“Yüz faiz əminəm, “Qarabağ” mərhələni adlayacaq” 

“Yüz faiz əminəm, “Qarabağ” mərhələni adlayacaq” 

"Qarabağ"ın keçmiş baş məşqçisi, hazırda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasını çalışdıran Elxan Abdullayev Sports.az saytının suallarını cavablandırıb. Tanınmış mütəxəssis vaxtilə uğurları üçün çalışdığı klubun Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib. 

Abdullayev Çexiya çempionu “Viktoriya” ilə Plzendə keçiriləcək cavab görüşündə Azərbaycan təmsilçisinin üstün tərəflərinin daha çox olduğunu söyləyib. 

- “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya”ya qarşı Bakıda keçirdiyi oyun sizdə necə təəssürat yaratdı? 
- Açığı, “Viktoriya” xoşuma gəldi. Çox təhlükəli komandadır. “Qarabağ”ın əvvəlki mərhələlərdə qarşılaşdığı rəqiblərlə müqayisədə çexlər daha intizamlıdır. Müdafiə xətti çox yaxşıdır. Fiziki cəhətdən də güclü görünürdülər. Onlar Bakıya qol buraxmamaq üçün gəlmişdilər. Amma Çexiyadakı qarşılaşma başqa cür olacaq. Çünki onlar da qələbə qazanmaq üçün qol vurmalıdırlar. Düşünürəm ki, Plzendə fərqli mübarizə izləyəcəyik. Yəqin ki, “Viktoriya” bu dəfə hücumda daha aqressiv olacaq. Müdafiə xətlərini keçmək isə çox çətindir. Rəqibə elə çox şans vermirlər. Düzdür, Bakıdakı matçda qol imkanlarımız oldu. Amma yenə də “Viktoriya” əvvəlkilərdən yaxşı rəqibdir. 

- Rəqib Bakıda yaradıcı oyun sərgiləmədi, yalnız cinah asmalarına və standart vəziyyətlərə bel bağladı. Bu amili “Qarabağ” üçün üstünlük saymaq olar? 
- Top nə qədər “Qarabağ”da çox qalsa, təmsilçimiz üçün o qədər yaxşıdır. Ancaq top itkiləri böyük təhlükə deməkdir. Çünki onlar uzun ötürmələrlə irəliləyirlər. Fiziki cəhətdən güclü, sürətlidirlər. Yaxşı texnikaya malik oyunçuları var. Bəli, Bakıdakı görüşdə hücumda yaradıcı nəsə göstərmədilər. Amma bu o demək deyil ki, bunu evdə etməyəcəklər. Nəzərə alaq ki, bu dəfə doğma azarkeşləri önündə oynayacaqlar. Aqressiv oynayıb, qol vurmağa çalışacaqlar. Yəqin ki, yenə əsas diqqətlərini müdafiəyə yönəldəcəklər ki, top buraxmasınlar. Kornerdən, standart vəziyyətdən hər an istifadə etməyi bacaran komandadır. Bir sözlə, göydə onlar, yerdə biz yaxşıyıq. Bu üzdən üstünlüyü “ikinci mərtəbə”yə verəcəklər. Çalışmaq lazımdı ki, meydançanın bizə aid hissəsində standart vəziyyətlər, kornerlər mümkün qədər az olsun. 

- Çexiyalı futbolçular Bakının istisindən çox şikayətləndilər. Bürkünün matça təsiri nə qədər oldu? 
- Bu, bəhanədir. Hər iki komanda üçün eyni hava şəraiti idi. Onlara isti idi, “Qarabağ”a soyuq? Düzdür, onlar bu iqlimə öyrəşməyiblər. Ancaq fiziki cəhətdən güclü olan komanda üçün iqlim faktoru böyük rol oynamır. Əksinə, topla oynayan yaradıcı komandaya daha çox təsir edir. Heç çexlərdə yorğunluq görmədim. Doğrudu, Çexiyada hava durumu futbol oynamaq üçün daha uyğun olacaq. 

- Əlverişli hava şəraiti “Qarabağ”ın da daha yaxşı oynamasına xidmət edəcək? 
- Əlbəttə. “Viktoriya” Bakıda qələbə qazansaydı, Bakının istisini heç bəhanə etməyəcəkdi. Burada qələbə qazanan komanda heç vaxt istidən şikayətlənmir. 

- Cavab oyunundan necə mübarizə gözləyirsiniz? 
- Analiz eləsək, “Qarabağ” onlardan qat-qat texnikalı kollektivdir. Topu saxlayır, onunla yaxşı davranır, futbolçular bir-birini başa düşür. Bu cütdə üstünlüyü “Qarabağ”a verirəm. Bircə təkbətək mübarizələrdə rəqibə uduzmayaq. 

- Bundan ötrü daha çox nələrə diqqət eləmək lazım gələcək? 
- Standart vəziyyətlərə. Qapımıza yaxın yerlərdə rəqibə cərimə zərbəsi verməyək, mümkün qədər az korner olsun. “Qarabağ” qol vuracaq, yetər ki, buraxmasın, öz oyununu oynasın, üstünlüyü, topa nəzarəti rəqibə verməsin. 

- Yəni “Qarabağ”ın Çempionlar Liqasına çıxmaq şansını daha çox görürsünüz? 
- Əvvəla, azərbaycanlı kimi, hamımız “Qarabağ”ın mərhələ adlamasını istəyirik. İkincisi, "Qarabağ" bu rəqibdən heç də zəif deyil. Əksinə, istər komanda oyununa, istərsə də futbolçuların fərdi keyfiyyətlərinə görə biz daha üstünük. "Viktoriya"nın əsas üstünlüyü azarkeşlərdi ki, o da "Qarabağ" üçün problem deyil. Çempionumuz səfərdə daha güclü oynayır və gözəl nəticələr göstərir.

Mən “Qarabağ”ı Çempionlar Liqasının qrupunda görürəm. Yüz faiz əminəm ki, “Qarabağ” Plzendə qol və ya qollar vuracaq və mərhələni adlayacaq. Qurban Qurbanova və komandanən hər bir üzvünə uğurlar arzulayıram!

Son xəbərlər
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
DAHA ÇOX

Ən çox oxunanlar