“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Bizon Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah”la cavab oyunundan sonra baş verənlərə münasibət bildirib.
Sports.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sosial şəbəkədə yayılan videonun şərh bölməsinə bunları yazıb:
“Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:
Mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı? 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız bir nəfər haqlı olsun?
Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?
Və xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!
Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.
Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyüş deməmişəm. Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir.
Fikirləşin”.
“Sabah”la oyunun ardından Yankoviçin matçın baş hakimi Rəvan Həmzəzadənin üzərinə getdiyinə dair video yayılıb.





























