Sərxan Hacıyev: “Dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik”

U-20 millisi Qəbələdəki toplanışla gələcək hazırlıqlara zəmin yaradır.
Sports.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə keçirilən təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşərkən deyib.
O bildirib ki, komanda aprelin 13-dən etibarən hazırlıq prosesinə başlayıb və sabah məşqlərin son günü olacaq: “Toplanış müddətində iki futbolçu zədələndi. Onlardan biri məşqlər başlamazdan əvvəl, digəri isə məşq zamanı xəsarət aldı. Zədələnən oyunçulardan birinin əvəzinə başqa klubdan futbolçu dəvət etdik. Hesab edirik ki, bu toplanış gələcək hazırlıq baxımından faydalı olacaq”.
S.Hacıyev növbəti təlim-məşq toplanışının may ayının sonlarından başlayaraq təxminən iki həftə davam edəcəyinin planlaşdırıldığını diqqətə çatdırıb. O vurğulayıb ki, cari toplanış tanışlıq və yoxlanış xarakteri daşıdığından yoxlama oyunları keçirilməyib: “Yoldaşlıq görüşlərinin növbəti toplanış zamanı təşkili nəzərdə tutulur. Lakin bu oyunların yerli və ya beynəlxalq rəqiblərlə keçiriləcəyi hələ dəqiqləşməyib”.
İcraçı vitse-prezident 2027-ci ildə ölkəmizdə təşkil olunacaq U-20 dünya çempionatına hazırlıq işlərinin davam etdiyini bildirib: “Müxtəlif qurumlarla sıx əməkdaşlıq edirik. Yaxın günlərdə həm oyunların keçiriləcəyi məkanlar, həm də tarixlər açıqlanacaq. Final görüşünün harada təşkil olunacağı ilə bağlı özbəkistanlı nümayəndələrlə danışıqlar aparılır. AFFA olaraq final matçına ev sahibliyi etmək niyyətindəyik”.
S.Hacıyev əlavə edib ki, U-20 millisinin məşqçi heyəti tərəfindən AFFA-ya 17 aylıq hazırlıq planı təqdim olunub: “Bu plan əsasında komandanın dünya çempionatına hazırlıq prosesi izlənilir. Bu məsələ bizim üçün prioritetdir”.
O, həmçinin ölkə xaricində çıxış edən futbolçuların toplanışa cəlb olunması istiqamətində işlərin aparıldığını bildirib: “Cari toplanışa Türkiyə, Almaniya və İsveçdə çıxış edən futbolçuları dəvət etmək istəyirdik. Lakin onların liqa oyunları davam etdiyindən bu mümkün olmadı. Gələcəkdə bu istiqamətdə danışıqlar davam etdiriləcək”.





























