Erkən boşalma

Erkən boşalma

"Qarabağ"ın bu mövsüm titulsuz qalması geniş müzakirələrə səbəb oldu.

Bir qisim deyir ki, "Sabah"ı hakimlər "dartır". Digərləri bukmekerlərin işə qarışdığını bildirir. Ən böyük üstünlük təşkil edən fikir budu ki, "Sabah" Avropada "Qarabağ" kimi uğurlu çıxış edə bilməyəcək. Bəziləri hətta bu layihənin müvəqqəti olduğunu, "Sabah"ın istənilən vaxt klub kimi fəaliyyətini dayandıra biləcəyi qənaətindədi. 

Əlbəttə, illərdir "Qarabağ"ın avrokuboklarda uğurlu çıxışı xalqımızda bu komandaya qarşı xüsusi rəğbət yaradıb. Amma "bayquşlar"ın uğurunu həzm edə bilməyən adamlar var ki, buna "Qarabağ" sevgisinin heç bir aidiyyatı yoxdu.

Azərbaycan elə bir ölkədir ki, hansısa uğur qazanan adama da, komandaya da qısqanclıq, paxıllıq edilməsi heç kimi təəccübləndirmir. Bunu həmin "Qarabağ"ın, Qurban Qurbanovun timsalında çox görmüşük. Odur ki, "Sabah"ın gözlənilən çempionluğunu və ola bilsin "qızıl dubl"unu, Avropada yaxşı nəticələr göstərməsini istəməyənlərin də olması normaldı.

Atalar yaxşı deyib ki, "İgidi öldür haqqını yemə". "Sabah" təməli doğru qurulmuş klubdu. Xüsusən akademiya və insfrastruktura diqqətləri ilə doğru yola başladıqlarını göstərirlər. Ani uğur üçün yaradılan komanda olsaydılar, bu hədəfə çoxdan çatmışdılar, buna hər cür imkanları vardı. Amma klub bəlli bir sistemlə hərəkət edir və düşünürəm ki, gələcəkdə Avropada da ən azı "Qarabağ" qədər uğurlu ola bilər.

"Sabah" ötən illərdə qərəzli hakimlikdən çox əziyyət çəkib. Bu mövsüm əksinə bəlkə də hansısa oyunlarda hakimlər komandaya az-çox dəstək verib. Bu, "Hakimlər "Sabah"ı dartır" deməyə əsasdısa, o zaman daha dərin təhlil aparıb hakimlərin "Sabah"a neçə xal qazanmağa kömək etdiyini ayırd etmək olar. Şükür ki, bütün oyunların görüntüləri var. Hakimlərin mövsümboyu "Sabah"ın lehinə etdikləri "Qarabağ"la hazırda arada olan 13 xal fərqi qədərdisə o zaman "Sabah"ı dartırlar" sözlərində həqiqət var. Amma məncə, bu qədər fərq yoxdu. 

Rauf Allahverdiyev olayından sonra hakimlər sanki özgüvənlərini itiriblər və az qala hər tur nəticəyə təsir edən yanlış qərarlar verirlər. Bu, yalnız "Sabah"ın yox, "Qarabağ"ın da, digər komandaların da oyunlarında olur.

İstənilən halda, hakimlər də insandı, səhv edə bilər və onların üstünə bu qədər gedilməsi doğru deyil. Rəvan Həmzəzadə, Əliyar Ağayev kimi hakimləri itirməyimiz doğru olmaz. 

Bəli, Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndi. Amma məncə, Koxalskiyə qırmızı vərəqə verməyə də bilərdi. Əvvəla, hakim həmin epizoddan çox geridə qalmışdı və əminəm ki, hər şeyi tam dəqiq görmədi. İkincisi, oyunun ahəngi məsələsi var. Bu cür gözəl oyun, dolu tribunalar, əla atmosfer...

Matçın sonundakı penalti epizodu da 50/50-yə idi. Futbolçu bilərəkdən əli ilə oynamadı. Topa zərbə güclü idi və buna görə də əllərini yığmağa da zamanı olmadı. Belə məqamlarda adətən hakimlər istədiyi formada qərar qəbul edə bilir. Buna görə də yenə oyunun ahənginə uyğun penalti verilib əlavə vaxta və deyək ki, penaltilərə gedilsə, bu maraqlı matçı daha da gözəl edərdi. 

Hə, bəlkə qaydalarla Həmzəzadə doğru qərarlar qəbul etdi. Amma mən başqa məqamları bəlkə daha çox düşünürəm. Azərbaycan futbolunun populyarlaşması, xalqda futbolumuza sevgi yaranması üçün hərdən bəlkə qaydalara zidd hərəkət də etmək olar.

"Sabah"ın dartılması" mövzusuna qayıtdıqda, yəqin ki, hamı etiraf edər ki, komanda bu mövsüm "Qarabağ" daxil bütün rəqiblərindən üstün futbol sərgiləyir. Bunda əla seleksiya, keyfiyyətli transferlərlə yanaşı məşqçi işini də xüsusən qeyd etməliyik. Valdas Dambrauskas haqda bu mövsüm bəlkə də yeganə tənqidi yazını mən yazmışam. O da meydandakı işinə görə yox. Dambrauskas həqiqətən əla ifaçılardan, çox yaxşı komanda qurub və bu oyunla "Sabah" Çempionlar Liqasında da uğurlu çıxış edəcək potensialdadı. 

Səmimi deyim ki, "Sabah" kimi klubumuzun olmasına, nəhayət illər sonra "Qarabağ"la bu cür rəqabətin yaranmasına görə çox şadam. Düşünürəm ki, bu, futbolumuzun inkişafına təkan verəcək. 

"Qarabağ"a gəlincə, Çempionlar Liqasındakı fantastik performans komandaya daxili arenada baha başa gəldi. Futbolçulara karyeralarında görmədikləri təkliflər yağdı, fikirləri qarışdı, psixologiyaları pozuldu, Premyer Liqadakı matçlara motivasiyaları itdi, bəziləri "ulduz xəstəliyinə" tutuldu. Bəlkə də futbolçuların ağlı avrokuboklarda uğurlu çıxışla paralel rahat çempionluqlar qazandıqları ötən mövsümlərə getdi, necə deyərlər erkən boşaldılar və sonra fərqi qapatmaq gec idi. ÇL-dəki ağır oyunların yükü həm də fiziki cəhətdən bərpa ola bilməmələrinə gətirib çıxartdı. 

Mövsümün sonu "Qarabağ"ın heyətində çox ciddi dəyişiklər olacaq. Bundan sonra komandanın toparlanıb Avropada yenə də ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram. "Qarabağ"ın bunun üçün yetərincə potensialı və təcrübəsi, peşəkar, illərdir özlərini sübut etmiş uğurlu rəhbər və məşqçi heyəti var. 

Mayın 13-ü Azərbaycan kubokunun finalında "Sabah" - "Zirə" oyununu izləyəcəyik. Rəşad Sadıqovun komandası bura qədər gəlibsə, artıq böyük uğurdu. Final 1 oyundu və indidən əminliklə hansı klubun kuboku qazanacağını demək çətindi. "Zirə"nin bu heyətlə həm kubokda, həm də çempionatdakı yeri məncə, bir az başından yuxarı tullanmaqdı. 

"Qartallar"ı həftəsonu ağır Tovuz səfəri gözləyir. Bu "6 xallıq oyun"un nəticəsi bəlkə sonda avrokuboklara vəsiqənin taleyinə də aydınlıq gətirdi. 

"Neftçi" 4 gündə ardıcıl 2 dəfə "Qarabağ"la qarşılaşacaq. Mənə elə gəlir ki, Qurban Qurbanova ruhdan düşmüş futbolçularını motivasiya etmək çox çətin olacaq. Belədə, "Turan Tovuz" tempi saxlasa, "Qarabağ" hətta 2-ci pillədəki yerini də itirə bilər. 

Bir sözlə, qarşıda bizi çox maraqlı sonluq gözləyir.

Güclü olan qalib gəlsin! 

Bütün komandalarımıza uğurlar!

Son xəbərlər
“Hər iki çempionluğum mənə əzizdir” - Qurban Qurbanov
Azərbaycanın iki güləşçisi AÇ-də yarımfinala yüksəldi
Artetanın oğlu “Arsenal”da debüt etdi
Premyer Liqanı tərk edəcək ikinci komanda bəlli oldu
“Zalsburq”un bosniyalı istedadı A Seriyasına keçə bilər
Nəriman qələbəni kənardan izlədi
Yamal zədələndi
“Yuventus”un “vuran ayağı” “Bayern”ə keçə bilər
“Tarixi uğurumu qızıma həsr edirəm”
“Səhvi başqalarında axtara bilmərəm”
PSJ-nin yay transfer planı məlum oldu
“Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
“Biz onunla yenidən qarşılaşacağıq”
MS PSJ-nin yarımmüadafiəçisini satın almağı hədəfləyib
PSJ “Vest Hem”in yarımmüdafiəçisi ilə maraqlanır
20-cini vurdu, 30-cu oldu
Erkən boşalma
Nəbi İsgəndərovdan Dünya Kubokunda növbəti qələbə
“Abşeron Lions” “Neftçi”yə qarşı
Günün oyunları – TV
Daha 4 qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır
Yüksək Liqada 17-ci turun oyunları keçiriləcək
“Sabah”la ev oyunumuzda azarkeşləri sevindirmək istəyirik”
“Barselona”dan növbəti qələbə
“Latsio” penaltilərlə finala yüksəldi
“Bayern” finalda!
Millimiz Avropa çempionu oldu
“Mançester Siti”dən növbəti qələbə
“Lans”ın finaldakı rəqibi bəlli oldu
PSJ-dən darmadağın
DAHA ÇOX

Ən çox oxunanlar