AFFA-nın gələcəyinin sağlığına!

Yeni - 2024-cü il gəlməmiş futbolumuzla bağlı arzularımı bölüşmək istəyirəm.

İnşallah, martda Azərbaycan futbolunun rəhbərliyinə qabiliyyətli kadrlar gələr. Məsələn, indi Elxan Məmmədovun təsirindən heç cür qurtula bilməyən futbolumuz üçün tapıntı saya biləcəyimiz AFFA-nın gənc baş katibi Sərxan Hacıyev kimi... Səhv eləmirsə, ötən il verdiyi bir açıqlamanı xatırlayıram. Deyəsən milli ilə bağlı suala "Bizim daha böyük problemimiz - uşaq futboludur" cavabını vermişdi. Adam Elxan Məmmədovun "sayəsində" az qala bir təbii ot örtüklü futbol meydançası olmayan, uşaqları beşikdə şikəst edən süni qazonlarda inkişafın mümkünsüzlüyünü gözəl anlayır. Bunu həmin açıqlaması ilə bəlkə də dolayısı ilə dilə gətirmişdi. Uşaq futbolu isə sadəcə meydançalardan ibarət deyil! Məşqçilər, digər mütəxəssislər və s. və i. Hamısı Azərbaycanda yox səviyyəsindədi. Belədə hansı futboldan danışmaq, inkişafa ümid etmək olar?!

İnşallah, Azərbaycan futbolunun inkişaf yolunu bilən, ən azı yeyintidən qabaq məhz bu yolu düşünən və bunun üçün doğru strategiyanı, planı qurub reallaşdıracaq qabiliyyətdə adamlar gələr. Sərxan Hacıyev düşüncələri və qərarları ilə sübut edir ki, belələrindəndi.

İnşallah, indiki rəhbərlik tələm-tələsik, qaçaraq, fürsətdən istifadə edib martdakı seçkilərə kimi milliyə yeni əcnəbi məşqçi gətirib dövlətin büdcəsini növbəti dəfə talamaz. İnşallah, bu məsələ fevraldakı daha önəmli seçkilərdən sonraya ertələnər.

İnşallah, Azərbaycan futbolunun inkişaf planı hazılanar və əvvəlkindən fərqli vicdanla həyata keçirilər.

İnşallah, bütün klublarımız ən azı "Qarabağ" qədər işinə məsulliyyət və vicdanla yanaşar.
İnşallah, İsveçlə olduğu kimi əhəmiyyətsiz bir qələbəyə görə hər futbolçuya 40 min mükafat verilməz.

İnşallah, buna baxan qadın futbolçularımız heç kimə lazım olmayan hansısa C liqasında yer tutduğuna görə, federasiyanı şantaj edib "kişi komandasına bu qədər mükafat vermisiniz, amma biz tarixi uğur qazandıq, dəyərləndirmirsiniz" deməz, reallıq hissini itirməz.

İnşallah, cinsindən asılı olmayaraq, futbolçular da, futbol idarəçiləri də bu ölkədə belə şad-firəvan yaşadıqları üçün şəhidlərimizə və qazilərimizə borclu olduqlarını dərk edər, onların başsız qalmış ailələrinin aylıq qazancları haqda məlumat toplayar...

Arzular çoxdu, böyükdü...

Xankəndidə Çempionlar Liqası finalında Azərbaycan klubunu görməkdən Ağdamda - "İmarət" stadionunda milli komandamızın Avropa və dünya çempionatlarının final mərhələsindəki oyunlarını elə həmin şəhid ailələrinin canlı izləməsinəcən...

İndiyəcən hər yeni ildə "İnşallah, gələn ili Şuşada keçirək" deyərdik. Ən çətin, əlçatmaz gördüyümüz arzular artıq gerçəkdi!

Niyə futbolumuzla bağlı arzularımız çin olmasın?!

Futbolumuzun və AFFA-nın gələcəyinin sağlığına!

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar