“Neftçi” azarkeşləri klubun böyüklüyünü qorudu

Avrokuboklarda bol adrenalinli, həyəcan dolu, kədərli, sevincli bir ay geridə qaldı. 4 komandadan ikisi ilk mərhələdə dayandı, ikisi yola davam dedi... Klubların real durumuna uyğun öncədən də belə proqnozlaşdırılır, gözlənilirdi...

Səfər matçında ağır məğlubiyyətdən sonra "Neftçi" çətin vəziyyətə düşmüşdü. Açığı, komanda oyun planında çox da ümid vermirdi. Ona görə də emosiyaların aşıb-daşmaşı ilə birgə, haqlı tənqidlər çoxluq təşkil edirdi.

Müasir futbolda psixoloji hazırlıq mühüm rol oynayır. Elə hallar olur ki, ön plana çıxır. Rəqibin gücünü, Kipr klubu olmasını nəzərə alaraq, bu məsələ üzərində xüsusi dayandıq. "APOEL yenilgisi" yazısından sonra "Son zərbə şansı",  "UEFA da "Neftçi"yə -  böyüksən deyir" paylaşımları ilə dəstəyimizi əsirgəmədik...

Analizlər onu göstərirdi ki, qısa vaxtda komanda ətrafında bütövləşmə təmin olunmalı, təzyiqlər nisbətən azaldılmalı, futbolçuların özgüvəni geri qaytarılmalı idi. İlk oyundan sonra tək "Neftçi" deyil, Azərbaycan futbolu adına növbəti dəfə "sınma" təhlükəsi yaşana bilərdi. 

"Neftçi" fanat/azarkeşləri klubun böyüklüyünü qorudu, əzilməyə imkan vermədi. Tribunalar "12-ci oyunçu" yox, stadionda komandanı arxasınca aparan əsas qüvvəyə  çevrildi. Matçda liderliyi öz üzərinə götürərək məğlubedilməz qələbə ruhu ilə hücuma səslənən futbolçuların qollarıyla möhtəşəm qeridönüş təmin edildi...

Ata-babalarımızdan miras qalan "Neftçi"ni ağsaqqallı-cavanlı, bu günkü nəsil heç kimə vermədi, mübarizə apardı, tribunaları doldurdu, komandanın böyüklüyünü bir daha sübuta yetirdi! Şəhid övladlarının  ayaqları dəyən meydanda düşmənpərəst rəqib qarşısında şəhid ruhları məğlub ola bilməzdi!

İlk mərhələ geridə qaldı... Böyük əziyyətlər sayəsində geridönüş edildi. Eyforiyaya qapılmamalı, arxayınlıq olmamalı, səhvlər aradan qaldırılmalıdır. "Aris"lə oyunlarda təzyiq olmasın düşüncəsi ilə etmədiyimiz təhlilləri növbəti matçlara kömək məqsədilə indi edək...

II

Psixoloji dəstək, ruh yüksəkliyi fonunda qələbələr bir, maksimum iki dəfə olur. Futbolda mütləq olan digər komponentlər, fiziki, taktiki, texniki, nəzəri biliklər, hazırlıq yerində olmalıdır. Dəstəklə yanaşı, tələb, ictimai qınaq, qorxu altında futbol oynanılmamalıdır...

İllərdi "Neftçi" elə vəziyyətdə salınıb ki, təzyiq olmadan məsuliyyət hiss edilmir. Şaiyələrə, bəhanələrə, kənarda "günahkarların" axtarılmasına son qoyulmalıdır. Klubda çalışanların kimliyindən asılı olmayaraq, "Neftçi" böyüklüyü dərk edilməli, sözdə yox, əməldə buna uyğun addımlar atılmalıdır.

Bir mərhələ keçidi başlanğıcdır/olmalıdır...

Nöqtə(lər) nida deyil, nida - qrup, qruplar yoludur! 

"Neftçi"nin hədəf(ləri) heç vaxt kiçilə bilməz!

Komanda göstərdiyi oyunla nəinki avrokuboklara, ölkə çempionatına da hazır deyil. Sıradan bir "Aris" 2 oyuna 2 top vuraraq əlavə 10-15 qol epizodu yaratdı. "Neftçi" kimi klub üçün, bu, yolverilməzdir. Daha keyfiyyətli futbolçuları olan rəqiblər belə səhvləri bağışlamayacaqlar... 

"Rapid"lə ilk qarşılaşmanın evdə olması üstünlükdür. Səfər problemindən doğan get-gəl narahatlığı yoxdur, futbolçuların bərpası, funksional hazırlığı yüksəlməlidir, qələbədən sonra komandanın özünəinamı daha da artmalıdır. Fanat/azarkeşlər tribunaları tam dolduracaq, daha əzmlə dəstək verəcək, "Neftçi"ni yenidən qələbəyə səsləyəcək...

Komanda mövqelər üzrə tam koplektləşməyib.
Oynadılan sistemə uyğun müdafiənin sağ-solunda böyük problemlər var. Komanda oyunu, xətlərarası əlaqə, mövqe hücumlarının təşkili çox zəifdir. Heyətdə yeni futbolçuların olması bəhanə olmamalıdır. Qələbəni fantastik dəstəklə fərdi ustalıqları hesabına elə yenilər təmin etdi...

Transferlərə qiymətin verilməsi üçün bir qədər zamana ehtiyac var. Adaptasiya bir kənara, sistem olaraq oyun planında boşluqlar olduğu üçün, futbolçular potensiallarını imkanları çərçivəsində tam göstərə bilmirlər. Meydanda oyunçular komanda şəklində nə edəcəklərində çətinlik çəkirlər. Bu da, məşqçi işidir...

III 

"Neftçi" rəhbərliyi mövsümöncəsi bir çox əcnəbi məşqçilərlə danışıqlar apardı, sonda rumın mütəxəssis Rege öz dəstəsi ilə Bakıya gəldi. "Styaua" ilə Avropa meydanlarında qələbələr qazanmış, ərəb şeyxlərini keçmiş, saysız-hesabsız klublar dəyişmiş adamdır.

Ərəb ölkələri Azərbaycan üçün göstərici sayıla bilməz. Çalışdırıcı Rumıniyadakı məşqçilik fəaliyyəti ilə göstərib ki, bacarığı var. "Neftçi"yə pul dağarcığı kimi yox, lazımı səviyyədə yanaşsa, nəsə alına bilər... Əgər məsuliyyət hiss edilərsə...

Rege Azərbaycana gələndə hiss olunur ki, "Neftçi"yə ərəb klubları kimi yanaşıb. Bakıda ilk çıxdığı matçda belə olmadığını, gəldiyi klubun hansı çəkiyə, nüfuza, böyüklüyə malik olduğunu əyani görmüş oldu. Fanat/azarkeşlər tək "Aris" üzərində qələbə qazanmadı, klub rəsmiləri ilə birgə məşqçilər korpusu da mesajını aldı...

Rumın mütəxəssis meydandan fərqli mətbuata verdiyi açıqlamalarda hələ ki, ciddi səhvə yol verməyib. Emosiyalara qapılmır, özünə sərf edən tərzi gözəl bilir, fanatların rəğbətini qazanmağa çalışır, hər dəfə bir-birini "döyən" incə fikirlər səsləndirir, hansından nə vaxt, hansı vəziyyətdə istifadə edəcəyini qabaqcadan müəyyənləşdirir...

Yaşına uyğun olmayan təcrübəsi var. Hələ ki, bacarığını yaşıl meydanda deyil, ətrafda yaxşı göstərir. Rege öz təcrübəsi ilə qarşısında olan və futbolu, psixologiya elmini dərindən bilməyənləri susuz aparıb susuz gətirər.

Rumın baş məşqçi "damar tutur", hər açıqlamasında 5-10 variant işlədir. İlk oyundan öncə "futbolçulara hər şeyi izah etmişəm, qalanı mənlik deyil", sonra, "transferlər rəhbərlik, seleksiyaçılarla birgə edilib"... Və bu tipli məqsədli var-gəllərdən sonra, "azarkeşlərdən üzr istəyirəm", "sona kimi döyüşəcəyik" kimi publikaya yönələn gəlişigözəl sözlər...

Möhtəşəm geridönüşdən sonra, "belə transferlərə görə rəhbərliyə təşəkkür edirəm" ... yenidən "sığorta şirkəti"... "Avstriya çempionatı Kipr deyil, "Aris" də "Rapid". Nə qrup sözü dilə gətirilir, heç p.-off yada düşmür.

Meydandan savayı, Regenin çoxgedişli "kombinasiyalarında" istənilən "çıxış yolları" var. Bakıda fiasko yaşansaydı, transferlər mənlik deyil, nə göstəriblər, onların içindən seçmişəm deyiləcəkdi. Yəni, Rege heç bir futbolçunu özü qoltuğuna vurub "Neftçi"yə gətirməyib. "Rəhbərliyə təşəkkür edirəm" 0:2-dən sonra deyilsəydi, səmimi olardı...

IV

Azərbaycan futbolu torresləri, foqtsları, gedeləri, toşakları, syominləri, dənizliləri, adamsları görüb/yola salıb. Rege Bakıya gəlməmişdən öncə bilirdi ki, avrokuboklarda çıxış edəcək, qarşısına Banqladeş klubları çıxmayacaq.

Rumıniyadan bir dəstə məşqçi Bakıya ona görə gətirilməyib ki, "Neftçi" camiəsi nağıllar aləminə qərq edilsin. Ona görə  buradadılar ki, komanda yenidən çempionluqlar, kuboklar qazansın, qruplar təmin edilsin. Birmənalı, Regenin maaşı da rəhmətlik Böyükağa Hacıyevin aldığından 2-3 dəfə çoxdur.

Futbol ictimaiyyətinə maraqlı deyil transferlər klubda necə həll olunur, "Neftçi"nin qazanacağı nəticələr önəmlidir. Baş məşqçinin hər dəfə belə nüanslara önəm verməsi, gələcək qarşıdurmaların toxum səpininə bənzəyir. 

Bordin Mbodjdan forvard "düzəldirdi", indi də Rege perspektivli "gəncdən" sağ müdafiəçi "yapır". Afrikalı öz mövqeyində düz-əməlli oynaya bilmir, universallığı necə bacarsın?! 
Boyu Brkiçdən balaca olmaz, qapıda da dura bilər...

Rege dərk etməlidir, ona izah olunmalıdır ki, Azərbaycanda futbolu da, psixologiyanı da gözəl bilirlər. Meydandakı oyunu yaddan çıxarıb hər dəfə "variantlar" işlətsə, nəticə göstərməsə, özü susuz qoyulub susuz yola salınacaq. Qarşısı alınmasa, "Neftçi"nin idarəçi aparatı da ona qoşulacaq. Regenin "ipi" bərk saxlanılmalıdır!

Böyük futbolda sistem ya tarixi klubların ənənəvi oyun üslubuna uyğun qurulur, ən pis halda məşqçi fəlsəfəsi işə düşür və ya əldə olan futbolçulara nisbətdə seçim edilir. Başqa mövqelərdəki boşluqlar bir yana, Mahir/Bertuççi tipli sağ-solun yoxdursa, hazırkı sistem istənilən keyfiyyəti verə bilməz!

Hücum futbolunu qorumaq şərtilə, əldə olan futbolçularla 3-5-2/3-6-1 taktiki quruluş daha effektli ola bilər. Rege komandaya yeni gəlsə də, "Neftçi" artıq təlim-məşq toplanışını keçib, yoxlama/hazırlıq oyunları oynayıb, futbolçuların potensialına bələd olmalıdır.

Obyektiv çətinliklər də mövcuddur, illərdi komandada sistem sabitliyi yoxdur, hər gələn öz fəlsəfəsini yeritmək istəyib, tam fərqli sistemlərdən istifadə edilib. İstənilən halda, Mbodjdan "kosmonavt" düzəldib Marsa hazırlamağa ehtiyac yoxdur. 

Qarşıdan "Neftçi"ni "Rapid"lə yeni sınaqlar gözləyir. Fanat/azarkeşlər, dəstək verənlər artıqlaması ilə "Aris" üzərində qələbədə psixoloji və mənəvi pay sahibi oldular. Bütün rəqiblər "na ura" ilə keçilə bilməz. Regenin məşqçi bacarığı avstriyalılarla oyunlarda tam olaraq bilinəcək...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar