Azər Bağırov "Araz Naxçıvan"dan istefa verir? - Özü açıqladı

Azər Bağırovu futbolçu dövründən qiyabi tanıyıram. Şəxsi tanışlığımız isə bu ilin mayında Four Seasons Hotel-də keçirilmiş "Sports.az Awards" mükafatlarının təqdimetmə mərasimində oldu. Bağırovun elitaya yüksəltdiyi "Araz Naxçıvan" ötən mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu seçildi. Naxçıvan təmsilçisinin Premyer Liqadakı startı da çox yaxşı alındı.
Amma son dövrlər mediada komandada problemlərin yaşanması haqda xəbərlərə rast gəlirik. Deyilənə görə klub rəhbərliyinin maddi durumu ürəkaçan deyil, buna görə də futbolçulara ya çox cüzi məbləğdə mükafatlar verilir, ya da ümumiyyətlə, heç nə verilmir. Bu isə mövsümə uğurlu başlanğıc edən komandanın daxilində ab-havanı korlayıb. Futbolçular artıq əvvəlki performansı sərgiləmir. "Araz Naxçıvan"ın uğurlarının baş memarı və baş məşqçisi Azər Bağırov isə tutduğu vəzifədən istefa verməyi düşünür.
Bağırovla geniş müsahibənin ikinci hissəsində bu və başqa suallara aydınlıq gətirməyə çalışdıq.


- Mövsümə əla başlayan komandanıza bəzi uğurlu oyunlara görə həddən artıq az mükafat verilməsi və ya ümumiyyətlə, verilməməsi futbolçuların buna görə ruhdan düşdüyü bildirilir. O cümlədən "Sumqayıt" və "Kəpəz"ə uduzulan matçlarda oyunçularınızı tanımaq olmurdu...
- Hər bir komandada uğurlu dövr olduğu kimi, əksi də mümkündür. Bizdə bu "Sumqayıt" və "Kəpəz"lə qarşılaşmalara təsadüf etdi. Mövsümöncəsi təlim-məşq toplanışı keçməməyimizi və s. bəhanə gətirmək istəmərəm. Uğursuzluq varsa bu birbaşa mənim səhvlərimə görədi. Amma dediyim kimi hər komandanın mütləq zəif oyunu da olur. "Sumqayıt"la bu mövsüm hələ iki mücadiləmiz qalıb...

- "Kəpəz" büdcəsinə görə "Araz Naxçıvan"dan geridə qalan yeganə komanda olsa da, heyətində Papunaşvili kimi ulduz futbolçular da var...
- Tamamilə razıyam. "Kəpəz"də həm yaxşı futbolçular var, həm də heyət bir-birini daha yaxından tanıyır. Xüsusən, hücum xətti rəngarəngdi.
...Amma biz istənilən halda "Kəpəz"ə qalib gəlməli idik. Oyunun əvvəli əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik, sonra əks-hücumda buraxdığımız 1 qol hər şeyi alt üst etdi. Bu futboldu. Bəzən gözlədiyin olmur.
"Neftçi" ilə əzmkar heç-heçədən sonra bu situasiyadan çıxdığımıza inanıram.

- Sanki, futbolçularınızda bir performans enişi müşahidə olunur. Məsələn, Kuzmanoviçi tanımaq olmur...
- Komanda ilə bağlı dediyim məsələ futbolçulara da fərd olaraq aiddi. Heç bir oyunçu daim əla performans sərgiləmir.
Kuzmanoviç etibar etdiyim futbolçudu. Miço komandanın lideri olmağa layiqdi. Düşünürəm ki, onun "Araz Naxçıvan"ın heyətində ən yaxşı oyunları hələ qarşıdadı.



- "Araz Naxçıvan"ın büdcəsini nəzərə alsaq, qış fasiləsində aparıcı futbolçularınızı itirə bilərsiniz...
- Qış fasiləsinəcən uğurlu çıxış etsək, düşünürəm ki, heç bir futbolçumuz komandanı tərk etməz, əksinə, yenilər də gələr. Mən qışda ən azı 4 futbolçu ilə güclənməyimizi istəyirəm. Bu 3 yerli, 1 əcnəbi və ya 2 yerli, 2 əcnəbi ola bilər.

- Mediada "Araz Naxçıvan"da maliyyə probleminin yarandığı haqda xəbərlər çıxır...
- Problemdən danışan adam deyiləm. Sadəcə, çətinlik olduğu zaman həll yolunu tapmağa çalışıram. Maliyyə problemi ilə bağlı hər hansı klub rəsmisi və ya futbolçumuz tərəfindən heç vaxt rəsmi fikir bildirilməyib. Söz verilən mükafatları almışıq. İnşallah, gələcəkdə də uğurlu nəticələr olsa, hansısa problemin yaranacağına inanmıram.

- Zaur Axundovla münasibətiniz necədi?
- Bir-birimizi "Keşlə"dən tanıyırıq. Orda münasibətlərimiz çox yaxşı idi. "Araz Naxçıvan"la birinci divizionda olanda da, hərdən danışırdıq, bayramlarda təbrik edirdik. Ümumilikdə, münasibətlərimiz həmişə yaxşı olub. İndi də ara-sıra görüşürük, öz məsləhətlərini verir. Adam 20 ildi futboldadı, bu sahədə xidmətləri var. Nəyisə öyrənmək heç vaxt ayıb deyil. Elə bir informasiya ola bilər ki, gələcəkdə sənə yol açar.



- Bəzən klub rəhbərləri məşqçilərin işinə müdaxilə edir...
- Tanıyanlar bilir ki, o xarakterdə adam deyiləm. Azad işləməyi xoşlayıram.
Sözüm hər şeydən üstündü. Nəsə deyirəmsə onu etməyə çalışıram. Edə bilməsəm o keyfiyyətim də var ki, sakitcə sağollaşım...

- Ötən mövsüm 1-ci liqanın qalibi etdiyiniz və yeni mövsümə gözlənilmədən uğurlu start verdiyiniz "Araz Naxçıvan"dan getməyi düşündüyünüz haqda xəbərlər var...
-  Dediyim kimi, nələrisə etməyə gücüm çatmasa sağollaşa bilərəm. Amma bu gün "Araz Naxçıvan"dayam və komandanın uğurları üçün çalışıram.

Anar Şabanoğlu

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar