Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib.

Sports.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Çini təmsil edən Yu Xie qızıl medal qazanıb.

Ötən il Bakıda keçirilən mundialın da qalibi olan asiyalı atıcı həlledici mərhələdə Almaniyadan olan Robin Valteri üstələyib.

Bürünc medal da çinli atıcıya nəsib olub. Hesabında üç dünya çempionu titulu olan Boven Zhang bu dəfə üçüncü yerlə kifayətlənib.

Eyni növdə qadınların mübarizəsində fransalı Kamille Yedrjeyesvki sürpriz nəticəyə imza atıb. 22 yaşlı atıcı güclü rəqiblərini üstələyərək, qızıl medala yiyələnib. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc medalla kifayətlənib.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qızıl medal qazanan Kamille Yedrjeyevski təəssüratlarını bölüşüb: “Təsnifat mərhələsi kifayət qədər gərgin keçmişdi. Final mərhələsinin bir gün sonraya təsadüf etməsi yaxşı oldu. Belə olan halda dincəlmək və həlledici mərhələyə köklənmək üçün vaxt qazandım. Fəxri kürsüyə qalxdığıma görə məşqçimə təşəkkür edirəm. Bəli, qızıl medal qazandığımı biləndən sonra təsirləndim və göz yaşlarımı saxlaya bilmədim. Həmin an özümlə fəxr etdim və hisslərə qapıldım. Hər gün qızıl medal qazanmırıq deyə, belə anlar bəzən adamı təsirləndirir".

Fransalı atıcı paytaxtımızın onun üçün düşərli olduğunu deyərək, gördüklərindən məmnunluğunu dilə gətirib: “Bu, Bakıda ilk qızıl medalımdır. 2022-ci ildə burada keçirilən Dünya Kubokunda gümüş medal qazanmışdım. Bakı Atıcılıq Mərkəzini ümumilikdə yaxşı tanıyıram. Bəlkə də uğur qazanmağımda bu amilin də rolu var. Çünki hər mənada özümü rahat hiss edirəm. Paytaxtınızla bağlı xoş xatirələrim var. Komandamızla birlikdə şəhəri gəzmək imkanımız oldu. Mərkəzdə dolaşdıq, dəniz kənarında gəzdik. Burada olmaqdan zövq aldığımızı deməliyəm”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar