çoxdu. Üstəlik, süni örtükdə oynayırlar. Heç yoxdansa yaxşıdı, buna da şükür. Elə görünməsin ki, mən bugün bura çıxıb şikayətlənirlər. Fəlsəfi olaraq elə insan deyilik. Amma real mənzərəni də göstərmək lazımdır. Mən göstərirəm ki, bu kimi problemlərimiz var.

- İşiqlandırma ilə bağlı işlər yekunlaşırmı?

- Artıq bitirmişik. Lampaları gözləyirik. Sifariş vermişik. Biz işlərimizi bitirmişik. Sentyabrın 15-nə söz verilib tədarükçü şirkət tərəfindən ki, təhvil veriləcək. 10-15 gün də onun quraşdırılması var. Sentyabrın sonuna qədər başqa problemlər olmasa məsələlər həll olacaq.

-Tovuz azarkeşlərinin futbola sevgisi çoxdur. Bu fürsətdən istifadə edib azarkeşlərə çağırış etmək istəyirsinizmi ki, səbrli olsunlar. Çünki məğlubiyyət olan kimi stadionu tərk edirlər.

- Azarkeş hər zaman haqlıdır. Həm istəklərində, həm tələblərində də haqlıdır. Bizim üzərimizdə yaratdıqları basqıda da haqlıdırlar. "Turan Tovuz"u hər zaman çempionluğa oynayan komanda kimi görmək istəyərik. Ona görə də onlara səslənmək istəmirəm. Onlar hər zaman fikirlərini bildirə bilərlər. Biz dünənə qədər gözə yarı baxırdıq ki, hansı futbolçumuz nə qədər qaçıb. Biz onu yeni almışıq, analiz edirik. Bizim büdcəmiz yox idi. Ona görə bu yay ayına qədər çəkdi. Bizim ən ciddi əksikliyimiz budur. Mənim ən böyük arzum çempion olmaqdır. Amma real danışmaq lazımdır. Necə olaq? Konfrans Liqasına necə gedək? Pessimist düşünmürük. Hər oyuna ciddi çıxırıq. Daha da artığın düşünürük. Keçən il topladığımız xaldan daha çox xal toplamağı düşünürük. Amma baş plan bu ildə premyer liqada qalmaqdır. Yaxşı nəticə olsa lap yaxşı. Hamı onu istəyər.

- Azərbaycan kubokunda iddianız nədir?

-Kubok bizim üçün çox önəmlidir. Avroliqanın reqlamentində olan dəyişiklik hər kəsə şans yaradır. Bizdə bir titul almaq istəyirik. Keçən ildə hədəfimiz o idi. Sonacan rəqabət aparacağıq. Ən azından keçən ilki nəticəni bu ildə istəyirik. (matc.az)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar