“Atama, 2 qardaşıma və 3 bacıma kömək edə biləcəyim qədər pul qazanmaq üçün futbol oynamaq istəyirəm”

Premyer Liqaya qayıdan “Kəpəz” mövsümə uğursuz start götürsə də, baş məşqçi dəyişikliyindən sonra nəticələrini az da olsa yaxşılaşdırıb. Gəncə təmsilçisi son iki matçda 4 xal toplayaraq autsayderlər zonasından uzaqlaşıb. 

Komandanın yüksəlişində əsas pay sahiblərindən biri də hücumçu Abdullahi Şuaybudur. Baş məşqçi Tərlan Əhmədovun hücumun mərkəzində oynatdığı nigeriyalı artıq aktivinə 4 qol yazdırıb. 

20 yaşlı forvard Sports.az saytına müsahibəsində həm komandasının çıxışını dəyərləndirib, həm də gələcək hədəflərindən danışıb. 

- Yayda “Kəpəz”dən təklif gələndə bu komanda və Azərbaycan futbolu barədə hansısa məlumatın var idi?
- “Kəpəz”dən təklif alanda çox sevindim. Dostuma dedim ki, Azərbaycan variantı var, mənim üçün dua et. Çox düşünmədən bura gəldim. 

- Burda səni ən çox nə təəccübləndirdi?
- Gördüyüm mənzərə ürəyimcə oldu. Hər şeyi çox bəyənirəm. Azərbaycan xalqının demək olar 98 faizi müsəlmandır. Düzü, bu məni ciddi şəkildə təəccübləndirdi. 

- Bəs futbolumuz barədə düşüncələrin nələrdir? Moldova ilə müqayisə edə bilərsən?
- Azərbaycan və Moldova futbolunu müqayisə etmək mümkün deyil. Fərqli liqalardır. Hər iki çempionatın özəllikləri var. 

- Tərlan Əhmədov gəldikdən sonra nə dəyişdi ki, komanda daha yaxşı oynamağa başladı?
- Yeni baş məşqçi müəyyən dəyişikliklər etdi. Bu oyundan-oyuna daha yaxşı görünür və nəticələrimizə sirayət edir. Ancaq mövsüm hələ uzundur. 

- Deyəsən gəncəli azarkeşlər səni çox istəyirlər?
- Sağ olsunlar, bizi daim dəstəkləyirlər. Oyunlarımıza gəlib, nəticədən asılı olmayaraq, komandanın yanında olduqlarını göstərirlər. Gəncədə yaşadığım üçün Allaha şükür edirəm. Burada hər şey gözəldir. 

- Premyer Liqada vurduğun 4 qolu uğurlu performans saymaq olar? Mövsümü neçə qolla bitirməyi hədəfləyirsən?
- Mövsümün sonuna qədər daha çox qol vurmaq istəyirəm. Hazırda aktivimdə 4 qol və 2 məhsuldar ötürmə var. Harada oluramsa-olum, daha yaxşısını etməyə çalışıram. “Kəpəz”də də mümkün qədər çox qol vurmaq və komandamın uğurlu çıxışına töhfə vermək istəyirəm. 

- Tərlan Əhmədov səni hücumun mərkəzində oynadır. Özünüzü hansı mövqedə daha rahat hiss edirsən?
- Karyeramın əvvəlindən üç müxtəlif mövqedə çıxış etmişəm və 7, 9, 11 nömrə kimi oynamağı bacarıram. Nigeriyada da bu mövqelərdə özümü sınamışam. Baş məşqçi harada şans verirsə, orada özümü göstərməyə çalışıram. Hər hansı bir çətinlik hiss eləmirəm. 

- Premyer Liqada ən çox hansı komandanın müdafiəçiləri qarşısında çətinlik çəkmisən?
- 12 oyununun hamısında iştirak eləmişəm. Doğrudur, ilk turlarda bəzən 5, bəzən 15, bəzən də 45 dəqiqə meydanda olmuşam. Bir neçə matçdır ki, 90 dəqiqə mübarizə aparıram. Buna baxmayaraq, sualınızın cavabını vermək üçün hələ tez olduğunu düşünürəm. İkinci dövrədən sonra konkret fikir bildirə bilərəm. 

- Yayılan məlumata görə, Azərbaycanda ən az maaş alan əcnəbi futbolçulardan birisiniz. Sirr deyilsə, məvacibiniz nə qədərdir?
- “Kəpəz”dəki maaşımdan narazı deyiləm. Bu məbləğlə öz ehtiyaclarımı qarşılayıram, qardaşlarıma, dostlarıma və ailəmə kömək edə bilirəm. 

- Hələ cəmi 20 yaşınız olduğunu nəzərə alsaq, yəqin ki, gələcəklə bağlı hədəfləriniz var.
- Hər bir futbolçunun hədəfi var. Mən də gələcəkdə İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və ya İtaliya A seriyasında oynamaq, gücümü Çempionlar Liqasında sınamaq istəyərəm (gülür). 

- Azərbaycandakı karyeranla bağlı planların nələrdir?
- Gələcəyimlə bağlı oynadıqca qərar verəcəyəm. Anam 6 il əvvəl vəfat edib. İndi yalnız atama, 2 qardaşıma və 3 bacıma kömək edə biləcəyim qədər pul qazanmaq üçün futbol oynamaq istəyirəm. 

- Premyer Liqanın növbəti turunda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqibin itkisiz irəliləməsi sizi qorxutmur? 
- Məni niyə qorxutsun? Hamımız futbolçuyuq və 11-11-ə oynayırıq. Məncə, “Qarabağ”a qarşı çıxış etmək yaxşı haldır, nəsə öyrənə bilərik.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar