“Öncəliyimiz akademiyadı” - Ehtiram Quliyev

Bu gün “Turan Tovuz”la əməkdaşlıq müqaviləsi imzalayan “Huner Group”un təsisçisi Ehtiram Quliyev Premyer Liqa təmsilçisi ilə razılaşma üçün klub rəhbərliyinə və yerli icra hakimiyyətinə təşəkkürünü bildirib.
Sports.az xəbər verir ki, o, bu gün baş tutan tədbirdə bunları söyləyib:
“Qardaş Türkiyədə baş vermiş faciə ilə bağlı dərin hüzn içindəyik. Cənab Prezidentimizin çağırışından sonra kütləvi şəkildə yardım kampaniyalarına qoşulduq. “Huner Group”, fiziki olaraq Ehtiram Quliyev dəstək olmağa çalışdıq. Tədbirimiz əvvəldən planlaşdırılmışdı. AFFA rəhbərliyinə, FİF-ə, rayon icra hakimiyyəti rəhbərliyinə təşəkkür edirəm. Klubda yaradılmış şərait bizi çox qane etdi. “Turan Tovuz” idarəçiliyi uzun müddətdir, burada fəaliyyət göstərir. Dövlətin dəstəyi ilə klub yenidən Premyer Liqadadır. Yaydan FİF-lə danışıqlara başladıq. Tərəddüdlərimiz, suallarımız var idi. Yorulmadan suallarımızı cavabladılar. Bura yığışmağımızda böyük əmək FİF-ə düşür. Onlara təşəkkür edirəm. İqtisadiyyatımız, ölkəmiz güclənir. Bu gün sponsor şirkətlərimiz yaranır. 1992-ci ildə, o çətin şəraitdə rayonda klub yaradılıb. Vidadi müəllimin adı tarixə qızıl hərflərlə yazılıb. Bir azarkeş olaraq bunu heç zaman unutmayacağıq. Hər birinizə təşəkkür edirəm”.
Ehtiram Quluyev idman nailiyyəti üçün futbola gəlmədiklərini deyib: "Komanda sonuncu yeri tutub birinci divizion düşsə belə, bizim müqaviləmiz davam edəcək. Burdan şirkətlərə də müraciət edirəm. Digər sahibkarlara da qısa müddətdən sonra maraq yaranacağına ümid edirəm".
"Huner Group"un rəhbəri ən qısa vaxt ərzində tablo və işıqlandırma sistemi ilə bağlı işlər görəcəklərini söyləyib: "Yaxın vaxtlarda bunu həll etməyə çalışacağıq. Bu, mənim də diqqətimi cəlb etdi. Düzdür başqa çatışmazlıqlar da var. Amma ilk imkandaca tablo və projektor problemini həll etməyə cəhd edəcəyik".
Ehtiram Quliyev bu klubu seçmələrində komandanın adının "Turan" olmasını qeyd edib: "Turan" elə bir addır ki, bu komandaya kömək etməmək mümkün deyil. Artıq öncəliyimiz “Turan”dı, bu klubun futbol akademiyasıdı".





























