“Bu vəziyyət “Qarabağ” üçün əlavə motivasiyadır” - Qarabağ döyüşçüsü 

Azərbaycan tarixində futbolu atıb ön cəbhədə ermənilərlə döyüşməyə yollanan tək-tük qəhrəmanlardan biri Novruz Əzimov Moldovanın yüksək liqa klubu “Dinamo-Avto”nun baş məşqçisi təyin olunub.

62 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində həm təyinatı, həm qarşıya qoyulan hədəflər, həm də Moldova çempionatının səviyyəsi barədə danışıb. 

Əzimov “Qarabağ”ın bugünkü avrokubok matçına da toxunub.

- Necə oldu ki, Moldova klubuna yollanmaq variantı yarandı?

- Mənim “Dinamo-Avto”ya gəlişimin səbəbkarı klubun idman direktoru Rəsul Allahverdiyevdir. Onunla əvvəldən əlaqəmiz var idi. Məni bura dəvət etdi, təklifi dəyərləndirdim və “Dinamo-Avto”da işə başladım.

- Adətən əcnəbi mütəxəssislərin Azərbaycana gəlməsinə öyrəşmişik. Sizcə, buradan bir çalışdırıcının ölkə xaricinə yollanmasına sevinənlər, yoxsa qısqananlar çox oldu?

- Məncə, sevinənlər çox oldu. Hər bir azərbaycanlı məşqçisinin, futbolçusunun ölkə xaricində çalışmasına sevinər.

- Razısınız ki, azərbaycanlı bir məşqçinin başqa ölkə klubunun sükanı arxasına keçməsi həm qürurvericidir, həm də buradakı klubların biganə yanaşması baxımından ölkə futbolu adına utancvericidir?

- Bu suala qısaca belə cavab verə bilərəm ki, sizinlə razıyam.

- Sirr deyilsə, baş məşqçi kimi maaşınız Azərbaycan klublarındakı həmkarlarınızdan fərqlənir?

- Bəli, Azərbaycan klubları ilə müqayisədə burada maddi imkanlar aşağıdır.

- Debüt oyununuzdaca “Dinamo-Avto”ya mövsümdə ilk qələbəni qazandırdınız. Qısa müddətdə komandanı toparlamaq çətin olmadı?

- Hər bir işin öz incəlikləri var. Futbolun da yazılmamış qanunları var. Əgər onlara əməl olunsa, səni anlayarlar. Belədə də inam yaranır. İnam olan yerdə isə nəticə daha yaxşı olur.

- “Dinamo-Avto” mövsümə mənfi 6 xalla başlayıb. Təklif gələndə buna görə tərəddüd etmədiniz?

- Təklif gələndə klubun cəzalandırıldığını bilirdim. Danışıq zamanı öz fikirlərimi, şərtlərimi çatdırdım. İki günə cavab veriləcəyini dedilər, amma elə bir gün ərzində müsbət cavab gəldi və sentyabrın 7-də artıq Moldovada oldum.

- Moldova çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edə bilərsiniz?

- Demək olar ki, eyni səviyyədədir. İki fərq var. Birincisi, odur ki, Azərbaycanda 10, Moldovada 8 komanda çıxış edir. Orada olduğu kimi, burada da aşkar lider var. Digər fərq Azərbaycanda daha çox pulların oynamasıdır. “Şerif” istisna olmaqla, Moldovadakı klubların büdcələri nisbətən aşağıdır.

- “Dinamo-Avto” hələ də mənfi 1 xalla sonuncu pillədədir. Qarşıya qoyulan məqsəd nədir?

- Qarşıya qoyulan məqsədlərə çata bilərik. Hazırda ancaq bu haqda düşünürəm. İstəyimiz maksimum yaxşı oynamaqdır.

- Komandanızda qabonlu futbolçuların çoxluq təşkil etməsi və avropalıların az olması diqqət çəkir. Bu, büdcə ilə əlaqədardır?

- Klub strategiyaya cavab verən futbolçularla formalaşıb. Yəni bizdə böyük pullar istəyən oyunçu yoxdur. Klub rəhbərliyi tərəfindən axtarışlar hər zaman davam edir. Seleksiyaçılar Afrika ölkələrində də, Türkiyədə də daim fəaliyyətdədir.

- Azərbaycandan ora futbolçu aparmaq fikriniz varmı?

- Ad açıqlamayacağam, amma Azərbaycanda bir futbolçu ilə danışıq aparırıq. O da bura təşrif buyurmağa hazırdır. Çox güman ki, qış fasiləsindən sonra heyətimizdə Azərbaycandan futbolçu olacaq.

- Son günlər ölkə olaraq yenidən ağır günlər keçiririk, şəhidlər vermişik. Müharibədə iştirak etmiş biri kimi qürbət ölkədə bunları eşitmək necə hissdir?

- Mənim üçün ağır sualdır. Bildiyim qədərilə şəhidləri kişi kimi üzbəüz döyüşdə, atışmada yox, ermənilərin xain hərəkətləri nəticəsində vermişik. Allah onlara rəhmət eləsin. Valideynlərinə, əzizlərinə, bütün Azərbaycan xalqına “başınız sağ olsun” deyirəm. Böyük təəssüf hissi keçirirəm ki, belə hadisələr baş verib. Ermənilərə heç vaxt etibar etmək olmaz, onlar hər zaman xəyanətə əl atıblar. Ordumuz da onların cavabını artıqlaması ilə verib. Ancaq təəssüf ki, dünyasını dəyişən şəhidlərimiz artıq bizimlə deyillər. 

- “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşacaq. Şəhidlər verdiyimiz bir vaxtda məhz Qarabağın adını daşıyan komandanın meydana çıxmasının xüsusi önəmi olacaqmı?

- Belə bir vəziyyətdə oynamaq özü komandamız üçün əlavə motivasiyadır. Əminəm, Qurban Qurbanov başda olmaqla bütün kollektiv bugünkü matça özünəməxsus şəkildə - çox ciddi hazırlaşıb. İnanıram ki, layiqli oyunla xalqımızın könlünü oxşayacaqlar. “Qarabağ”a uğurlar arzulayıram.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar