“Komanda haqda mənfi söz deyə bilmərəm”

“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Misli Premyer Liqasının 32-ci turunda "Zirə"yə məğlub olduqları matçdan (1:2) sonra oyun barədə fikirlərini bildirib.
Sports.az xəbər verir ki, mütəxəssis məğlubiyyətə rəğmən komandasının meydandakı əzmkarlığından və nümayiş etdirdiyi xarakterdən razı qaldığını bildirib:
"Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Bu gün meydana gənc oyunçularla çıxdıq və bu matç uşaqlar üçün böyük bir məktəb oldu. Təbii ki, xal da qazana bilərdik, amma təəssüf ki, alınmadı. Hesab edirəm ki, komanda bu gün öz maksimumunu etdi. Komandam haqqında heç bir mənfi söz deyə bilmərəm, çünki uşaqlar meydanda bütün potensiallarını ortaya qoydular".
Mütəxəssis turnir cədvəlindəki mövqelərinin önəmini və son turla bağlı hədəflərini açıqlayıb:
"Çempionatı 6-cı, yaxud 7-ci yerdə başa vurmaq heç də eyni deyil. Qarşıdakı matç mövsümün son oyunu olsa belə, bizim üçün çox vacibdir. Son oyunumuz "Qarabağ"a qarşı Sumqayıtda olacaq. Maksimum performansımızı ortaya qoymağa çalışacağıq"





























