“Artıq qarşımıza qoyulan məqsədə çatdıq” - Vernidub

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sabah”ın qonağı olub.
Sports.az xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.
Ukraynalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyun və Konfrans Liqasına vəsiqə qazanmaları haqda belə deyib:
“Çox gözəl bir axşam idi. Artıq biz qarşımıza qoyulan məqsədə çatdıq.
Mən Bakıya gələndə qarşıma belə bir tapşırıq qoyulmuşdu ki, “Neftçi” sonda avrokuboklarda çıxış etsin. Dördüncü yerdən çox aralı olduğumuzu bilirdim, həmçinin, onu da başa düşürdüm ki, qarşıda hələ çox oyunumuz olacaq. Və mən bilirdim ki, qarşımda duran tapşırıq çox çətindir. Həmçinin, bilirdim ki, çox çalışsaq, öhdəsindən gələ biləcəyik. Səmimi deyirəm ki, mən bu gün çox xoşbəxtəm.
İlk olaraq, hər bur futbolçu ilə fərdi söhbətlər apardım. Daha sonra nizam-intizamı qaydasına saldıq. Çünki biz anlayırıq ki, “Neftçi” bütün oyunları “bir nömrə” kimi keçirməlidir. Anlayırdıq ki, bu komanda “Sabah” və “Qarabağ” kimi yaxşı çıxış etməlidir. Mən də ilk olaraq oyunçulara inandım, onlar da mənə. Və sonda Allah da bizim əziyyətimizin bəhrəsini verdi. Rəhbərliyə təşəkkür edirəm ki, bizə çox dəstək oldular. Bu dəstək çox önəmlidir.
Mən bu komandaya gələndə oyunçulara dedim ki, mövsümün sonuna qədər heç bir dəyişiklik olmayacaq. Belə oldu. Heç bir futbolçu ilə yolları ayırmadıq. Amma əlbəttə ki, avrokuboklarda yeni oyunçulara ehtiyacımız olacaq. Çünki mən istəmirəm ki, mübarizəni tez dayandıraq. Onu da bildirməliyəm ki, biz həqiqətən çox çalışmalıyıq. Bilirik ki, uğur qazanmaq üçün böyük əmək sərf etməliyik”.





























