"Qarabağ" "Gent"i üstələməklə növbəti mərhələyə keçəcək"

"Sumqayıt" - "Şamaxı" matçından sonra bölgə təmsilçisinin məşqçisi Cavid Hüseynovla “Football-plus.az” saytına müsahibə verib.

Sports.az xəbər verir ki, o, həm bu görüşü, həm də ümumilikdə son 4 oyunda komandasının çıxışını və yeni transferləri dəyərləndirib:

- Bu gün yetərincə qol imkanınız olsa da, yararlana bilmədiz. Rəqib isə bir qol vurmaqla qələbə qazandı...
- Heyətimiz gənc futbolçulardan təşkil olunduğundan matçın əvvəlindən vəziyyətə nəzarət etməkdə çətinlik çəkirik. Lakin qol buraxandan sonra toparlanaraq koordinasiyalı oyun sərgiləyirik. İlk hissədə qarşıya qoyulan tapşırığı yerinə yetirə bilmədik. Lakin fasilədən sonra meydanda dominantlıq edən tərəf idik. Məşqlərdə üzərində çalışdığımız oyun tərzini meydanda göstərdik. Rəqibi öz qapısına sıxıb çoxsaylı qol imkanları yaratsaq da, son nöqtəni qoya bilmədik. Zamanla daha yaxşı çıxış edəcəyik.

- Elvin Məmmədov müəyyən müddətdən sonra sıraya döndü. Kapitanın çıxışı barədə nə deyərdiz?- Elvin 15-ci turun "Kəpəz"lə matçında zədələndi. Ona görə də qış fasiləsinə kimi oyunlara çıxa bilmədi. Təlim-məşq toplanışı zamanı da kapitanımız tam hazırlaşa bilmədi. Bu gün ona şans verdim. Amma hələ 90 dəqiqə oynamaq iqtidarında deyil. Düşünürəm ki, zamanla formaya düşəcək.

- İbrahim Aslanlı çox az şans qazanan oyunçularınızdandı. Amma bu gün ona start heyətində yer verdiz və özünü yaxşı tərəfdən göstərdi.
- Heyətimiz əsasən gənclərdən təşkil olunsa da, hər bir futbolçuya şans verməkdə, onların potensialını üzə çıxarmaqda maraqlıyıq. İstər məşq proseslərində, istərsə də fərdi və kollektiv söhbətlərimizdə hər şeyin özlərindən asılı olduğunu deyirik. Sözümün canı budu ki, hansı futbolçuların çıxışında irəliləyiş olsa, onu dərhal qiymətləndirəcəyik. İbrahim də son məşqlərdə üzərində çox çalışırdı. Bu gün də start heyətində yer verdik, 86 dəqiqə oynadı. Özünü yaxşı tərəfdən göstərdi. Amma daha yaxşı oynamaq üçün çalışmalıdı.

- Yeni transferlər haqda nə deyə bilərsiz?
- Qış fasiləsində heyətimizə qatdığımız futbolçuların oyununa, potensialına bələd olub, bəyənib sıralarımıza cəlb etmişik. Məşqlərdə çox çalışırlar, amma hələ 100 faiz hazır deyillər. Oyun üslubumuzu tam mənimsəyə bilməyiblər. Amma oyundan-oyuna onların daha yaxşı performans göstərəcəklərinə inanıram.

- Son 4 oyunda komandanız 1 qələbə qazanıb, 3 məğlubiyyətlə üzləşib…
- Yerli gənc futbolçulardan təşkil olunmuşuq. Əsas məqsədimiz oyun planında maksimum artırmaqla məzmunlu, kreativ üslub yaratmaqdı. Rəhbərlik də qarşımıza yalnız bir öhdəlik qoyub - gənc, yerli futbolçuların inkişafına nail olmaqla ölkə futboluna təkan vermək. Sırf nəticəyə fokuslansaq, oyun planında tənəzzül yaşayacağıq. Nəticədə bütün əziyyətimiz puç olacaq. Bizim üçün əsas oyun üslubunu qoruyub inkişaf etdirməklə nəticə qazanmaqdı.

- Qarşıdan "Qarabağ"ın "Gent"lə avrokubok matçı gəlir. Sizcə, təmsilçimiz sevinən tərəf olacaq?
- "Qarabağ"a həmişə inamımız var. Bu inamı da komanda sərgilədiyi oyunları və uğurlarıyla qazanıb. İnanıram ki, Ağdam təmsliçisi "Gent"i üstələməklə növbəti mərhələyə keçəcək. Qurban müəllim başda olmaqla bütün "Qarabağ" kollektivinə uğurlar arzu edirəm.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar