Sports.az-dakı ilk yazının müəllifi ilə müsahibə

Düz bir il əvvəl Sports.az saytı fəaliyyətə başladı. Saytda ilk yazının müəllifi Vüqar Məmmədov oldu. Onun gözəl qələmi və futbola böyük sevgisi var. Ölkənin tanınmış idman saytlarında, qəzetlərində zaman-zaman dəyərli fikirlərini bölüşür. Qubada yaşayır və uşaq komandasına məşqçilik edir. Vətən müharibəsində oğlu Ülvü Məmmədov torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda qəhrəmancasına şəhid olub. 

Vüqar Məmmədov bilikli, savadlı, gözəl qələmi və analitik təfəkkürü olan kadrdı.  Onunla söhbətləşmək hər zaman maraqlıdı.

- Sosial şəbəkələrdə futbolla bağlı maraqlı statuslar az yazırsan?  İşlər çoxalıb deyəsən?
- Hə, işlərim çoxdur. Yazı yazmaq mənim üçün bir hobbidir. Peşə deyil. Təbii ki, peşə kimi də baxa bilərdim. Amma indiyədək hər hansı ciddi təklif olmayıb. Gəlirim başqa sahələrdən olduğundan boş vaxtım olanda yazıram. Son zamanlar işim çoxaldığından vaxt məhdudiyyətinə görə daha az yazıram. Yazı prosesi özü insana çox kömək edir. Səhv etmirəmsə, Lev Tolstoy depressiyanı yazı yazmaqla dəf edib. 

Yazını təkcə özümü rahat hiss etmək üçün yazmıram. Düzdü bu da var. Amma əsas başqa səbəbdir. Mən uşaqlıqdan futbol azarkeşiyəm. Qırx ildi bu sahəni fanatikcəsinə izləyirəm. Futbolda mənim bilmədiyim az şey var. Futbolumuzun hazırkı durumu bir çox futbol azarkeşi kimi məni də qane etmir. Bu səbəbdən yazmaqda məqsədlərimdən biri də bu sahənin inkişafına hansısa şəkildə kömək etmək istəyimdir.

- Sən universal adamsan. Xüsusən idmanla bağlı müxtəlif işlərdə çalışmısan. Amma görünən budur ki, tam ürəyincə olan bir səmt tapa bilmirsən?
- Özümü daha çox futbol sahəsində məşqçi kimi görürəm. Düşünürəm ki, bunu bacararam. Amma futbol sahəsi cəngəllikdir, başa düşürəm ki, keçmişdə futbolçu kimi peşəkar karyerası olmayan adama asanlıqla iş verən olmaz. Onu da başa düşürəm ki, özümü sübut etməliyəm. Bu məqsədlə 2010-cu ildə AFFA-nin məşqçi kurslarına qatılmışam və hazırda C lisenziyası almışam. O dövrdən üzü bəri bir neçə dəfə uşaqlarla məşğul olmuşam. AFFA-nın keçirdiyi uşaq liqalarında iştirak etmişəm. Lakin müxtəlif səbəblərdən bu davamlı olmayıb. Hazırda yaşadığım məkanda boş vaxtlarımda uşaqlara məşq keçirəm. AFFA-nin təşkil etdiyi yarışlara qatılmaq fikrindəyəm.

- Özünün ən çox ürəyindən keçən həvəsin olan iş hansıdır?
- Bu barədə əvvəlki sualda qeyd etdim. Düşünürəm ki, məşqçilik mənim potensialımın realizasiyası üçün ən uyğun sahədir.

- Paytaxtdan və ya başqa rayondan iş təklifi gəlsə qəbul edərsən?
- Təbii ki, qəbul edərəm. Amma mən realistəm.

- Ümumiyyətlə necə düşünürsən, futbolun inkişafı üçün ilk növbədə nə lazımdı?
- Bu geniş mövzudur. Qısaca qeyd etmək istəyirəm ki, futbol bütün ölkəni əhatə etməlidir. Nəinki, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbələrdə, kəndlərdə futbol çempionatı keçirilməlidir. Bu hərtərəfli faydalıdır. Həm sağlam gələcək, həm də infrastrukturun yaradılması baxımından. Bundan başqa ən vacib sahə uşaq futboludur. Burada işlər düzgün qurulmalıdır. Mən təxminən 10-15 il öncə uşaq liqalarında hakimlik edirdim. O zaman keçirilən yarışlara baxıb düşünürdüm ki, 10-15 il sonra Azərbaycanda futbolçu əlindən yer olmayacaq, xaricə futbolçu ixrac edəcəyik. Lakin 10-15 il keçib, Azərbaycan futbolunun Avropada orta səviyyəli bir yetirməsi belə yoxdur. Millinin start heyətinə baxırsan, əksəri başqa ölkələrin uşaq futbol məktəblərinin yetirmələridir.

- Gözəl qələmin, savadın, analitik təfəkkürün var. Amma çox az yazırsan. Belə deyək, tam qüvvəylə çalışmağın üçün nə çatmır?
- Yazı yazmaq ən asan işdir və tamamilə stressizdir. Məşqçilik isə çox əsəb tələb edən və gərgin sahədir. Buna baxmayaraq mən özümü məşqçilikdə görürəm. Jurnalistika ilə isə peşəkar səviyyədə məşğul olmaq fikrində deyiləm. Hər halda indi düşüncəm belədir.

- Sports.az saytında ilk yazı sənin olub. Düz 1 il keçdi... Saytı və ümumiyyətlə idman mediamızı necə görmək istərdin?
- İstedadlı adam istedadını satmaq üçün məkan axtarır. Bu tamamilə normaldır. İnsan maddi varlıqdır. Ən azı qidasını, yaşayışını təmin etməlidir. Buna görə də vaxtı ilə özünə investisiya qoyub əldə etdiyi biliyini, bacarığını satmalıdır. Mətbuatda isə bu istedada qiymət verən, onu alan yoxdur. Bu səbəbdən də bacarıqlı adamlar başqa sahələrə üz tuturlar.

Artıq qəzetlər ziyanla işləyir. Bu bizdə yox, bütün dünyada belədir. Yəni qəzet satış vasitəsi ilə özünü dolandıra bilmir. Saytlara gəlincə onların gəliri reklamdan olduğundan qismən də olsa asılı  vəziyyətə düşürlər. Məsələn, onlar reklam verəni tənqid edə bilmirlər. Əks halda əməkdaşlıq dayandırıla bilər.



Bir tərəfdən də sosial şəbəkələr var. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu gedişat mətbuat üçün yaxşi bir şey vəd etmir. Çıxış yolu varmı? Çətin sualdı. Bunu mətbuatın öndə gedənləri, düşünə bilən “beyinləri” oturub müzakirə edərək bəlkə çıxış yolu tapa bilərlər.

- Depresiya haqda danışdın. Çox ağır dönəm yaşadın. Əyalətdə bu durumdan çıxmaq böyük şəhərlə müqayisədə daha çətindi. Meqapolisə köçmək, paytaxtda yaşamaq haqda heç düşünmüsən?
- Əvvəla onu deyim ki, indi də ağırdı. Amma bu ağırlığa uyğunlaşıb yaşayırsan. Zaman bütün yaraları sağaldır deyirlər. Bilmirəm bu yaranın sağalması nə qədər düzgündür? Çünki yaranın sağalması o deməkdir ki, buna səbəb olan hadisəni unutmusan. Qəbul etmək istəmirəm. Düzü hələ də nə baş verdiyini tam dərk etmirəm. Sanki özümə keyləşdirici iynə vurub yaşayıram. Tam dərk edə bilsəm, daha çətin, hətta dözülməz olar. 

Meqapolisə köçmək məsələsi belədir ki, böyük şəhərlərdə imkanlar daha geniş olur. Şəhər hərəkətliliyi, dinamikliyi insanı daha çox çalışmağa, daha az düşünməyə sövq edir. Bu baxımdan nəzərə alsaq ki, yaşım az deyil və özümü realizə üçün vaxtım da çox qalmayıb belə imkan olsa imtina etmərəm. 

- Futbol və mediamız haqda düşüncələrin o qədər də nikbin deyil. Amma dövlət yetərincə yaxşı büdcə ayırır. İndi tədricən futbol rəhbərliyində dəyişiklik gözlənilir. Necə düşünürsən, faydası olacaqmı?
- Biz kapitalizm və yaxud bazar iqtisadiyyatı adlanan sistemdə yaşayırıq. Bu sistemdə futbol təsərrüfatında klublar müstəqil olmalı və federasiyaya üzvlük haqqı ödəməlidirlər. Bizdə isə  əksinədir. Nəinki klublar vəsait ödəyir, əksinə, alırlar. Bu bir tərəfdən başadüşüləndir. Ölkənin əsas gəlir sahəsi neftdəndir ki, bu da dövlətə məxsusdur. Bu baxımdan ölkəmizin tam bazar iqtisadi sisteminə keçmədiyini deyə bilərik. Buna keçid iqtisadi sistemi də demək olar. Nə qədər davam edəcəyi də məlum deyil.

Bunları nəzərə alaraq  dövlətin klublara vəsait ayırmasını da başa düşmək olar. Ayrılan vəsait düzgün xərclənərsə klub futbolunun inkişafına təkan olacağını düşünürəm. Amma uşaq futbolu haqqında eyni sözləri demək olmaz. 

- Uşaq komandandan bir az ətraflı bəhs edə bilərsən? Uşaq futbolunda hansı problemləri görürsən?
- Çox problemlər var. Hamısını qeyd etmək istəmirəm. Kublar bu sahəyə o qədər də ciddi diqqət ayırmır. Uşaq məşqçilərinin maaşı çox aşağıdır. Onların nə qədər bacarıqlı, səriştəli olub-olmaması ciddi araşdırılmır. Uşaq futbolu bir elmdir. Bu sahədə çalışmaq üçün bir çox sahədən məlumatlı olmalısan, təkcə futbolu bilmək kifayət etmir. 

Uşaqlar böyüdükcə məkanları daralır,  oynamağa klub tapa bilmirlər. Bu baxımdan üç peşəkar liqanın yaradılması, üstəgəl Region Liqası bu meydanı bir qədər genişlədəcək. Düşünürəm ki, futbolumuzun inkişafını istəyiriksə, gələcəkdə bu meydanı daha da genişləndirməliyik.

Bundan başqa ,18 yaşa çatan yeniyetmələrin əskərliyə çağırılması və onların ilyarım futbolsuz qalması da təsirsiz ötüşmür...

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar